22 iyul 2022 13:18
715

Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir

Son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdiyi, əməkdaşlığın genişləndiyi müxtəlif sahələrdə özünü göstərməkdə davam edir.Aİ həm də Azərbaycanın əsas ticari tərəfdaşıdır.
Həmçinin qlobal siyasi arenada gedən proseslər fonunda Avropa İttifaqı ölkələrinin enerjiyə ehtiyacı Azərbaycanla əlaqələrdə yeni mərhələyə keçidi təmin edib.Belə ki,ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır,Azərbaycanın alternativ enerji potensialı Aİ tərəfindən yüksək qiymətləndirilir.
İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da bunun əyani sübutudur.Təbii ki,əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Demək olar ki, bütün sahələrdə əlaqələr yüksələn xətlə davam edir və daha da genişləndirilir.
Dünyada baş verən proseslər fonunda Prezident İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti arasında görüşün keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir.Burada əsas məqam görüşün təşkil edilməsində birmənalı olaraq Avropa İttifaqının öz marağının olmasıdır,çünki Aİ bu gün həm alternativ enerji ilə bağlı,həm də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra etibarlı tərəfdaş axtarışındadır.Avropa Komissiyasının Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olaraq daim özünü müsbət tərəfdən göstərib.Azərbaycanla - sözünün üstündə duran dövlətlə işləmək mühüm əhəmiyyət kəsb edir.Bunu Aİ-nin rəhbərliyi də dəfələrlə  qeyd edib.
Azərbaycan bütün tərəfdaşları ilə olduğu kimi,Aİ-yə münasibətdə də səmimi olub,üzərinə götürdüyü öhdəlikləri dəqiqliklə yerinə yetirib.Enerji sahəsində Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaşı hesab edir.Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir: "Cənub qaz dəhlizi" işə düşdükdən sonra Avropanın təbii qaz bazarında Azərbaycanın təsirli rolu müəyyənləşib. "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan Avropanın cənub-şərq bölgələrindən başlayaraq gələcəkdə Mərkəzi Avropaya doğru irəliləyərək bu coğrafiyada təbii qaz təchizatının həyata keçirilməsində çox təsirli rol oynayacaq.
Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumuna əsasən,Azərbaycandan Avropa İttifaqına nəql edilən qazın həcmi ikiqat artırılacaq. "Cənub qaz dəhlizi" vasitəsilə ildə nəql edilən 8 milyard kubmetr qazın həcmi isə bir neçə il ərzində 20 milyard kubmetrə çatdırılacaq. Eyni zamanda gələn ildən Avropa İttifaqı ölkələrinə Azərbaycandan 12 milyard kubmetr qaz ötürüləcək. Beləliklə,Azərbaycan Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.

Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı