21 iyul 2022 16:03
737

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər gələcək üçün böyük töhfələr vəd edir

Məlumdur ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında da qeyd etmişdir ki, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Belə ki, 2006-cı ildə tərəflər arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bu isə o deməkdir ki, Azərbaycan–Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənəddə bir sıra məqamlar xüsusilə diqqət çəkir.İmzalanmış Anlaşma Memorandumu ölkəmizin dünya ölkələri arasında artan nüfuzuna işarədir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan bu gün bütün ölkələrlə, güc mərkəzləri ilə qarşılıqlı inam, hörmət əsasında səmərəli, işgüzar münasibətlər qurur. Bu inamın, hörmətin nəticəsi olaraq Azərbaycan bir çox mötəbər təşkilatlara sədrlik, beynəlxalq tədbirlərə ev sahibliyi edir və həmçinin beynəlxalq təşkilatlarla yeni əməkdaşlıqlara başlamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu respublikamızın inkişafına xidmət edən nəticələrini verməkdə davam edir. Bu gün Azərbaycanın günü-gündən artan beynəlxalq nüfuzu, möhkəmlənən mövqeləri və yeni dünya düzənində artan rolu məhz bu siyasətin bariz nəticələridir. Ölkəmizin sahib olduğu nəhəng enerji ehtiyatları, coğrafi mövqeyi və ən əsası da etibarlı tərəfdaş imici aparıcı dünya dövlətlərini, beynəlxalq şirkətləri Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə sövq edir. 

Son vaxtlar Azərbaycanın və Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya və Brüsselə tez-tez baş tutan səfərləri və bu səfərlər çərçivəsində müzakirələrin intensivləşməsi ikitərəfli siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ikitərəfli iqtisadi əlaqələr də uğurla inkişaf edir. Cənab İlham Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər iqtisadi müstəqilliyi təmin etdir. Bu isə xarici siyasət sahəsində də siyasi müstəqilliyin qorunmasına xidmət edir, həmçinin yeni - yeni uğurlara təkan verir.   Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ümumi ticarət dövriyyəsində Azərbaycan  lider mövqeyə malikdir. Hazırda artan geosiyasi gərginliklər səbəbindən Avropanın enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Azərbaycan Avropanın ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir. Avropa İttifaqının rəsmisi belə bir möhkəm inamını ifadə edib ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Hazırda bu əlaqələrin daha da şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır və artıq real razılaşmalar əldə olunub. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın başlatdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı tərəfindən dəstəklənib və nəticə etibarı ilə bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir. Avropa İttifaqını təmsil edən Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen də öz bəyanatında Azərbaycanla tərəfdaşlığın Avropa İttifaqı tərəfindən çox yüksək dəyərləndirildiyini qeyd edib. Belə bir önəmli məqam da qeyd edilib ki, Azərbaycan təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaş olub. Yeni imzalanmış Anlaşma Memorandumu isə Avropa İttifaqı ilə ölkəmizin enerji tərəfdaşlığını daha da gücləndirir. Artıq bəyan edildiyi kimi, Memorandumun strateji əhəmiyyətini əks etdirən daha bir mühüm məqam da bərpaolunan enerji ilə bağlıdır. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu. Bir sözlə əsası Ümummilli Lider  Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik və innovativ yanaşmalarla uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq əlaqələri  daha da möhkəmlənmiş və dünyada nüfuzu yüksəlmişdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri