19 iyul 2022 18:10
850

İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır

Prezident İlham Əliyev cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış etmişdir. Çıxışında dövlət başçısı bu ildə torpaqlarımızda yenidənqurma işləri aparıldığını, inkişaf edildiyini və əvəlki görkəminə qaytarıldığı məsələsinə toxunmuşdur.

Prezident İlham Əliyev siyasi iradəsinin, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların məntiqi nəticəsi olaraq bu gün paytaxt Bakı ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-ocaqlarına qayıdışlarının təmin edilməsi əsas vəzifəsilərdən biridir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.

İşğalçı və terrorçu mahiyyətini öz cılız siyasəti və nankor əməlləri ilə sübüt edən Ermənistan bir an belə olsa bu çirkin niyyətlərindn əl çəkməyib, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı misli görünməmiş vandalizm aktları törədib. Qədim tarixi, əsrlərlə yaşı olan şəhər və kəndlərimizi qəsdən dağıdaraq, xalqımızın tarixi irsini özündə əks etdirən izlərin silinməsinə kobud cəhdlər edilib. Hər bir tarixi, mədəni və dini abidəni talan edərək həmin ərazilərin tarixini saxtalaşdırmağa, süni şəkildə erməniləşdirməyə çalışıblar. Azərbaycan xalqının hissiyatına toxunaraq, məscidlərimizdə heyvan saxlayaraq, ümumilikdə İslam aləmini təhqir edib, insanların inanclarına qarşı vəhşi münasibət sərgiləyiblər.

“Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin urbisid və kultursidin bariz nümunəsinə çevrilib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”. Bu sözləri ilə Prezident İlham Əliyev çıxışı zamanı erməni vandallarının törədikləri vəhşiliyin və vandalizmin, dağıntıların tam miqyasını diqqətə çatdırmışdır.

Dövlət başçısı İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birnin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.

Prezident İlham Əliyev onu da əlavə edib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kəndi” dünyanın ən müasir kəndlərindən biridir.

Bu gün ermənilərin işğal altında saxladıqları ərazilərdə basdırdıqları minaların təmizlənməsi prosesi davam edir. Azərbaycan azad edilmiş ərazilərdə şəhər planlaşdırmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. Eyni zamanda Zəngilan və Laçın rayonlarında daha iki hava limanının tikintisi davam edir.

İşğaldan azad  edilmiş bəzi şəhərlərin Baş planları hazırıdr. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulur. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.

Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Şəhər və kəndləriizin yenidənqurma və bərpasında başlıca məqsəd və əsas hədəf keyfiyyət və sürəti birləşdirmək, ətraf mühiti qorumaq, ekoloji təhlükəsizliyi təmin etməkdir.

Azərbaycanın öz maliyyə hesabına aparılan iri miqyaslı yenidənqurma işləri, azad edilmiş ərazilərimizdə şəhər inkişafı sahəsində ölkəmizin nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşən Prezident İlham Əliyev bir daha bildirmişdir ki, azad ediliş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

Azərbaycan hər sahədə böyük və təkmil təcrübəsi ilə dünyaya nümunə olaraq yeni uğurlara doğru addımlayır. Paytaxtımımz Bakı ilə yanaşı bütün bölgələrimiz, geniş bərpa-quruculuq işlərinin mərkəzi olan Qarabağ torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, tikinti-quraşdırma işləri geniş vüsət almaqdadır. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq.

Mürsəl Əliyev,
Müdafiə Sənayesi Nazirliyinin  Elmi-Tədqiqat İnstitutunun direktoru,
YAP Xətai rayon təşkilatının MSN Elmi-Tədqiqat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri,
t.e.d. professor