22 iyul 2022 11:42
748

Azərbaycanın uğurlu enerji siyasəti

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Enerji siyasətində Azərbaycan həm öz daxili enerji təhlükəsizliyinin təmini, həm də digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfəni əsas məqsəd hesab etmişdir.  Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Eyni zamanda ideya müəllifinin Azərbaycan olduğu yeni transmilli neft və qaz maşrutlarının müəyyən edilməsi, enerjinin Qara, Aralıq və Baltik dənizlərinə çatdırılması ideyası dünya siyasətçilərinin diqqət mərkəzində olmuşdur.

Prezident İlham Əliyevin enerji sahəsində uğurlu siyasəti nəticəsində Azərbaycanın başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilmişdir. 2006-cı ildə Brüsseldə Azərbaycan Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandum Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzər hövzəsindən enerji daşıyıcılarının nəqli Avropa İttifaqının enerji təhlükəsizliyini daha da güclənməsinə xidmət etmişdir. Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa  qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük  layihələr imza atılmışdır.  Burada  “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir.

Azərbaycan Avropa İttifaqı üçün etibarlı və əhəmiyyətli tərəfdaşdır və bu reallığı neft və təbii qaz boru kəmərlərinin fəaliyyəti təsdiqləyir. Bundan başqa, transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə müsbət təsir göstərir və Azərbaycanın təkcə enerji ixracatçı ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artırır.  

18 iyul 2022-ci il tarixində prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladılar. Görüş zamanı Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanın böyük layihələri Avropanın enerji xəritəsinin tamamilə dəyişmişdir. Enerji layihələri hazırda heç vaxt olmadığı qədər önəm daşıyır. İmzalanan Memorandumu gələcək üçün mühüm yol xəritəsi hesab etməklə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunacağına əminəm."

Azərbaycan enerji məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhvə verir. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Sədrəddin İmanov,
"AZƏRİSTİLİKTƏCHİZAT” ASC, 20 saylı İSİS-in rəisi,
YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini