Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022 ci ilin ilk altı ayına həsr olunmuş müşavirədə Türk Dövlətləri Təşkilatına üzv dövlətlər ilə əlaqələrin genişləndirilməsinə toxunub. Dövlət başçısı bu quruma daxil olan dövlətlər ilə əlaqələrin ölkəmiz üçün prioritet məsələ oduğunu qeyd edib. Prezident dövlətlərarası əlaqələrin inkişafı üçün Türk Dövlətləri Təşkilatına daxil dövlətlərin başçıları ilə keçirdiyi görüşlər və gələcəkdə keçiriləcəyi planlaşdırılan görüşlər barədə ictimaiyyətə məlumat verib.
Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə əsrlər boyu Qərb və Şərq arasında əlaqələrin qurulmasında körpü rolunu oynamışdır. Bolşevik işğalı ilə qırılan bu əlaqələrin bərpası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Türk coğrafiyasının tarixi əraziləri olan Türkiyə və Naxçıvan MR arasında 1992-ci ildə Ümid körpüsünün açılması Heydər Əliyevin bu yolda atdığı ilk addım oldu. Sonralar Heydər Əliyev "Bir millət iki dövlət" şüarını dövlətlər arası strateji siyasi xəttə çevirdi. Beləliklə Azərbaycan və Türkiyə əməkdaşlığı və tərəfdaşlığı ilə başlayan əlaqələr Türk Birliyinin nüvəsinə çevrildi, qədim türk yurdları Anadolu və Azərbaycan arasındakı tarixi bağ bərpa olundu. Dövlətimizin qarşısında Türk dünyası ilə əlaqələr baxımından yeni perspektivlər açıldı.
Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev ölkə başçısı seçiləndən sonra bu xətti layiqincə davam etdirdi. Ölkə başçısının iştirakı ilə imzalanan 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Türk Dövlətləri Təşkilatı təsis olundu. Azərbaycan Respublikasının Türk dövlətləri ilə əlaqələri İlham Əliyev öndərliyində xarici siyasətdə əsas istiqamətlərindən birinə çevrildi. Özünəməxsus xüsusiyyətləri ilə seçilən bu xarici siyasət xətti milli tarixi mədəni çalarları özündə ehtiva edir.Ümumi ortaq tarix və mədəniyyətə malik olan və islam sivilizasiyasının tərkib hissəsi olan Türk dövlətləri ilə əlaqələrin qurulması siyasi və iqtisadi əlaqələr baxımından önəm daşıdığından Xəzər hövzəsinin ölkələrin gələcəyi üçün də yeni iqtisadi perspektivlər vəd edir.
Azərbaycanın Türk Dünyası Təşkilatında oynadığı rol geosiyasi və strateji əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq zəfər tarixi əhəmiyyətə malik kommunikasiyaların bərpası nöqteyi nəzərindən önəmli hadisədir. Əldə olunmuş qələbə Türk Dövlətləri Təşkilatına daxil Mərkəzi Asiya dövlətlərinin Azərbaycan vasitəsi ilə dünya bazarına çıxışını təmin edir ki, bu da ölkəmizin Qərb-Şərq əlaqələrində müstəsna rola malik olduğunun göstəricisidir.Prezidentliyi müddətində İ.Əliyev bu əlaqələrin inkişaf elətdirilməsinə səy göstərmişdir.Onun ən böyük uğurlarından biri gələcək perspektivi yüksək qiymətləndirilən Bakı-Qars dəmir yolunun cəkilişi olmuşdur.
İ.Əliyevin iyun ayında qardaş Özbəkistana səfəri xoş təəssürat doğuran çoxlu yadda qalan hadisələr ilə zəngin oldu. Özbəkstan mədəniyyət xadimləri ilə görüş zamanı onlarla Azərbaycan dilində danışması, Özbək dilinin Xorezm ləhcəsinin Azərbaycan dilinə bənzəməsini və Buxara papaqlarının Azərbaycanda da istifadə olunmasını bildirməklə Türk xalqlarının köklərinə necə bağlı olduqlarını və eyni mədəniyyətin daşıyıcıları olduqlarını bütün dünyaya nümayiş etdirdi.
Türk dövlətləri və digər qonşu dövlətlərlə siyasi, iqtisadi və mədəni çoxşaxəli əlaqələrin genişləndirilməsi dövlətimizin qarşısına yeni ümumbəşəri vəzifələr qoyur.
Əfqan Əsgərov,
Bakı şəhəri, Xətai rayonu, M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Tarix müəllimi