21 iyul 2022 19:20
804

Azərbaycan Avropaya doğru qəti və iti addımlarla

Son 20 ildə ölkəmiz dövlət başçımız cənab İlham Əliyevin öndərliyində böyük iqtisadi inkişaf yolu keçmiş, öz gücünü, beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. İmzalanan iri ticarət, neft-qaz, nəqliyyat-logistika müqavilələri ilə dövlət büdcəsinə milyonlarla dollar gəlir gətirilmiş və bu gəlir xalqın rifah halının yüksəlməsinə, qeyri-neft sektorlarının inkişafına və gələcək vəd edən sahələrə yönəldilmişdir. Əslində öz təbii sərvətlərindən səmərəli istifadə baxımından Azərbaycanın  dünyada nadir nümunələrdən biri olduğunu desək yəqin ki, yanılmarıq. Çünki, bir çox dövlətlər təbii sərvətlərinin tükənən varlıqlar olduğunu nəzərə almadan bütün iqtisadiyyatını və gələcəyini məhz onlara bağlayır və bunun acı nəticələrini gec-tez yaşayırlar. Azərbaycan Prezidenti isə öz uzaqgörən baxış bucağı ilə gələcəyin Azərbaycanın əsas təbii sərvəti olan neft və qaz üzərində qurulmadığını yaxşı bilir və açıq şəkildə bəyan edir ki, gələcək bərpaolunan enerji növlərindədir.

Ölkə başçımızın 15 iyul tarixli bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sitat: “Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var”. Bəli, bunun üçün Azərbaycanın bərəkətli torpaqlarında bütün imkanlar var. Xəzər dənizində və azad olunan Qarabağ və Şərqi Zəngəzurda təsdiq olunmuş minlərə meqavat enerji potensialı mövcuddur. Bu potensialdan səmərəli istifadə olduqca vacib və zəruridir. Bu sahələrə lazımi həcmdə investisiyanın yönəldilməsi üçün isə neft və qaz potensialımızdan ən düzgün şəkildə istifadə etmək qarşıda duran əsas tapşırıqdır. Xüsusilə nəzərə alsaq ki, bu gün enerji təhlükəsizliyi məsələsi heç vaxt olmadığı qədər aktualdır, onda ölkəmizin öz qaz ixrac potensialını günü-gündən genişləndirərək daha böyük bazarlara keçid etməsi həm lazımlı, həm də sözün əsl mənasında həyati əhəmiyyətlidir. Rusiya-Ukrayna müharibəsi kontekstində Avropanın təbii qaz böhranının astanasında olduğu və bu problemi həll etmək üçün etibarlı tərəfdaş axtardığı artıq heç kim üçün sirr deyil.

Bu tərəfdaş isə əlbəttə ki, Azərbaycandan başqası deyil. Ölkə rəhbərliyinin illərlə apardığı məqsədyönlü siyasət, öz sözünə və imzasına göstərdiyi qeyd-şərtsiz sədaqət bu gün onun dünyada müsbət imicinin formalaşmasına gətirib çıxarıb. Nəticədə, Avropanın içində olduğu böhran fonunda bu gün ölkəmiz Aİ üçün mühüm enerji tərəfdaşı olaraq özünü təsdiq edir. 18 iyul tarixində Avropa Komissiyasının xanım Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun  imzalanması da deyilənlərin əyani sübutudur.

Qeyd edək ki, Anlaşma Memorandumunun imzalanmasından sonra liderlər mətbuata birgə bəyanatla çıxış etdilər. Bəyanatlarda Azərbaycanın Avropaya qaz ixracının növbəti illərdə ikiqat artırılacağı, bərpaolunan enerjiyə Avropanın marağı, Azərbaycan ilə Aİ arasında imzalanması nəzərdə tutulan yeni sazişin bitmə astanasında olduğu kimi bir çox məsələlər səsləndirildi. Bununla yanaşı, ölkə başçımız tərəfindən nəqliyyat şəbəkələrin qurulmasının vacibliyi də vurğulandı. Sitat: “Münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur”. Beləliklə, hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa ilə əlaqələrimiz günü-gündən inkişaf etməkdə və ən əsası sağlam təməllər üzərində qurulmaqdadır. Gələcək fəaliyyətimizdə də mühüm yer tutacaq bu sənəd Aİ ilə əlaqələrdə yol xəritəsi rolunu oynayacaqdır. Onu da vurğulamaq mütləqdir ki, belə bir Bəyanatın imzalanması ticari maraqlarımıza cavab verməklə yanaşı həm də Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf etdirilməsi və sülhlə nəticələnməsi üçün çalışan Aİ ilə dərinləşən əlaqələrimiz baxımından da əhəmiyyətlidir.

Yəqin bu səbəbdəndir ki, Ermənistan bundan narahatlıq keçirir. Emənistan mətbuat orqanlarında məsələ ilə bağlı histerik reaksiyalar açıq müşahidə olunur. Ölkəmizin sürətli inkişafı xaricdən gələn kapitalla sınıq ayaqlarla müvazinətini saxlamağa çalışan Ermənistan hökumətini qorxu içində saxlayır. Çünki ölkə rəhbərimizin uzun illərdir bütün beynəlxalq müqavilələrdən Ermənistanı kənar saxlaması onların iqtisadi tənəzzülünü sürətləndirmiş onsuzda batmaqda olan gəminin döşəməsində daha bir dəlik açmışdır. Bu gün Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, artıq onlara bu regionda heç bir ehtiyac qalmamışdır. Onların öz varlığını davam etdirməsinin yeganə yolu məhz sülhə çalışmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Cənab Prezidentin haqqımız olanı almaq üçün hər bir yola əl atacağımızı vurğulaması 44 günlük Vətən müharibəsində ermənilərin başına dəyən dəmir yumruğun əvvəlkindən qat qat güclü və sərt olduğunu hiss etdirdi onlara. Dünənə qədər Qarabağda əsas məsələ erməni hərbi birləşmələrinin orada olması idisə artıq bu gündən etibarən Ermənistan hökuməti tərəfindən həmin birləşmələrin çıxırılmasına dair rəsmi qərar da verilmişdir. Cənab Prezidentin müdrik siyasəti, uzaqgörənliyi bizi öz yurd yuvamıza qovuşdurdu. Allah bütün şəhidlərimizə rəhmət etsin, məhz onların canları, qəhrəmanlıqları sayəsində biz düşmənlərimizdən həm qisasımızı, həm də torpaqlarımızı ala bildik.

Addım-addım qət edilən bu yolda Cənab Prezident sübut etdi ki, o hər bir işi xalqının rifahı, suverenliyi və müstəqilliyi naminə edir. Əmin ola bilərik ki, dövlətimizin rəhbərliyin də İlham Əliyev olduğu müddətcə Azərbaycan xalqını daha parlaq, daha xoşbəxt günlər gözləyir.

Süpay Məmmədov,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri