İstər ərazi, istərsə də əhali sayına görə Azərbaycan böyük ölkə sayılmır. Amma ölkələrin böyüklüyü və kiçikliyi təkcə onun ərazi və ya əhali nisbəti ilə yox, əhəmiyyəti ilə, dünya siyasi və iqtisadi palitrasına verdiyi töhvə ilə müəyyən edilir. Bəs bu əhəmiyyəti təmin edən, önəmli edən amil nədir? Yəqin ki, bu suala klassik cavab; “ölkənin yerləşdiyi coğrafi məkan və ya malik olduğu təbii resurslar”la məhdudlaşar.
Dünyada bizdən qat-qat artıq təbii resurslara və daha əlverişli coğrafi mövqeyə malik olan dövlətlər var. Amma, bu qədər diqqət mərkəzində deyillər. Niyə?
Deməli, diqqət mərkəzində olmaq, əhəmiyyətli olmaq üçün başqa faktorlara da ehtiyac var. Bu faktorların nələr olduğunun birini Prezident İlham Əliyev daima səsləndirir; “Biz müstəqil siyasət yürüdən dövlətik”. İkinci faktoru, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalama mərasimində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen söylədi; “Azərbaycan etibarlı tərəfdaşdır”.
Bəli, dünya haqsız dünyadır, etibarsız dünyadır və bunu bizdən çox hiss edən dövlət çox az olar. Amma haqq nə qədər nazilsə də, nəhayət yerini tapır. Rəhbərimizin çox doğru, sistemli və məqsədyönlü siyasəti nəticəsində.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayan bir dövlətə çevrilib. Qısa zaman kəsiyində ölkəmiz, avropalı siyasətçilərin ən çox səfər etdiyi, həyati əhəmiyyətli məsələlərin həll edildiyi bir məkana çevrilib. Avropa İttifaqının Prezidenti Şarl Mişelin, Avropa İttifaqının genişləmə və qonşuluq üzrə komissarı Oliver Varhelyinin, Avropa Parlamenti Beynəlxalq Məsələlər komitəsinin sədri Devid Makalisterin, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin və digərlərinin ardıcıl səfərləri, şübhəsiz ki, ilk növbədə Avropanın maraqlarının təmin edilməsi ilə əlaqədardır. Ancaq bu səfərlər, eyni zamanda Azərbaycanın da maraqlarına xidmət edən, qarşılıqlı etimad, iqtisadi, texnoloji və elmi potensialımızı təkmilləşdirməyə, siyasi çəkimizi və təsirimizi artırmağa xidmət edən hadisələrdir.
Azərbaycan, enerji sahəsində Avropa İttifaqı ilə artıq on beş ildən artıqdır ki, əməkdaşlıq edir. İndiyədək Avropa ilə artıq iki sənəd – 2006-cı ildə Anlaşma Memorandumu, 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. İyulun 18-də imzalanan “Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” məzmununa və miqyasına görə daha böyük və əhatəli bir razılaşmadır. Azərbaycan Avropa İttifaqı ilə neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və s. məsələlər ətrafında dialoq aparır və dövlətimizin bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu xanım Fon der Lyayen də qeyd etdi. Lakin, görüşdə “yaşıl” hidrogen təchizatı ilə əlaqədar səslənən məlumatlar xüsusilə böyük maraq obyektidir.
Bərpaolunan enerji növlərindən sayılan “yaşıl” hidrogen, iqtisadi dekarbonizasiyanın getdikcə daha çox maraq kəsb edən elementlərindən biridir. Bu hidrogen növü, elektroliz – yəni suyun hidrogen və oksigenə ayrılması yolu ilə əldə edilir. Yaşıl hidrogen əsas enerji mənbəyi deyil, enerji daşıyıcısıdır. Başqa sözlə, hidrogen, uzun müddət enerjini yığa bilən, sonra isə başqa yerə daşınaraq tələbata uyğun istifadə edilə bilən maddədir və sıfır emissiyaya malikdir. Ölkəmizin malik olduğu çox böyük Günəş və Külək enerjisi potensialından istifadə edilməklə “yaşıl” hidrogen istehsalının təşkili və ixracı, bizə təkcə maddi mənfəət gətirməyəcək, eyni zamanda da təbii qaz kimi bərpa olunmayan fosil yanacağı növünü əvəz etməklə ekoloji təmizliyin təmin olunmasına şərait yaradacaq.
Mərkəzi Asiya ölkələrinin resurslarından, Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma zavoduna, yeni dəniz limanına, bütün istiqamətlərdə dəmir yolları infrastrukturuna malik ölkəmizin imkanlarını səfərbər etməklə istifadə edilməsi, bu ölkələrin potensialı arasında şəbəkə qurulmasının ən vacib ünsürüdür.
İmzalanmış Memorandumu “gələcək üçün yol xəritəsi” adlandıran Prezident, diqqəti enerji və kommunikasiya şəbəkələri arasındakı əlaqənin vacibliyə çəkərək, bu istiqamətdə səylərin birləşdirilməsinə çağırmış, bunun tərəflər arasındakı əməkdaşlığa mühüm töhvə olacağını qeyd etmişdir.
Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad Rayon Təşkilatının sədri