Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün ən önəmli və vacib hadisələrindən biri onun təşəbbüsü və iradəsi ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş respublika konstitusiyasında ana dilimizə dövlət dili statusu verilməsi olmuşdur. Məhz bundan sonra ictimai-siyasi həyatdan sıxışdırılmaqda olan Azərbaycan dili geniş işləklik qazanmış, bu proses milli varlığımızı qoruyub yaşatmağın baş xəttinə çevrilmişdir. Təsadüfi deyildi ki, 13 il sonra dövlət müstəqillik qazananda artıq ana dili cəmiyyət həyatında hakim dil səviyyəsinə yüksəlmişdi.
Bu gün 50 milyonluq xalqımızın milli-mənəvi dünyasının əsas göstəricisi və ən yüksək dəyəri ümummilli ünsiyyət vasitəsi olan Azərbaycan dilidir. Bizi bütün dünyada tanıdan və yaşadan məhz min illərdən bəri formalaşıb ümumxalq ünsiyyət vasitəsi olan və zəmanəmizdə dövlət dili səviyyəsinə yüksələn ana dilimizdir. Bu mənəvi sərvət tarixin sərt sınaq və mübarizələrində babalarımızın qanı, canı bahasına qorunub-yaşadılmış, bu günümüzə çatdırılmışdır.
Ulu öndər Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi lider kimi fəaliyyətinin təməlində milli-mənəvi dəyərlərimizə sədaqət, bu sferanın qorunub zənginləşdirilməsinə ali səviyyədə qayğı və diqqət aparıcı yer tutmuşdur. Sovet hakimiyyəti illərində bu məsələ nə qədər çətin olsa da, Ümummilli Lider bu taleyüklü vəzifəni böyük məharətlə gerçəkləşdirmişdir. Azərbaycan dilinin cəmiyyət həyatında geniş işləkliyinin təmin edilməsi və dövlət dili kimi inkişaf etdirilməsi də daim böyük rəhbərin diqqət mərkəzində olmuşdur. Xalqını, Vətənini və doğma dilini əsl övlad məhəbbəti ilə sevən və bu ali dəyərlərə ən yüksək səviyyədə xidmət göstərən Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə ana dilinin qorunmasına, inkişaf etdirilməsinə, davamlı olaraq zənginləşdirilməsinə, bu sahə üzrə çoxsaylı mütəxəssislər hazırlanmasına xüsusi qayğı ilə yanaşır, bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi.
Son 19 ildə Ulu Öndərin gördüyü işləri digər sahələrdə olduğu kimi, ana dilimizin qorunması və inkişafı istiqamətində də sədaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin gerçəkləşdirdiyi kompleks tədbirlər sayəsində Azərbaycan dilinin geniş tətbiq edilməsi, sərbəst şəkildə inkişafı üçün hər cür şərait yaradılıb. Dilimizin bu günkü inkişaf səviyyəsi və zənginliyi imkan verir ki, mürəkkəb və dərin fikirləri, düşüncələri, hissləri, incə çalarları aydın tərzdə ifadə edək. Söz bazasının bol olması, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları ana dilimizin qədim tarixini, inkişafının bu günkü zirvəsini və kamilliyini bir daha təsdiqləyir.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının əməkdaşı