Müasir Azərbaycan dünya və regional siyasətdə getdikcə daha əhəmiyyətli yer tutur. Bu, ilk növbədə, daxili siyasi sabitlik, dayanıqlı iqtisadiyyat, məqsədyönlü, ardıcıl, düşünülmüş xarici siyasətlə bağlıdır. Transmilli nəqliyyat, kommunikasiya və enerji layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan regionun iqtisadi lideri və dünyanın qlobal xəritəsində mühüm aktora çevrilib.
Ötən dövr ərzində Azərbaycanın iqtisadi müstəqilliyi daha da möhkəmlənib. Başqa sözlə, borc alan ölkədən donor ölkəyə çevrilib. İyulun 15-də bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev əldə olunan uğurlar haqqında danışaraq vurğulayıb ki, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. Tam almırıq deyə bilmərəm, amma əvvəldən alınmış kreditlərin davamı indi gəlir. Amma yeni kredit almırıq, qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır. İndi baxın görün, inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Biz qoymuruq ki, borclar yığılsın, istəmirik ki, gələcək nəsillər bu borcun altında olsun. İstəyirik ki, bunu daha da endirək və ayağımızı yorğanımıza görə uzadırıq”.
Hazırda Azərbaycan öz iqtisadi müstəqilliyini valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə təmin etmiş, iqtisadiyyatı üçün vacib olan istənilən əhəmiyyətli layihəni maliyyələşdirmək imkanına malik ölkədir. Ölkəmizin formalaşmış əlverişli biznes-investisiya mühiti, eyni zamanda, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Bunun nəticəsi olaraq hökumət 2022-ci ilin yanvar-may aylarında investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb. Qeyd olunan müddətdə qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələrin həcminin 14,6 faiz artması, əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etməsi söylənilənlərin təsdiqidir.
Vətən müharibəsində qazanılmış Qələbə ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə iqtisadi dövriyyədən kənarda qalan torpaqların 20 faizini geri qaytardıq. Bunlara yeni kənd təsərrüfatı torpaqları, faydalı qazıntı yataqları, turizm marşrutları, nəqliyyat şəbəkələri, alternativ enerji mənbələri, su ehtiyatları və s. daxildir. Əlbəttə, sadalanan amillər Azərbaycanın artan iqtisadi potensialı ilə yanaşı, ölkənin investisiya imkanlarını da artırır.
Bildiyimiz kimi, Azərbaycanın ənənəvi neft-qaz hasil və ixrac edən ölkə olmasına baxmayaraq, hazırda, alternativ mənbələrdən enerjinin əldə edilməsi, istehlakın artırılması əsas hədəflərdəndir. Bu sahədə də Azərbaycana etibarlı tərəfdaş kimi investisiya qoyan ölkələrin sayı artmaqdadır. Çünki Azərbaycanın enerji imkanları digər ölkələr üçün də önəm daşıyır. Ölkə başçısı bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də bildirdi ki, bu sahədə də biz işimizi planlı şəkildə aparırıq: “Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik”.
Qeyd edək ki, ölkəyə xarici investisiyaların cəlb edilməsi, eləcə də ixrac imkanlarının genişləndirilməsi məqsədilə hələ 2003-cü ildə yaradılmış Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (hazırki adı Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO) da bu prosesdə öz sözünü deyir. Fond ölkənin investisiya imicinin formalaşdırılması, yerli və xarici investorlara müxtəlif xidmətlərin göstərilməsi, investorların cəlbi və onlarla danışıqların aparılması, investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması, Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması, “Azərbaycanda istehsal olunub” (“Made in Azerbaijan”) ticarət nişanının beynəlxalq səviyyədə təbliği kimi mühüm istiqamətlərdə fəaliyyət göstərir.
Günel Eyyubova, “İki sahil”