25 iyul 2022 12:27
794

Böyük Zəfərin "Böyük Qayıdış"ı reallığa çevrilir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkünlərin arzularına ümid işığı oldu. Soydaşlarımız işğaldan azad edilmiş ərazilərdəki doğma yurdlarına qayıtmasına real imkanlar yarandı. Artıq uzun illərdən bəri məcburi köçkünlük həyatının ağrı-acılarını, iztirablarını yaşayan həmvətənlərimizi yeni işıqlı həyatın ürək rahatladan, könül açan günləri gözləyir. “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edib. Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması dövlətimizin xüsusi həssaslıqla yanaşdığı və diqqətdə saxladığı prioritet məsəslələrin önündə gəlir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bütün bunlar “Böyük qayıdış”ı sürətləndirən infrastruktur layihələrdir. Xatırladaq ki, Dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış “Böyük Qayıdış” proqramının icrasına Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində başlanılıb. Cocuq Mərcanlı post-konflikt reabilitasiya tədbirlərinin unikal modelidir. İkinci Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsindən sonra soydaşlarımızın doğma ata-baba yurdlarına qayıtması istiqamətində əhəmiyyətli addımlar atılır. Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Zəngilanın Ağalı kəndində də inşası aparılan “Ağıllı kənd” bunun bariz nümunəsidir. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunan və innovativ tikinti materiallarından istifadə olunur.

Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Zəfərin bəhrəsidir

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi. Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsində məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” öz doğma yurd-yuvalarına yola salındı. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürüləcək. Dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.

Tural Qasımlı,

YAP Şamaxı rayon təşkilatının sədri