26 iyul 2022 01:53
798

Naxçıvan Muxtar Respublikası: hədəflər, inkişaf, nəticələr

Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında özünəməxsus yer tutan, zəngin mədəniyyəti, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Aparılan məqsədyönlü və ardıcıl iqtisadi siyasət nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası çox sürətlə inkişaf edir.

Son illərdə dinamik iqtisadi inkişafı səciyyələndirən əsas cəhətlərdən biri muxtar respublikada sənayenin üstün inkişafının təmin edilməsi olmuş, sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılmışdır. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlmiş, muxtar respublikada 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamış, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlər hesabına ümumi dəyəri 112 milyon 509 min manat olan 279 sənaye layihəsi maliyyələşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci ilin “Sənaye ili” elan olunması bu sahədə işləri daha da genişləndirmiş, sənayeləşməni sürətləndirmişdir. Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda prioritet istiqamətlər – sənaye potensialının, eləcə də sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, ixracyönümlülüyün və rəqabətqabiliyyətliliyin təmin edilməsi, təbliğat və təşviqat işləri müəyyənləşdirilmişdir.

Bu istiqamətlərə uyğun olaraq cari ilin ötən dövrü ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, yerli xammala əsaslanan istehsal sahələrinin qurulması, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə 67 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin, salfet, spirtli içki, yun iplik, kiçik kənd təsərrüfatı alətləri istehsalları sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən cari ilin ötən dövrü ərzində 10 layihənin maliyyələşdirilməsinə 4 milyon 775 min manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulu üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. İqtisadi inkişafın lokomotivi sayılan sənayenin inkişafının muxtar respublikamızda yeni mərhələyə qədəm qoyması, bu sahədə uzun illər aparılan islahatlar, yeni yaradılan istehsal müəssisələri və bununla həm də məşğulluğun təmin edilməsi belə deməyə əsas verir ki, bir vaxtlar aqrar region kimi tanınan qədim diyarımız artıq güclü sənaye potensialı olan bir məkana çevrilib. Sənayenin uğurlu inkişafı birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmişdir. 

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Sənaye ili” elan edilmiş 2022-ci ilin ilk rübündə də davam etdirilmişdir.

Cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin ilk rübündə sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 3,8 faiz, nəqliyyat sektorunda yük daşınması 1,4 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artmışdır.

Aparılan araşdırmalara diqqət etsək görərik ki, Naxçıvan siyasi və iqtisadi modernləşmənin həyata keçirilməsində çox qətiyyətli addımlar atmış, təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensial fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edilmişdir. Bunun məntiqi nəticəsi olaraq iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldı, bu vacib sahə yeni inkişaf mərhələsinə qədəm qoydu. Əsas hədəflər yeni meyarlara cavab verən müəssisələrin yaradılması, onların texnoloji dəyişikliklərə, qlobal çağırışlara uyğun qurulması, istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyanın əhatə dairəsinin daha da genişləndirilməsindən ibarət idi. Görülən məqsədyönlü tədbirlərin nəticəsi 2004-cü illə müqayisədə 2021-ci ildə ümumi daxili məhsulun 13 dəfə, adambaşına düşən  məhsul istehsalının 11 dəfə artması ilə özünü göstərdi. Davamlı dövlət dəstəyi sayəsində muxtar respublikanın sənaye quruculuğunda diqqətəlayiq uğurlara nail olundu və bu, sənaye məhsulları istehsalının həcminin 42 dəfə artması ilə səciyyələndi. Onu da qeyd edim ki, 2021-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsal olunub. Ümumi daxili məhsulun tərkibində də ilk yeri 27,1 faizlə sənaye sahəsi tutub.
Məhz bu amillər hesabına muxtar respublika sənayesində əldə edilən nailiyyətlər ilbəil artır, bütün sahələrdə əhalinin yerli istehsal məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
Bunun nəticəsidir ki, 2022-ci ilin I rübündə  muxtar respublikada 263 milyon 789 min 200 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,5 faiz üstələmişdir.
    Sənaye məhsulu istehsalının 92,8 faizi malların, 7,2 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8 faiz təşkil etmişdir.

 Sənayenin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, sement, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Bu müəssisələrdə daxili bazarla yanaşı, ixracyönümlü məhsullar istehsal olunur. Ən əsası da son illərdə muxtar respublikanın böyük sənaye müəssisələrində daxili və xarici bazar üçün müasir standartlara uyğun olan mal və məhsullar özünə xeyli istehlakçı qüvvəsi qazanıb. Qeyd etmək lazımdır ki, bu sənaye müəssisələri xarici ölkələrdən gətirilmiş yüksəkkeyfiyyətli avadanlıqlarla təmin olunub. 
           Ölkəmizdə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə Sənaye məhəllələri haqqında nümunəvi əsasnamə təsdiq olunub. 
    Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident cənab İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalayıb. 
    Mülkiyyətinə görə dövlət tərəfindən qurulacaq və idarə olunacaq Şərur Sənaye Məhəlləsinin yaradılması göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına,  istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verəcək. Bu iqtisadi siyasətin reallaşması formalaşan təsərrüfat strukturlarının artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, özəl sektorun rolunun getdikcə artması ilə müşayiət ediləcək. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. 

Şərur rayonundakı 6 istehsal korpusundan ibarət sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Beləliklə, Ali Məclisin Sədri cari ildə müasir çağırışlar nəzərə alınmaqla muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında konkret vəzifələr qoyub. Əminik ki, bu vəzifələrin uğurla həyata keçirilməsi və icrası “Sənaye ili”nə əhəmiyyətli töhfələr verəcəkdir.

Müasir dünyada sənayenin inkişafı elmdən kənar təsəvvür oluna bilməz. İnkaredilməz faktdır ki, elmin və texnologiyanın inkişafına görə fərqlənən ölkələr sənaye məhsulu istehsalında xeyli önə çıxıblar. Sənaye-elm əlaqələrinin əsas önəmini qısa xarakterizə etsək, bu, rəqabətqabiliyyətli iqtisadiyyat, hərtərəfli böyümə, iş yerlərinin yaradılması, keyfiyyətli həyat, mühüm tədqiqatlara investisiyaların cəlb olunması deməkdir. Əgər elmə yönələn investisiyalar artırsa, bu universitetlər, tədqiqat institutları və özəl sektor arasında ciddi bağların formalaşmasına gətirib çıxarır. Muxtar respublikada da bu gün əsas diqqətdə saxlanılan məsələ gələcəkdə elmin nailiyyətlərinin istehsala və texnologiyaya tətbiq olunmasıdır.  Qeyd etməliyəm ki, Naxçıvan Dövlət Universitetində Texnologiya parkının yaradılmasını elm və sənayenin qarşılıqlı vəhdətini göstərən ən bariz nümunə hesab edilə bilər. Məlum olduğu kimi, dünyanın bir sıra universitetlərində texnoparklar fəaliyyət göstərir. Muxtar respublikada bilikli və innovativ ideyalı gənclərin düşüncələrini və layihələrini dəstəkləmək üçün müxtəlif layihələr icra olunur, innovasiya laboratoriyaları yaradılıb istifadəyə verilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi gənc və yeniyetmələrin istedadlarının önə çıxarılması, startap təşəbbüslərinin dəstəklənməsi və yeni ideyaların reallaşdırılması baxımından mühüm addım hesab olunur. İnnovativ cəmiyyətdə yeni texnologiyaların inkişafı ilə informasiya sektoru, insan kapitalı və ixtisaslı əmək amili mühüm əhəmiyyət kəsb edir, təhsilin davamlılığı ön plana çıxır, yeni informasiya magistralları yaradılır, elektron ticarət kimi yeni biznes növləri meydana gəlir. Sənaye sahəsində istifadə olunan insan və maşın gücü informasiya cəmiyyətində, tədricən, öz yerini düşüncə və ağlın gücünə verir.

Bu gün muxtar respublika iqtisadiyyatında böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə, öz növbəsində, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, sahibkarlar və ailə təsərrüfatçıları üçün güzəştli kredit imkanları da diqqət mərkəzinə çəkilib.

Kənd təsərrüfatının inkişafından danışarkən onu da mütləq vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox Dövlət proqramları qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda icrası davam etdirilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2022-ci ilin ilk rübündə bir il öncəyə nisbətən 3,8 faiz çox, yəni 32 milyon 840 min 500 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Muxtar respublikanın çoxşaxəli iqtisadiyyatı, özəl sektorun durmadan inkişafı, regionun iqtisadi nüfuzu və yerləşdiyi əlverişli coğrafi şərait də xarici ticarət əlaqələrinin həcminin və miqyasının artmasına böyük imkan yaradıbdır. Qeyd edə bilərik ki, region bir yandan təbii enerji resursları, digər yandan isə, sənayenin inkişafı sahəsində son illərdə dünya ölkələri ilə iqtisadi və ticarət əlaqələrini yüksək səviyyədə inkişaf etdirməyə nail olubdur.

Bu gün ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara böyük dəstək verilir. Bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir.

Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də istənilən ölkənin xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün də ardıcıl tədbirlər həyata keçirilir.

Sürətli iqtisadi inkişaf yolunda uğurla irəliləyən ölkəmizdə sahibkarlıq xüsusi diqqət yetirilən sahələrdən biridir. Dünyaya inteqrasiya olunduğumuz bir dövrdə artıq sahibkarlar daxili bazarla kifayətlənməyərək həm də rəqabətədavamlı, ixracyönümlü məhsul istehsalına da ciddi fikir verirlər.

Sahibkarlığın inkişafının stimullaşdırılması, öz növbəsində, yeni istehsal sahələrinin yaradılması və müxtəlif iş yerlərinin açılması yolu ilə əhali məşğulluğunun təmin olunmasına gətirib çıxarır. 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən mikro, kiçik və orta sahibkarlara, ümumilikdə, 7 milyon 744 min 378 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu dövrdə muxtar respublikada dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 157 layihə üzrə işlər başa çatdırılmış, yeni yaradılan istehsal sahələrində 660 iş yeri açılmışdır. Məhsullarımızın xarici ölkələrdə təbliği və təşviqi məqsədilə 250 ədəd Naxçıvan məhsulları ixrac kataloqu çap edilmişdir.

Ötən il 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu da 2020-ci illə müqayisədə 617 min 800 manat çoxdur. Bakı şəhərinə və respublikanın digər bölgələrinə 425 min 315 manat həcmində ailə təsərrüfatı məhsulları göndərilmişdir.
2022-ci ilin ilk rübündə muxtar respublikada sahibkarlara 14 milyon 915 min 600 manat kredit verilmişdir. Verilmiş kreditin 8 milyon 686 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 6 milyon 229 min 600 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 2 hüquqi və 658 fiziki şəxs qeydiyyata alınmışdır.

Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.

Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2022-ci ilin ilk rübündə  bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 559,6 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 4,4 faiz çoxdur.

Muxtar respublikamızda pozitiv meyillərlə səciyyələnən bu sosial-iqtisadi fəallığın təməlində iqtisadi inkişafın sosial yönümlü olması, hər bir vətəndaşın iqtisadi və sosial inkişafda iştirakından asılı olaraq maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təminatı üçün aparılmış kompleks işlər dayanır.

Məhsəti Əsgərova, 
Naxçıvan Dövlət Universiteti, İqtisadiyyat və İdarəetmə fakultəsinin müəllimi
[email protected]