Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha bildirmişdir ki, insanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır
“Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır.” Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirmişdir ki, sahibkarlıq bu gün inkişaf edir və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində: “Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox. Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir.”
Hər zaman bu reallıq diqqətə çatdırılır ki, zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Hakimiyyətin hər üç qolunda – icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən təkmilləşmələr həm Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, həm də müasir dövrün çağırışları və qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə adekvat olmalıdır.
Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan özünü dünyada güclü, məsuliyyətli ölkə kimi təqdim edir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycan döyüş meydanında qələbə qazandı.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alan ölkə Prezidenti İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək onları irəli aparan bilikdir, savaddır, yeni texnologiyalardır. Azərbaycan da bu yolla irəliləyəcək. Hər yerdə islahatlar gedir. İslahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr dayanır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Dünyanın, o cümlədən Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə apardığı dövrdə hər bir ölkə malik olduğu imkanları ortaya qoydu. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin öhdəsindən layiqincə gəlməsinə əsas yaradır.
Onu da qeyd edək ki, təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin edir. Minimum əmək haqqının, minimum pensiyanın artırılması, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı İlham Əliyevin şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları da sosial siyasətin prioritetliyini önə çəkir. Ölkə Prezidenti daim vətəndaşının yanında olduğunu, həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını nümayiş etdirir. Bunun üçün təbii ki, ilk növbədə iqtisadi tərəqqinin təmin olunması əsasdır. Azərbaycanın malik olduğu təbii resurslarından səmərəli istifadəsi neft gəlirlərinin artmasında, bu isə öz növbəsində ölkəmizin hərtərəfli inkişafı üçün mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində aydın ifadəsini tapır. 2003-cü ildə cənab İlham Əliyevin vədləri sırasında yoxsulluq kimi sosial bəlanın aradan qaldırılacağı xüsusi qeyd edilmişdi. Son 18 ildən artıq dövrdə yoxsulluq 5, işsizlik 4,8 faiz səviyyəsindədir. Dövlət başçısı İlham Əliyev bildirir ki, bu, «qara qızıl»ın insan kapitalına çevrildiyini göstərir. Bu mühüm məqam da diqqətə çatdırılır ki, hər şey Azərbaycan vətəndaşı üçün edilir. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.
Hər bir yenilik, islahatların dərinləşməsi öz növbəsində kadr tələbatını aktuallaşdırır. Çünki yeni texnologiyaların tətbiqi öncə bunları dərindən bilən və tətbiq etməyi bacaran kadrların olmasını tələb edir. «Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq» söyləyən ölkə Prezidenti bildirir ki, ona görə kadrların seçilməsində insanların iş qabiliyyəti, dövlətçiliyə, dövlətə sədaqət, vətənpərvərlik nəzərə alınmalıdır: «Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır.»
Davamlı inkişafda məmur-vətəndaş münasibətlərini xüsusi qeyd etməliyik. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Dövlət başçısı həmişə çıxışlarında ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Prezident daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar: “Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir.”
Bir sözlə, ölkədə dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların mühüm tərkib hissəsidir. Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı «ASAN xidmət» mərkəzlərinin açılışlarında iştirak edərkən bu fikri xüsusi qeyd edir ki, Azərbaycanın dünyaya səs salan layihələri vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “ASAN xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.
Bütün bunlar bir daha göstərir ki, dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Ölkə başçısı İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulunda “Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz.” ifadələri də bunun bariz nümunəsidir.”
Nilufər Mustafaqızı, “İki sahil”