21 iyul 2022 00:49
930

İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatla çıxış ediblər. İlk öncə Avropa Komissiyasının xanım Prezidentini və Avropa İttifaqının nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev bu gün geniş əhatəli və qarşılıqlı maraq doğuran məsələlərə aid çox yaxşı müzakirələrin baş tutduğunu söyləyərək, bugünkü gündəlikdə dayanan bütün məsələləri əhatə etdiklərini, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi olduğunu, enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixinin olduğunu, bugünkü Memorandumun Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış birinci sənəd olmadığını bildirdi.
Nəzərinizə çatdırıram ki, Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. 

18 iyul 2022-ci il tarixdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda Avropaya Azərbaycan qazının nəqlinin artırılması nəzərdə tutulur. Hal-hazırda Avropaya daşınan Azərbaycan qazının həcmi 8 milyard kub metrdir. Tərəflər gələn il qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirib ki, Azərbaycan qazının nəqlinin artırılması Avropaya Rusiyadan azaltdıqları qaz idxalını kompensasiya etməyə imkan verəcək: "Anlaşma Memorandumunda göstərilən ikinci ən əsas məsələ bərpaedilən enerji ilə bağlıdır. Azərbaycanın bu sahədə inanılmaz imkanları mövcuddur. Sonuncu məsələ isə qaz nəqli zamanı iqlim amilinin nəzərə alınmasıdır".

Prezdent İlham Əliyev bugünkü memorandumu "gələcək üçün" "yol xəritəsi" kimi qiymətləndirib. Dövlət başçısı Avropa İttifaqı ilə əvvəllər imzalanmış və həyata keçirilmiş enerji layihələrini xatırladaraq bildirib ki, bu razılaşmanın da uğurlu olacağından əmindir. Prezidentin sözlərinə görə, Azərbaycanın təkcə neft-qaz sahəsində yox, həm də külək-günəş kimi alternativ enerji mənbələrində böyük potensialı vardır. Ursula Von der Leyen Azərbaycan Avropanın "təchizat təhlükəsizliyi və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş" olacağını bildirmişdir.
Bu gün imzalanan Memorandumun gələcək üçün bir növ yol xəritəsi olduğunu, əvvəlcədən planlaşdırılmış bütün məsələlər tərəfimizdən icra olunduğunu, bundan sonra da böyük uğurlara imza atılacağını söyləyən Prezident İlham Əliyev, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi olduğunu və planlaşdırılan bütün məsələlərin həllinə nail olacaqlarını bildirdi.

Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri