20 iyul 2022 18:11
832

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması Prezidentin məqsədyönlü siyasətinin nəticəsidir

Prezident İlham Əliyevin son 19 ildə ardıcıllıqla həyata keçirdiyi siyasət sayəsində müstəqil Azərbaycanın regional və qlobal miqyasda ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsində rolu əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, son illər ərzində görülən işlər sayəsində ölkəmizin neft-qaz sənayesinin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirib.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması tarixi bir hadisədir. İmzalanmış memorandum Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın əvəzedilməz rolunu təsdiq edir və gələcək üçün bir növ yol xəritəsidir. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Avropa İttifaqı Azərbaycanı etibarlı enerji təchizatçısı hesab edərək, yaxın illərdə buradan qaz idxalını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir. Belə ki, hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya 8 milyard kubmetr Azərbaycan təbii qazı idxal edilir. Yeni sazişə əsasən, hazırkı həcm bir neçə il ərzində ildə 20 milyard kubmetrə qədər artırılacaq. Bununla da Rusiyadan qaz təchizatının həcmi azaldılacaq və ölkəmiz Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəkdir. Digər mühüm məqamlardan biri də bərpaolunan enerji ilə bağlı məsələlərdir. Bu saziş vasitəsilə həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığın təməli qoyulur və Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

Ümumiyyətlə Azərbaycanın enerji siyasəti beynəlxalq aləmdə əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşənması çoxşaxəli işbirliyinin səmərəli nəticələridir. Azərbaycanın özünü Avropanın etibarlı mavi yanacaq təchizatçısı kimi təsdiqləməsi, istehlakçıların inamını qazanması Prezident İlham Əliyevin müstəsna xidmətlərinin, onun konkret hədəflərə çatmağa hesablanan məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.

Rəşadət XALIQOV,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini