25 iyul 2022 23:51
1011

Ermənilər sosial şəbəkədə yazır: Əliyev Qarabağı cənnətə çevirib

“Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın”

Otuz ilə yaxın doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimiz sevinc göz yaşları, eyni zamanda qürur hisslərilə öz yurdlarına – Ağalı kəndinə geri döndülər.

Tez bir zamanda həmin ərazilərə ilk köçün edilməsi işğalçı Ermənistana şok effekti yaşadıb. Hətta bunları ermənilər özləri də etiraf edirlər. Beləliklə, Ermənistan mediasına, ekspertlərin, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, Zəfərdən sonra Qarabağa qayıdışın başlanması qarşı tərəfdə ciddi narahatlıq yaradıb.

“Şərəf duyuram” parlament fraksiyasının deputatı Tiqran Abramyan  vəziyyətin ağır olduğunu bildirir: “Laçından keçən mövcud yola alternativ yolun tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulub. Bakıda isə məlum səbəblərdən bu bəndi tez bir zamanda icra etməyə tələsirlər. Bakının məqsədi ermənilərin Laçından yan keçməsidir ki, şəhər tam olaraq onların nəzarətinə keçsin. Çünki alternativ yolun yaranması nəticəsində Rusiya sülhməramlılarının patrul marşrutu da dəyişəcək. Müvafiq olaraq Ermənistan və Qarabağ arasında yerüstü əlaqənin təmin edilməsi baxımından biz bugünkündən xeyli çətin vəziyyətə düşəcəyik”.

“4rd.am” portalı hazırladığı reportajda diqqəti Laçından keçən və Azərbaycan tərəfindən inşası həyata keçirilən yola yönəldir: “Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yol istifadədir. Belə ki, ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Lakin tezliklə buna son qoyulacaq. 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğun olaraq, Laçın şəhərinin içindən keçən yola alternativ yol üç il ərzində inşa edilməli, bundan sonra şəhərin mərkəzi Azərbaycanın nəzarətinə keçməlidir.  Yeni yolun istifadəsindən sonra ermənilər bu əraziləri tərk etməli olacaqlar. Bununla yanaşı, Kiçik Qaladərəsi və Böyük Qaladərəsində yaşayan ermənilər hazırda istifadə etdikləri əkin və otlaq sahələrinin böyük hissəsini də itirmiş olacaqlar”.

“Vkontakte” sosial şəbəkəsində “İlham Əliyev iki ilə Qarabağı abadlaşdırdı, artıq qayıdış başladı” başlığı ilə bağlı paylaşılan şəkilə münasibət bildirən Qaqik Melkumyanın səhifəsi isə əyləncə məkanlarında çəkilmiş fotolarla dolu idi. Rumıniyada ticarətlə məşğul olan Qaqik gülüş işarəsi ilə paylaşılan şəklə belə rəy bildirib: “Yazıq Ermənistandakı həmvətənlərimin halına. İllər öncə Qarabağ bizim nəyimizə lazımdır dedikdə Sarkisyan rejimi məni və ailəmi ölümlə hədələmişdi. Bir dəfə dostum Nikosyanın dəvəti ilə Qarabağa getmişdim. Yollar bərbad, yaşayış çox acınacaqlı idi. Yazıq millətimi sanki sürgün etmişdilər. İndi isə videodan görürəm ki, Əliyev oraları cənnətə çevirib”.  

Daha bir Ermənistan vətəndaşı Karen İvanyan isə “Twitter”də belə bir status paylaşıb: “Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Xilasımız sülh müqaviləsidir”.

Göründüyü kimi, bütün bunlar, Böyük Qayıdışın hətta Qarabağda yaşayan ermənilər üçün də nə dərəcədə sarsıdıcı zərbə olduğunu bir daha aydın nümayiş etdirmiş olur.

Mənsumə Babayeva, “İki sahil”