Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Məhz bunun nəticəsidir ki, ölkəmizlə bu qurum arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır.
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatlarında da bu məsələ ətrafında geniş bəhs edilib. Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində aparılan fəal əməkdaşlığın on beş ildən artıq tarixi olduğu bildirib. İyulun 18-də tərəflər arasında təsdiqlənən memorandumdan əvvəl – 2006-cı ildə belə bir sənədin və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı xatırladılıb.
Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini vurğulayan Cənab Prezident qeyd edib ki, respublikamız bu təşəbbüsün gerçəkləşməsinə əvvəlcə neft hasilatı ilə, daha sonra isə təbii qazın ixracı ilə başlayıb. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. Bu, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərinin inteqrasiya olunması və bununla Azərbaycan təbii qazının Avropa qitəsinə çatdırılması reallaşıb.
Enerji təhlükəsizliyi məsələləri bu gün əhəmiyyətli dərəcədə önəm daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük uğurdur.
Azərbaycanda mövcud siyasi mühit, iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri gücləndirməyə əlverişli zəmin yaradır. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Avropa İttifaqı üçün cəlbedici bir dövlətə çevirib. Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri tərəfindən Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman yüksək qiymətləndirib.
Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə həmişə xüsusi diqqət yetirir. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə müntəzəm dialoq aparır. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, Avropa İttifaqı ölkəmiz üçün yaxın tərəfdaşdır.
Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu isə öz növbəsində dövlətimizin çox böyük nailiyyətidir.
Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan tərəfindən başlanan və Avropa İttifaqının, o cümlədən, ölkəmizin tərəfdaşlarının dəstəklədiyi enerji layihələri sırasında xüsusilə Cənub Qaz Dəhlizi layihəsi mühüm önəm daşıyır. Başqa sözlə, respublikamız neft və qaz ehtiyatlarını tədarük etməklə, təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının əməkdaşı