Strateji coğrafi mövqeyinə görə Azərbaycan həmişə qərb ölkələrinin maraq dairəsində olub. Bu səbəbdən Avropa İttifaqına üzv dövlətlər də bizlə olan iqtisadi və siyasi münasibətləri inkişaf elətdirir. Ölkəmizin Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıqlarından biri, hətta vaciblərindən biri kimi 18 iyul 2022 tarixində imzalanan memorandumu göstərmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”
Azərbaycanı etibarlı tərəfdaş kimi görən xanım Ursula von der Leyen Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edəndə Azərbaycandan qaz ixracını iki dəfə artırılacağını və Rusiyadan kəsilən qazı kompensasiya ediləcəyini bildirib.
Gələcəkdə Avropa Rusiya qazından asılılığı tamamilə aradan qaldırmaq üçün fövqəladə planlar hazırlayır və böyük addımlarla hədəfə doğru irəliləyir.
Memorandumda qeyd olunan ikinci məsələ bərpa olunan enerji ilə bağlıdır ki, ölkəmizdə bu yönümdə artıq sərmayə yatırımları bir müddətdir ki, davam edir. Üçüncü məsələ Avropaya qazın ixracı zamanı xətt boyu metan qazının ifrazının azaldılması öhdəliyidir.
Prezident İlham Əliyev də çıxışında qeyd edib: “Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq”.
Tarixi görüş haqqında həmçinin Avropanın nüfuzlu xəbər nəşrləri də ətraflı yazıblar. Məsələn, Almaniyanın Der Spiegel jurnalında Ursula Fon der Lyayen Bakıya “yeni qaz mənbələri axtarışı” üçün gedıb başlıqlı məqalə dərc edib.
Mətbuatda dərc edilən yazılarda həm də bu memorandumu Prezident İlham Əliyevin sözlərinə istinad edərək “gələcək üçün yol xəritəsi” adlandırırlar.
Avropa Komissiyasının rəhbəri hadisəni Azərbaycanla energetika sahəsində olan əməkdaşlıqda yeni səhifə olduğunu qeyd edib. İmzadan öncə Ursula Fon der Lyayen Twitter-də “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir”, yazıb.
Birmənalı şəkildə aydın olur ki, Avropa və Azərbaycan iqtisadi və siyasi münasibətləri gələcəkdə daha perspektivli olacaq. Baş verənlər növbəti dəfə sübut edir ki, dövlətimiz düzgün siyasi yolda addımlayır və ard-arda uğurlara imza atır. Son illərdə Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı regional liderə çevrilmişdir.
Həqiqət Həmzəyeva
Mərkəzi Neftçilər Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi