İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə olunub. Müşavirə Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində qurulması üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir çox vacib məsələlərə toxundu, çox mühüm mesajlar verdi. Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş, daim haqq mövqeyi ilə çıxış edən müstəqil bir ölkə kimi böyük nüfuza sahibdir. Ölkəmiz dünyanın güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir. Azərbaycanın etibarlı tərəfdaş imici həmçinin onun iqtisadi potensialı və durmadan inkişaf edən iqtisadiyyatı ilə dəstəklənir. Azərbaycan bu gün dünya iqtisadiyyatının bir parçası kimi önəmli həlqələrdən birini təşkil edir. Müşavirədə önə çıxan məqamların təhlili bir daha göstərir ki, Azərbaycanın xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam edir. Sosial-iqtisadi inkişafın davam etməsi, ölkənin beynəlxalq nüfuzunun artması, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsi Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə əmin addımlarla irəlilədiyini göstərir. Azərbaycan Prezidenti yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də davamlı olaraq bütün sahələrdə uğurlu addımlar atır.
Bu gün Azərbaycan bütün dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Respublikamızın tarixi nailiyyətlər qazanaraq dünyada söz və nüfuz sahibinə çevrilməsi milli maraqlara və müasir çağırışlara əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsi sayəsində mümkün olub. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli nüanslara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı.
Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Yeni dönəmdə də Azərbaycan güclüdür, çağırışlara hazırdır, nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır. Son bir ildə Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün sosial islahatlar keçirilib. Qaçınılması mümkün olmayan dünya böhranından ən az təsirlərlə çıxılması üçün mühüm sosial paketlər tətbiq olundu. Ölkə başçısının müşavirədə qeyd etdiyi əsas məqamlardan biri də bəzi ölkələrdən fərqli olaraq beynəlxalq borcumuzun minimum səviyyədə olmasıdır. Ölkə başçısı buna da aydınlıq gətirdi ki, hazırda heç bir yeni kreditdən istifadə edilmir. Pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq bütün bərpa işlərini öz hesabımıza həyata keçiririk. Bərpa işinin miqyası isə olduqca böyükdür. Nəzərə alsaq ki, Qarabağ demək olar ki, tamamilə viranəyə çevrilmişdi və hazırda dövlətimiz qürurlu şəkildə doğma torpaqlarını bərpa edir. Beləliklə, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Sözünə, vədinə sadiq olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcəkdir. Hər bir uğurun təməlində isə sözsüz ki, xalqımızın rəhbərinə olan sonsuz inamı dayanır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri