22 iyul 2022 03:14
824

Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir

İmzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığın gələcək inkişafının yol xəritəsidir  

Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır. Bu gün dünyada baş verənlərin fonunda etibarlı  tərəfdaş kimi Azərbaycanın rolu daha aydın görünür.  Çünki mövcud geosiyasi mühit və digər amillər bunu labüd edir. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb.

Xatırladaq ki, bu ilin mayında keçirilən Azərbaycan-Litva biznes forumundakı nitqində də ölkə başçısı İlham Əliyev bu məsələyə toxunmuşdu: “Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir”.

 Azərbaycan dünyanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqı (Aİ) ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Belə ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ümumiyyətlə, Azərbaycan ilə Aİ arasında enerji sahəsində əməkdaşlığın 15 ilə yaxın tarixi var. Neft hasilatı ilə başlayan enerji layihələri daha sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin tikintisi, uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə davam edib. Artıq iki ildir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və bununla da Azərbaycanın təbii qazı Avropaya çatdırılır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk, Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, Cənub Qaz Dəhlizi layihəsinin mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələri reallaşdıran Azərbaycan enerji bazarında əsas tərəfdaşlardan biri kimi qəbul olunur.

Memorandumun imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bu gün qlobal iqlim dəyişikliklərinin qarşısının alınması üçün dünyanın daha çox üstünlük verdiyi bərpaolunan enerji mənbələrindən istifadəyə də toxundu: “Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir”. Bundan öncəki çıxışlarında da ölkə başçısı dəfələrlə vurğulayıb ki, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda bu istiqamətində genişmiqyaslı işlər aparılır.

Öz növbəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də mətbuata bəyanatında Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu vurğuladı: “ Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək”.

Avropa Komissiyasının Prezidenti onu da əlavə etdi  ki, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır: “Buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var”.

  Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihələri  Avropanın  enerji xəritəsini dəyişib. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması yeni-yeni layihələrə yol açır ki, bunlar da ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirir. Hazırda Azərbaycanla Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafı enerji sektorunda özünün aydın ifadəsini tapıb. İmzalanan Memorandum bu əməkdaşlığın gələcəyi ilə bağlı yol xəritəsidir.

Günel Eyyubova, “İki sahil”