20 iyul 2022 00:18
622

Avrasiya məkanında geosiyasi enerji üçbucağı formalaşır

Avrasiyada geosiyasi mənzərə enerji kartının daha da güclənməsi ilə sürətlə dəyişməkdədir. Şübhəsiz, bütün bunlar Ukrayna müharibəsi üzündən Rusiyanın neft və qazından dünyanın imtinası fonunda baş verir. Dünyanın, ilk olaraq Avropanın Rus enerjisindən imtina planlarının nə ilə bitəcəyini müzakirə etmirik. Ortada nəticə xarakterli təzahürlər var ki, hələlik onlara söykənməliyik. İraq Səudiyyə ilə enerji şəbəkəsini birləşdirir, Avropa yeni enerji  mənbələri  axtarışında Yaxın Şərqə büş vurur, Əmirliklərlə Avropa İttifaqı enerji anlaşması imzalayır, Avropa İttifaqı Misir və İsraillə üçtərəfli enerji sazişi imzalayır və əlbəttə ki, Avropa İttifaqı Azərbaycanın böyük enerji,infrastrktur imkanlarını nəzərə alaraq Azərbaycanın qazından, bərpa olunan enerjisindən daha çox bəhrələnmək istəklərini ortaya qoyur və elə bu istəklə də Ursula Fon der Layn xüsusi missiya ilə Bakıya göndərilir və rəsmi Bakı da tam və hesablanmış arqumentlərlə Avropanın yeni enerji geosiyasəti içində özünün dövlət maraqlarını qurmağa başlayır. Başqa nə etməliyik?! Şanslara göz yummalıyıq?  Düşmüş böyük geosiyasi şansları dəyərləndirmək qəbahət yox, Azərbaycanın dövlət başçısının məharəti kimi dəyərləndirilməlidir. Avrop ada rus enerjisinin yeri boşalır, imkanı olan hər dövlət o boşluğu doldurmağa çalışır. Məgər ABŞ belə etmir? Avropada rus  qazı  çəkisini itirdikcə ABŞ-ın sıxılmış qazının miqdarı artır. Tankerlərə yükləyib sıxılmış qazı Avropaya daşıyırlar. Nəyi pisdi? Pisdisə qoy hamıya pis olsun. Eyni məntiqlə Azərbaycan da Avropaya öz qazını daha  artırq nəql etmək haqqına malikdir. Tarixdə ilk dəfə olaraq ABŞ Avropaya ixrac etdiyi qazın həcminə görə Rusiyanı üstəlıəyir-sutkada 350 milyon kubmetr. Təbii ki, ABŞ həm özünün geosiyasi iddialarını gerçəkləşdirir, həm də pul qazanır. Keçmişdəki iki dünya müharibəsində olduğu kimi aradan həm də varlanaraq çıxır. Azərbaycan niyə bubu etməsin?! ...

Prezident İlham Əliyevin məharətinin parlaq göstəricilərindən biri də odur ki, dünyanın enerji geosiyasətində baş verən sürətli dəyişiklikləri əla tutur və dövlətin maraqlarını bu əsaslarda qurmağa çalışır. Burada bəzilərinin "axı Rusiya bizdən inciyər" kimi infantil mövqeyinə heç bir əhəmiyyət verməyə ehtiyac yoxdur. Azərbaycan heç vaxt öz enerji ehtiyatlarını kiməsə qarşı silaha çevirməyib, bunu heç vaxt siyasiləşdirməyib. Enerji məsələsinə əsasən kommersiya prizmasından baxmaq bu gün də davam edir. Lakin əlverişli geosiyasi mənzərələri sezmək və nəzərə almaq da öz yerindədir.

Prezidentimiz Avrokomissiya prezidenti ilə görüşdə dedi ki, şəbəkə və infrastruktur qurmaq enerjinin özü qədər vacibdir və bu bizim üstünlüyümüzü təmin edir. Həqiqətən də,əgər qaz və nəql üçün zəruri şəbəkələr yaradılıbsa Azərbaycan özünün yaratdığı bu üstünlükdən niyə də sonadək istifadə etməsin?! Azərbaycanın Avrokomissiya ilə enerji sahəində strateji saziş imzalaması məhz zərurətdən irəli gəlir.

Azərbaycanın Avropa ilə strateji enerji tərəfdaşlıq memorandumu inzalamasının başqa məqamları da var.

Məlumdur ki, ölkəmiz son 15 ildə Avropa Burliyi ilə enerji sektoru üzrə ardıcıl əməkdaşlıq edir. Əməkdaşlıq canlı və dinamik prosesdir, yəni o dayanmamalı, özü üçün son və ya yüksək hədd təyin etməməli, bir formadan başqa formaya keçməklə inkişaf etməlidir. Azərbaycan bu ilin yanvarından enerji əməkdaşlığının yeni və daha yüksək formasına keçid etdi-Prezidentin sözləri ilə desək, Avropa ilə enerji sahəsində dialoqa başladı. Dialoq və əməkdaşlıq bir-birlərini inkar etməsələr də eyniyət təşkil etmirlər, əksinə biri digərinin davamı kimi çıxış edir. Ancaq dialoq daha geniş məzmunlu və çoxşaxəli  posesdir. Dialoq tərəfi olmaqla sadəcə əməkdaşlıq tərəfi olmağın arasında böyük fərq var. Azərbaycanın  Avropa ilə enerji üzrə dialoq tərəfi olması ölkənin mövqeyini və manevr imkanlarını sözsüz artıracaq. Əməkdaşlıq tərəfi olaraq Azərbaycan Avropanın enerji sisteminin içində enerjini yaradıb sadəcə satan tərəf idi. Bu gün yeni statusda ölkəmizin imkanları dəyişir, Azərbaycan Avropanın enerji sistemində həm də dəyişdirici rol oynamağa başlayır. Dialoq tərəfi olaraq ölkəmiz Avropanın enerji siyasətinin formalaşmasına və həyata keçirilməsinə təsir göstərmək imkanı da qazanır. Avropa ilə enerji üzrə dialoq tərəfi olmaqla təbii ki, Azərbaycan öz üzərinə konkret məsuliyyətlər də götürməlidir və götürür. Məhz bundan sonra ölkəmiz Avropanın enerji siyasətini formalaşdıran qüvvələrdən birinə çevriləcək. Dünənə kimi Avropanın enerji tələbatını ödəyən mənbə idiksə, bu gün Avropanın enerji siyasətini formalaşdıran güclərdən birinə çevrilmək şansına yetişirik. İlham Əlyev xanım Ursula ilə görüşdə "biz bu ilin yanvarından Avropa ilə enerji dialoquna başlamışıq" fikrini məhz bu böyük hədəfə tuşlanaraq söylədi. Azərbaycan Avropanın enerji siyasətinin formalaşmasına təsir edən qüvvəyə çevrilmək üzrədir ki, Əliyevin imzaladığı strateji tərəfdaşlıq anlaşması bunun əsasını təşkil edir. Bundan sonra Avropada Azərbaycana nefti-qazı sadəcə satan tərəf kimi baxıla bilməz. Əksinə, hər kəs qəbul edəcək ki, Azərbaycan Avrasiyanın enerji geosiyasətini formalaşdıran əhəmiyyətli güclərdən biridir. Ölkəmiz üçün bundan da mötəbər status olacaqmı?!...

Bütün Avrasiya regionunda vahid enerji geosiyasətinin formalaşması çətin və mürəkkəb prosesdir. Lakin artıq başlayıb və onu ABŞ-ın dəstəyi ilə başladan Avropa İttifaqıdır. Əvvəldən xatırlatmışdım ki,bir ay əvvəl Ursula Fon Der Layn Avropa Burliyi ilə Misir və İsrailin arasında üçtərəfli enerji anlaşması imzaladı. Məqsəd daha çox Misir və İsrail qazını Avropaya daşımaqdır. Beləliklə, Avropa ittifaqı və İsraillə Misiri iki enerji tərəfləri  kimi qəbul etsək, Azərbaycanın da böyük  enerji məkanı kimi bu prosesə  qoşulması ortaya unikal bir mənzərə çıxarır. Avrasiya məkanında Avropa Birliyi-Misir və İsrail-Azərbaycandan ibarət geosiyasi enerji üçbucağının əlamətləri görünməkdədir. Heç şübhə yoxdur ki, İlam Əliyevin ən uzaq hədəfi Azərbaycanı Avrasiyanın ən güclü enerji oyunçularından birinə çevirməkdir. Avropa ilə Strateji Tərəfdaşlıq anlaşması bu hədəfə doğru ən qısa yolu təmin edə bilər.

Açılmış mühüm perspektivlərdən biri də  ölkəmizin külək və günəş enerji sektorlarını dinamik inkişaf edərək gəlir gətirən sahəyə çevirməkdən ibarətdir. Zatən Avropa birliyi də bunu hədəfləyib. Avropada yaxşı başa düşülür ki, Azərbaycanda külək və günəş enerjisini artlrmaqla daha çox qaz alıb aparmaq imkanı əldə etmək olar.

Nəhayət, Avroittifaqla yeni strateji tərəfdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə pozulmazlıq təminatı verən yeni hüquqi-siyasi sənəddir. Anlaşmanın son maddəsi bütün Avropanı Azərbaycanın qarşısında bu öhdəliklə yükümlü edir.

Aydın Quliyev