20 iyul 2022 17:28
783

İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir

"Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir. Bu gün imzalanmış sənəd bu sahədə gələcək əməkdaşlıq üçün bir növ, yol xəritəsidir”. Enerji təhlükəsizliyi məsələlərinə aid mühüm tarixi hadisə olan Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycan -Türkiyə- Gürcüstan əməkdaşlığının nailiyyəti olan, XXI əsrin boru kəməri adlandırılan Cənub Qaz Dəhlizini ümumi iradənin bəhrəsi kimi xarakterizə edib. Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq oldu. İllərin təcrübəsi göstərdi ki, ölkəmizin qaz potensialı “Şahdəniz””lə məhdudlaşmır. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Qitə dövlətlərində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı artırır. “Cənub Qaz Dəhlizinin icrası ilə məşğul olduğumuz zaman biz boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq qurmuşuq” söyləyən Prezident İlham Əliyev mövcud vəziyyəti nəzərə alaraq vurğulayır ki, buraxıcılıq qabiliyyəti 10 milyard kubmetr olan Trans-Adriatik boru kəmərinin genişləndirilməsi haqqında da düşünürük. Dünyanın enerji bazarında söz sahibi olan Azərbaycanın təbii qazın nəqli ilə bağlı hədəfi ixracı potensial tələbata uyğun səviyyəyə çatdırmaq üçün vaxtdan səmərəli istifadə etməkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun yaranması ilə neft və qaz sahələri ilə yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri gündəmdədir. Ölkəmizdə bu sahəyə də böyük diqqət göstərilir. Dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power”” və “Masdar”” şirkətləri ilə imzalanmış müqavilələr əsasında respublikamızda biri Günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Xəzər dənizinin Azərbaycan sektorunun, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Kəlbəcər və Laçın rayonlarında külək və günəş potensialından istifadə ilə bağlı perspektivlər də ümidvericidir.

“Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir” söyləməklə nəzərdə tutulan planların reallaşdırılmasında ənənəvi enerji tərəfdaşlığının davamını vacib hesab edən Prezident İlham Əliyev bildirir ki, ölkəmizin tərəfdaşlıq formatı yalnız enerji təchizatına aid deyil. Regional əməkdaşlıq bütünlükdə iqtisadiyyatımızın şaxələndirilməsi deməkdir. “ Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır” söyləyən , vədlərinə sadiq qaldığını bildirən Prezident İlham Əliyevin sözlərini Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışında səsləndirdiyi “Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub” sözləri ilə təsdiqləyən Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırmışdır.

 Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də energetika sektorunda həyata keçirilən islahatlardan geniş bəhs edildi. “ Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi” söyləyən Prezident İlham Əliyevin perspektiv kimi nəzərdə tutulan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Anlaşma Memorandumunun imzalanması baş tutdu. Bu Memorandum respublikamızın Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə töhfəsi, dövlət başçımızın “Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq” sözlərinə əminlikdir.

İyulun 18-də Prezident İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqlarıı “ Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”” tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. İmzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər. Qeyd olundu ki, bu gün imzalanan sənəd 2006-cı ildə Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin tarixi nailiyyətidir. Hazırda Azərbaycanın təşəbbüsü, Avropa İttifaqının və enerji layihələrinin çəkilişində iştirak edən tərəfdaşların dəstəklədikləri neft -qaz kəmərləri qitənin enerji xəritəsini tamamilə dəyişir. Xəzəri Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft kəmərindən sonra 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərinin istismara verilməsi ilə böyük karbohidrogen potensialına malik ölkəmizin təbii qazı Avropaya çatdırılır. Yəni, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli etibarlı əməkdaşlıq tərəfdaş ölkələrin birgə səylərinin və iradəsinin nəticəsidir.

 Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlanması Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu bəyan edir.

İmzalanan tarixi Anlaşma Memorandumunu gələcək üçün yol xəritəsi adlandırmaq daha məqsədəuyğundur. Əvvəlki illərdə planlaşdırılan layihələrin icra olunması hazırda müzakirə olunan digər məsələlərin də həllini aktuallaşdırır. Coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu ilə bağlı əlverişli potensiala malik Azərbaycanın ölkələr arasındakı şəbəkənin qurulması təklifi üzərində çalışmalar davam etdirilir. Xəzərdə ən iri ticarət donanması , formalaşan və təkmilləşən müasir infrastruktura malik gəmiqayırma imkanları olan, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və dəmir yolları vasitəsilə qonşu dövlətlərlə əlaqə yaradan Azərbaycan həqiqi mənada bölgənin siyasi, iqtisadi, humanitar platformasıdır. Bu münasibətlər şəbəkəsinə enerji qədər diqqət göstərilməsi üçün birgə səylərə hər zaman ehtiyac duyulur. Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada yeni saziş üzərində işlər bu məqamlarnəzərə alınaraq davam etdirilir. Həmişə olduğu kimi, bu gün də Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.

 Mətbuata açıqlamasında Anlaşma Memorandumun üç məqamını “Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik” sözləri ilə diqqətə çatdıran Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen onu da bildirdi ki, Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl də Avropaya qaz təchizatı artıq etibarlı deyildi. “Buna görə Avropa İttifaqı Rusiyadan yan keçərək, daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam” söyləyən xanım Prezidentin vurğuladığı kimi, imzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığını daha da gücləndirəcək: “Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz.”

Bərpaolunan enerji, təbii qaz sahəsindəki birgə səyləri birləşdirən Azərbaycanın Anlaşma Memorandumunda qeyd olunan qlobal metan öhdəliyinə dəvət olunması ölkəmizə inamdan qaynaqlanır. Qeyd edək ki, bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib.

 Avropa Komissiyasının Prezidenti onu da vurğuladı ki, əməkdaşlığın ikitərəfli inkişafı və prioritetləri Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə keçiriləcək iclasında iqtisadi sahədə tərəfdaşlığı gücləndirəcək digər məsələlər də müzakirə olunacaq. Tərəfdaş ölkələrə sərmayə yatırmaq Aİ-nın qlobal qapı strategiyasının başlıca missiyası, Şərq Tərəfdaşlığı Proqramının mahiyyətidir. Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizliyin təminatında maraqlıdır. Sabitliyin bərpasında xüsusi rolu olan Azərbaycanın yaratdığı reallıqların Aİ tərəfindən dəstəklənməsi isə ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidir.

Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri