25 iyul 2022 23:27
882

Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatına  hər zaman diqqətlə yanaşılır

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıkeşlik və maddi dəstək Azərbaycan dövlətinin sosial siyasətinin bariz nümunəsidir. Dövlət birinci və ikinci Qarabağ müharibələri şəhidlərinin xatirəsini əbədiləşdirmək, onların ailələrinin qayğılarının həlli üçün zəruri addımlar atıb,  müharibə əlilləri və iştirakçılarının sosial müdafiəsinə tam ciddiyyəti ilə yanaşıb. Prezident İlham Əliyev, Birinci vitse-prezi­dent Mehriban xanım Əliyeva dəfələrlə şəhid ailələri və qazilərlə görüşüb, onların problemlərinin ən qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar verib.

Bu il iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunları­na həsr olunmuş müşavirədəki giriş və yekun nitqlərində dövlətimizin başçısı hərbçilərin sosial müdafiəsi məsələsinə toxunaraq demişdir:

“Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi plan­laşdırılır. Bu il üçün 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Cari ilin ilk 6 ayında artıq 600 mənzil təqdim olunub. 44 günlük Vətən müharibəsindən sonra 3 min 600, ümumiyyətlə ötən dövrdə 12 min 500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Qeyd etmək lazımdır ki, evlərin bölgüsü Bakı, Sumqayıt və Abşeron ərazisindəki əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdırmaq məqsədinə xidmət edir. Bu iş yalnız bir neçə bölgə üçün aparılmır, əksinə, kompleks şəkildə digər regionlarımızda və böyük şəhərlərimizdə də davam edir.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Prezidentin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. "YAŞAT" Fonduna müraciət etmək üçün 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir, eyni zamanda yashat.gov.az portalından istifadə etmək olar. Fondun büdcəsi ianələr hesabına formalaşır. Bu günə qədər  Fondun hesabına   74 147 333.6  manat vəsait mədaxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə 63 113 952.8 manat məbləğində vəsait xərclənib.

Azərbaycan dövlətinin diqqət yetirdiyi sahələrdən biri də əhalinin, o cümlədən qazilərin və müharibə iştirakçılarının və onların ailə üzvlərinin məşğulluğunun təmin olunmasıdır. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq, böyük bir qismi - 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. Burada da Məşğulluq Marafonu çox böyük rol oynadı, özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4 min 585 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə artıq 2 min 500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2 min 44 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

Xatırladaq ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Müharibədə yaralanmış qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı prioritet fəaliyyət istiqamətidir və nazirliyin son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Bundan əlavə, 11 min müharibə əlili və veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunmuş, onlara 21 min reabilitasiya vasitəsi təqdim edilmişdir. Ən vacibi isə müharibə iştirakçılarından 200 nəfərinin ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunmasıdır. Qeyd edək ki, daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər bu protezlərlə təmin edilmişdir. Yəni son il yarımda bu cür protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatmışdır. Xatırladaq   ki, Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb. Onların müalicə prosesi davam etdiyinə görə hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə etmiş olacaq.

2022-ci il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqinə başlanılıb. Bunadək ölkəmizdə əlillik  3 dərəcə üzrə məhdud çərçivədə müəyyənləşdirilirdi. Yeni qaydalara uyğun olaraq, qazilərimizin əlilliyi orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilir. Başqa sözlə desək, yeni qaydalar əlilliyin müəyyənləşdirilməsində daha çox sayda kriteriyaların əsas götürülməsinə imkan verir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun sözlərinə görə, bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 mühüm kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülür.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən şəhid ailələrinə, müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə vahid məkandan xidmətlərin göstərilməsi üçün yaradılan Vahid Əlaqələndirmə Mərkəzində artıq 48 rayon üzrə 11 regional mərkəzdə yerli icra hakimiyyəti orqanlarının və 5 mərkəzi icra hakimiyyəti orqanının 26 növ xidməti toplanıb. Bu günədək Vahid Əlaqələndirmə mərkəzlərində 41 min şəhid ailəsinin üzvü, Vətən müharibəsi veteranı və əlilinə xidmətlər göstərilib.

Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimiz tərəfindən əhalinin, xüsusilə həssas təbəqənin sosial müdafiəsini daha da gücləndirmək istiqamətində həyata keçirilən irimiqyaslı işlər ölkə ictimaiyyətində dərin məmnunluq hissi doğurur. Bəli, Azərbaycan vətəndaşları öz dövlətindən və onun lideri, Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətindən tam razıdırlar.

Yaqut Ağaşahqızı, “İki sahil”