20 iyul 2022 16:12
740

Azərbaycanın Avropa İttifaqı ilə olan ikitərəfli münasibətləri sürətlə inkişaf edir

Azərbaycan Respublikası 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xətti əsas prioritetlərdən hesab edilir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Avropa İttifaqı idxal tərəfdaşları sırasında 2-ci yerdə dayanır.

Aİ və Azərbaycan arasında qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün tarix boyunca ikitərəfli sənədlər imzalanmışdır. Onlardan biri 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir. Saziş 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Sənəd Avropa İttifaqı ilə hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir. Daha sonra 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində Azərbaycan Respublikası ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər xüsusən Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. 13 yanvar 2011-ci il tarixində isə Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanmışdır. Bu sənəddə Azərbaycan Respublikası Cənub Qaz Dəhlizi layihəsinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud olan təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını strateji məqsəd kimi təsbit edir.

Azərbaycan qazına olan tələbat sürətlə artmaqdadır. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, həmçinin enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Avropa Komissiyası Cənub Qaz Dəhlizinin icrasında hər zaman vacib rol oynayıb. “Cənub Qaz Dəhlizi” layihəsi təbii qazın Avropa bazarlarına çatdırılmasının əsas prioritetlərindən biri hesab edilir.

Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə 28 sentyabr 2018-ci il tarixində qəbul edilmiş və həmin tarixdə qüvvəyə minmiş Tərəfdaşlıq Prioritetləri sənədində Avropa İttifaqı tərəfindən vurğulanır.

Enerji layihələrinin həyata keçirilməsi daxili inkişafımız üçün çox vacib və əhəmiyyətlidir. Enerji amili və Aİ ilə imzalanmış bütün layihələr ölkəmizin iqtisadi potensialını sürətlə gücləndirir.

Cavid Mehdizadə, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı