20 iyul 2022 16:17
800

Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələdə

Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. Azərbaycanın Avropa Komissiyası ilə enerji sahəsində on beş ildən artıq əməkdaşlıq tarixi vardır. Bu müddət ərzində ölkəmizlə Avropa İttifaqı arasında 2006 və 2011-ci illər olmaqla iki mühüm sənəd imzalanmışdır.

Dünyada baş verən geosiyasi proseslər beynəlxalq aləmdə yeni düzən formalaşdırmaqdadır. Məhz belə mürəkkəb durumda Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət ölkəmizi dünyada əsas aktorlardan birinə çevirib. Ölkə başçımızın təşəbbüsü ilə reallaşan enerji layihələri Azərbaycanın güclü və etibarlı tərəfdaş olduğunu artıq bütün dünyaya sübut edib. Eyni zamanda, Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu bu enerji layihələri Avropanın enerji xəritəsini dəyişir. Artıq Azərbaycan Avropaya həm neft, həm də qaz ixrac edən ölkədir. Cənub Qaz Dəhlizi layihəsi isə bu imkanları daha da artırmış oldu.

Hazırda enerji təhlükəsizliyi məsələsi Avropanın gündəliyində dayanan çox mühüm məsələlərdən biridir. Azərbaycan isə həyata keçirdiyi enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını sübut etmiş ölkədir. Məhz bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində olan uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.Ümumiyyətlə, Avropa İttifaqı ilə ölkəmiz arasında bir çox sahələri əhatə edən mövzularda dialoq mövcuddur. Bura həmçinin ölkəmizdə olan bərpaolunan enerji məsələləri də daxildir. Bildiyimiz kimi ölkəmizin çox böyük həcmdə bərpaolunan ernerji potensialı vardır. Xəzər dənizi, Qarabağ və Şərqi Zəngəzurun günəş, eləcə də külək enerjisi potensialını xüsusilə qeyd etmək mümkündür. Ölkəmizdə bərpaolunan enerjidən istifadə üçün artıq real işlərə başlanılıb və bu sahəyə investorlar cəlb edilib. Bu sahəyə Avropa İttifaqının da yüksək marağının olması diqqətçəkən məqamlardandır.

Azərbaycan Avropa İttifaqı ilə həmçinin ticari tərəfdaşdır. Ticarət sahəsində mövcud olan əməkdaşlıqlar həm ölkəmizin, həm də Avropa İttifaqı ölkələrinin iqtisadi imkanlarının artmasında özünəməxsus əhəmiyyət kəsb edir. Bütün bunlardan əlavə, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Çoxşaxəli əməkdaşlıq planlarının işlənərək həyata keçirilməsi ikitərəfli əməkdaşlığa mühüm töhfə olacaqdır. Bir sözlə, əminliklə demək mümkündür ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi vardır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri