19 iyul 2022 16:06
914

Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır

İyulun 15-də cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı zamanı Prezident İlham Əliyev 2022-ci ilin birinci yarısının yekunlarını yüksək dəyərləndirib, görüləcək işlər haqqında danışıb.

Dövlət başçısı bildirib ki, ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Energetika sektoru ilə bağlı danışan ölkə başçısı qeyd edib ki, bizim üçün bu, həmişə prioritet olub: “Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq. Əlbəttə, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir.”

Son illər ölkəmizdə energetika sahəsinin inkişafı sahəsində böyük layihələr icra edilib. Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib və 1,6 milyard kilovat/saat ixrac olunub. Bu, rekord göstəricidir. Azərbaycan artıq böyük həcmdə elektrik enerjisi ixrac edən ölkədir. Dövlətimizin öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir. Təbii ki, bu yüksək göstəricilər ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür.

Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddətdə böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Diqqət çəkən məqamlardan biri də budur ki, 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır. 2021-ci ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib.

Sevindirici haldır ki, Azərbaycanın bərpaolunan enerji potensialı da artır. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək və oradan xarici bazarlara - Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Dövlət başçımızın əsas məqsədlərindən biri də bundan ibarətdir ki, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Artan enerji ixracı ölkəmizin iqtisadi və geosiyasi əhəmiyyətini daha da gücləndirəcək, əlavə valyuta qazandıracaq.

Enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan BP, “ACWA Power” və “Masdar” şirkətləri ilə uğurlu əməkdaşlıq modeli yaradıb. Bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə, qarşılıqlı maraqlarımıza töhfə verəcək. Bu layihələr ölkəmizdə enerji mənbələrini şaxələndirmək məqsədilə bərpaolunan enerjinin payının artırılmasına töhfə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və münasib iş imkanlarının yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcək.

Ümumilikdə dövlət başçısının 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı göstərdi ki, ölkəmiz çox uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri