“Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nu yol xəritəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bildirir
Dövlət başçısı İlham Əliyev çıxışlarında xarici siyasətimizin əsas prioritet istiqaməti kimi Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa xüsusi diqqət yönəldərək bildirir ki, quruma üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolunu oynamasını şərtləndirir. Bu baxımdan Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsasıdır. Azərbaycan 1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» özündə bütün məqamları ehtiva edir. Belə ki, münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına milyardlarla dollar investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu, o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir. Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək.»
Ölkəmizlə Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə Ermənistanda sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması, Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini möhkəmləndirir.
Ötən ilin yanvarında Moskva, sonra Soçi görüşü, onun ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı və Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti və Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşünün təşkili bir daha qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu. Qeyd edək ki, ötən il Şarl Mişel iyul ayında ölkəmizə səfəri zamanı qurumun sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlər səsləndirərək bunu Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı. Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində Azərbaycan üçün çox önəmli danışıqlar və müzakirələr aparıldı, nəticələr əldə edildi. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşlərində əsas müzakirə mövzusu postmünaqişə dövrünün reallıqları, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyi məsələsi olmuşdur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirmişdir. Həmin səfər Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirildi. Görüşlərdə səsləndirilən bəyanatlardan da Avropa İttifaqının və NATO-nun ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistana və Azərbaycana etdiyi çağırışlarda bir daha münaqişənin keçmişdə qaldığını və gələcəyə baxmağın vacibliyini təsdiqləyib. O, həmçinin bəyanatında 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından, 11 yanvar 2021-ci il Moskva və 26 noyabr Soçi görüşlərində imzalanan sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etmişdir və bu da Azərbaycanın mövqeyinə böyük dəstək kimi dəyərləndirildi.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki görüş isə bu il keçirildi. Bu görüşlər Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, eyni zamanda, işğalçı dövlətə belə bir mesaj oldu ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildə yaşananlar Azərbaycan üçün faciə idi. Torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Ermənistan havadarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılaraq əlavə vaxt qazanmış, işğaldan azad edilmiş torpaqlarımızı sanki geri qaytarmayacaqları kimi sərsəm fikri özlərində reallıq kimi qəbul etmişdilər. Onların bu ərazilərdə qurduqları istehkamlar, Ermənistan silahlı qüvvələrinin ən yüksək texnika ilə silahlanması və sair kimi məqamlar da bunu təsdiq edirdi. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu bu istehkamları yardı, Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqları diktə edən qalib Azərbaycandır.
Bütün bunlar onu deməyə əsas verir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Artıq dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirmişdir ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və keçirilən görüşlərdə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri olan elementləri həll etməyə qərar vermişik.
İyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha əlaqələrin bugünkü inkişaf səviyyəsinə işıq salır. Dövlət başçısı İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında sənədin perspektivlərindən bəhs etdilər. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başladıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanılıb: «Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq.» Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen qeyd etdi ki, Avropa İttifaqı regionla sıx bağlıdır. Tərəfdaşlığımıza dəyər verir və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək.
Onu da qeyd edək ki, iyulun 19-da Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusən Azərbaycan ilə Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılmışdır. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çoxtərəfli platformalarda inkişaf etdirilməsi perspektivləri və bu kontekstdə, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, Şərq Tərəfdaşlığının təkmilləşdirilməsi yolları müzakirə edilmişdir.
Göründüyü kimi, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir.
Yeganə Əliyeva, "İki sahil"