Qarabağ və Şərqi Zəngəzur: iqtisadi artımın yeni təkanverici qüvvəsi
Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Qarabağın bərpası istiqamətində görülən işlər heyrətamizdir. Bu il üçün 2,2 milyard manat vəsait ayrılıb ki, onun da təqribən 16 faizdən çoxu artıq istifadə olunub. Bir müddət öncə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırıldı. Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqlədi. Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.
Xatırladaq ki, ötən il Qarabağ iqtisadi rayonunda 146, bu il isə 32 müəssisə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda bu rəqəmlər müvafiq olaraq 44 və 7 təşkil edib. Cari ilin aprelin 1-nə olan vəziyyətə görə, bu iqtisadi rayonlarda 5 704 müəssisə, 80 574 fərdi sahibkar fəaliyyət göstərir. Hazırda bu iki iqtisadi rayonun payına ölkədə qeydiyyatdan keçmiş bütün müəssisələrin təxminən 2-3 faizi (fərdi sahibkarlar baxımından isə 6 faizi) düşür. Amma yeni müəssisələrin açılmasının artım tempinin bəzi rayonların göstəricilərini üstələdiyini nəzərə alsaq, vəziyyətin tezliklə daha da müsbətə dəyişəcəyini ehtimal etmək olar.
Qarabağın inkişafında bərpaolunan enerji mənbələri sferası xüsusi yer tutur. Ölkədə alternativ enerji mənbələrinin potensialı 26 min MVt-dan artıqdır və bu həcmin 9 min MVt-dan çoxu Qarabağın payına düşür. Yəni, ölkədə bərpaolunan enerji mənbələrinin potensialının üçdə birindən bir qədər çoxu işğaldan azad edilmiş ərazilərdə yerləşir.
Bütün bu proseslər Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərməkdədir. Asiya İnkişaf Bankının “Asiya İnkişaf Outlook-2022” hesabatında bununla bağlı qeyd olunur ki, 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına investisiyalar tikintinin 5,2 faiz artmasına səbəb olub və sektordakı 5 illik geriləmənin qarşısını alıb. Bildirilir ki, bu ilin may ayında Azərbaycan iqtisadiyyatı 7,2 faiz böyüyüb ki, bu da qeyri-neft sektorunda yüksək artımı əks etdirir.
Qeyd edək ki, Asiya İnkişaf Bankı Qafqaz və Mərkəzi Asiya regionu üzrə ümumi daxili məhsul istehsalı artımı ilə bağlı proqnozunu bu il üçün 0,2 faiz bəndi artıraraq 3,6 faizdən 3,8 faizə çatdırıb. Regionda ümumi daxili məhsul artımı gələn il yenidən nəzərdən keçirilərək 4 faizdən 4,1 faizə qaldırılıb. Azərbaycanda iqtisadi artım səviyyəsinin yüksək səviyyədə qalmasının davamlı olacağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri enerji daşıyıcılarının yüksək qiymətidir. Eyni zamanda azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri də məşğulluq və iqtisadi inkişafa müsbət töhfələrini verir. Halbuki, dünya iqtisadiyyatında vəziyyət gərgindir. Rusiya-Ukrayna müharibəsi, avrozona da daxil olmaqla, əksər aparıcı dövlətlərin iqtisadiyyatına mənfi təsirini göstərməkdə davam edir. Bu müharibə kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu isə 4,1 faizdən 2,9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb.
Valyuta bazarlarında da qeyri-stabillik davam edir. Dünyanın aparıcı valyutaları, o cümlədən avro kəskin şəkildə ucuzlaşmaqdadır. Belə ki, avronun məzənnəsi son 23 ildə ilk dəfə olaraq dollara nisbətən ucuzlaşdı. İndi birjalarda 1 dollar 0.9847 avro təşkil edir. Son 1 ildə avro 18 faizdən çox dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Bütün bunların fonunda Azərbaycanda iqtisadi stabillik qorunub saxlanılır. Manat sabitdir və onun məzənnəsinin uzun müddət üçün hansısa təhlükə ilə üzləşməsi gözlənilmir. Bu fonda yüksək inkişaf göstəriciləri də qeydə alınmaqda davam edilir.
Respublikamız aparılan islahatlara görə, hazırda “Doing Business”də 191 ölkə arasında 28-ci yeri tutur. Dünya İqtisadi Forumunun İnklüziv İnkişaf İndeksi üzrə 74 inkişaf etməkdə olan ölkə arasında Azərbaycan 3-cü yerdədir. Qlobal Rəqabətlilik İndeksində isə 141 ölkə arasında 58-ci yeri tutur. Azərbaycan bu gün “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında 178 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Respublikamız ilk dəfə “Orta dərəcədə azad” (“Moderately Free”) ölkələr kateqoriyasından “Əsasən azad” (“Mostly Free”) ölkələr kateqoriyasına yüksəlib.
Göründüyü kimi, bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqlayıcı templər buna bariz nümunədir.
Sevinc Azadi, “İki sahil”