20 iyul 2022 02:53
810

Azad Qarabağ və Zəngəzur əzəli sakinlərini qarşılayır

Postmünaqişə dövründə işğaldan azad edilmiş torpaqlarımızda infrastrukturun bərpası ilə bağlı  çoxsaylı addımlar atılır, böyük layihələr icra olunur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, biz Qarabağı, Zəngəzuru yenidən qururuq.

27 sentyabr 2020- ci ildə başlayıb 10 noyabrda, cəmi 44 gündə Zəfərlə bitən Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərlər edən Ali Baş Komandan, Prezident İlham Əliyevin bu ərazilərə hər gəlişi infrastruktur layihələrinin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini nəzarətdə saxlayır, rayonlarda, kəndlərdə ictimaiyyət nümayəndələri ilə görüşərək prioritetləri açıqlayır.

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı Qarabağda aparılan yenidənqurma işlərinə toxunaraq qeyd etdi ki, bütün işlər plan üzrə gedir: “İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

Dövlət başçısı dəfələrlə bəyan etmişdi  ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan  “Ağıllı kənd” , “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq. Prezident İlham Əliyev, eyni zamanda, bildirir ki, azad olunmuş ərazilər “yaşıl enerji” zonasına çevriləcək. Bu ərazilərin dövlət başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevirir. Vətəndaşların sosial şəraitinin yaxşılaşdırılması, rahatlığın və əlçatanlığın təmin edilməsi daim ön planda olur. Bu baxımdan da “ağıllı kənd” layihəsinin tətbiqində məqsəd insanların həyat şəraitinin yüksəldilməsidir. Konsepsiyaya uyğun olaraq “ağıllı kənd”də bütün xidmətlər əlçatandır. Yəni, ölkədə olan bütün xidmət növlərindən kənddən heç bir yerə ayrılmadan istifadə etmək mümkün olacaq.

Həmçinin ölkə başçısı İlham Əliyev may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimində çıxışı zamanı bir daha diqqətə çatdırmışdı ki, biz iqtisadi cəhətdən müstəqilik: “Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

Ali Baş Komandanın siyasi iradəsi, əzmi və qətiyyəti sayəsində bu gün artıq 29 il bundan öncə doğma yurd yuvalarını tərk edərək yalnız canlarını qurtaran insanlar abadlaşmış dogma torpaqlrına qayıdırlar. İyulun 19-da Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Bəli, Ali Baş Komandan,  Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi.  Cəmi 44 günə Azərbaycanın qəhrəman əsgər və zabitlərinin misilsiz igidliyi ilə düşmən tapdağından azad edilən torpaqlarımız əzəli sakinlərini qarşılayır.

Günel Eyyubova, “İki sahil”