Ötən həftənin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı müşavirədə son dərəcə konseptual bir nitqlə çıxış etməklə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra məqamlara aydınlıq gətirdi. Çıxışının ilk hissəsində xarici siyasətdən və Azərbaycanın son dövrlərdə güclənən beynəlxalq mövqeyindən danışan Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini və qonşu ölkələrlə əlaqələri hər zaman prioritet olaraq qəbul etdiyini vurğuladı.
Bunun nəticəsidir ki, cari il ərzində Azərbaycan Prezidenti qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla 3 dəfə görüşmüş, Rusiya Federasiyasına, Özbəkistana, Türkmənistana rəsmi səfərə yollanmış, İran və Gürcüstan prezidentləri ilə müxtəlif tədbirlər çərçivəsində bir araya gəlmişdir. Eyni zamanda, Qırğızıstan və Litva Respublikalarının ən yüksək səviyyədə ölkəmizə səfərləri baş tutmuşdur. Digər bir tərəfdən Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə əlaqələr də hazırda yüksələn xətlə inkişaf etməkdədir. Ümumiyyətlə, son illərin tarixçəsinə nəzər saldıqda asanlıqla müşahidə etmək olar ki, ölkəmiz xarici siyasətdə böyük irəliləyiş əldə edib. Bunun əsas səbəblərindən biri və yəqin ki birincisi Azərbaycanın daima öz sözünə sadiqliyi, sözünün də imzası qədər keçərli olduğunu sübut etməsidir. Ölkə başçımızın daha əvvəl də dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Ancaq, təəssüf ki, hər dövlət Azərbaycan qədər açıq, dürüst və şəffaf siyasət aparmağı bacarmır. Bir çox hallarda hətta ən yüksək səviyyədə bəyan etdiyi fikirlərinə, imzaladağı sənədlərə sadiqlik nümayiş etdirmir. Ən dəhşətlisi isə budur ki, bu dövlətlərə beynəlxalq auditoriya da lazımi cavabı verməkdən çəkinir. Belə olan halda isə dövlətlər öz işlərini özləri həll etmək üçün sadəcə haqlı yox, həm də güclü olmağa məcbur olurlar. Xoşbəxtlikdən Azərbaycan öncə ümummilli lider Heydər Əliyev, sonra isə İlham Əliyev kimi dahi liderlərin öndərliyi ilə bu gücü topladı və 2020-ci ildə 28 illik davam edən işğalı, zülmü, qanunsuzluğu özü sona çatdırdı. Bu həm də Birləşmiş Millətlər Təşkilatının 27 il kağız üzərində qalan dörd Qətnaməsinin həyata keçirilməsi faktı idi. İllərlə aparılan məqsədyönlü siyasət, iqtisadiyyatın gücləndirilməsi və dolayısıyla azad-müstəqil siyasi idarəçiliyin sağlam təməllərinin atılması, Ordunun gücləndirilməsi, ən müasir silah-sursat və texnikanın tətbiqi, bütün bunlara paralel olaraq dövlət tərəfindən aparılan sosial siyasətlə əhalinin hər bir təbəqəsinin diqqət və qayğı ilə əhatə olunması nəticəsində ölkədə dövlət rəhbərliyinə qarşı yaranan qeyd-şərtsiz inam və dəstək ölkəmizə əldə etdiyi bu böyük zəfərin açarını təqdim etdi. Azərbaycan cəbhədə qazandığı qələbəni diplomatiya müstəvisinə də daşıyaraq Ermənistanı öz kapitulyasiya aktına qol çəkməyə və üzərinə bir çox öhdəliklər götürməyə məcbur etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də qol çəkdiyi bu sənəd Qarabağ münaqişəsini tarixin tozlu səhifələrinə göndərdi.
Bu gün isə ölkəmizin, o cümlədən regionumuzun artıq yeni gündəliyi var: sülh və əməkdaşlıq. Azərbaycan məhz bu amilləri özü üçün prioritet olaraq qəbul edərək, fəaliyyətini bu istiqamətlərdə qurur. Ermənistan isə təəssüf ki, yenə də bizimlə bənzər ideyeları bölüşməyərək sülhdən boyun qaçırmağa çalışır. Əslində onlar da çox gözəl anlayırlar ki, başqa alternativləri yoxdur, gec və ya tez, xoşluqla ya da zorla mütləq Azərbaycan öz istəyinə nail olacaq, Vətən müharibəsində olduğu kimi. Yəqin, bu səbəbdəndir ki, rəsmi İrəvan açıq şəkildə sülhdən imtina edə bilmir, keçirilən rəsmi görüşlərdə Azərbaycanın şərtlərini qəbul etdiyini bəyan edir. Ancaq sonra yenə həmişəki ampulasına qayıdaraq prosesi ləngitməyə cəhd edir. Dövlət başçımızın 15 iyul tarixli müşavirədə qeyd etdiyi kimi Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Ermənistan tərəfi Bəyanatda təsbit olunmuş erməni silahlı qüvvələrinin azad olunmuş ərazilərimizdən Rusiya Federasiyasının sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsinə paralel olaraq çıxardılması bəndini hələ də tam icra etməyib. Əlbəttə ki bu qəbuledilməz bir vəziyyətdir. Şəhidlərin müqəddəs qanı ilə sulanmış Qarabağ torpaqlarında, Azərbaycanın suveren ərazisində Ermənistanın bir hərbi qulluqçusunun belə olması dözülməzdir. Bununla bağlı sadəcə rəsmi İrəvan yox, Moskva da eyni məsuliyyəti daşıyır. Qeyd edək ki, Azərbaycan Prezidenti müşavirədə ilk dəfə belə bir fakt səsləndirdi ki, Rusiyanın hərbi rəhbərliyi Azərbaycanda səfərdə olarkən Azərbaycan Müdafiə Nazirliyinə söz verib ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq artıq iyul ayının sonuna çatdığımız bu günlərdə hələ də bu sözlər öz real təsdiqini tapmayıb. Belə olan halda nə etmək olar? Bəlkə yenə də Azərbaycan öz işini özü həll etməlidir? Heç kimdə şübhə yoxdur ki, bunun üçün lazımi güc də, iradə də ölkəmizdə var. Sadəcə rəsmi Bakı yenidən qan axıdılmasının tərəfdarı deyil, amma bir qarış Vətən torpağı üçün lazım gələrsə 10 milyon azərbaycanlının hər biri öz qanından da, canından da keçməyə hazırdır.
10 noyabr Bəyanatı ilə təsdiq olunsa da hələ də yerinə yetirilməyən məsələlərdən biri də Zəngəzur dəhlizinin icrasıdır. Məlumdur ki, Bəyanatda bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsi öz əksini tapmışdı. Ancaq bu gün müharibədən 1 il 8 ay keçdiyi bu günlərdə belə Ermənistan hələ də bu istiqamətdə konkret bir addım atmayıb. Azərbaycan tərəfi isə həmişə olduğu kimi üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən Laçın dəhlizi boyunca vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçidini və Zəngəzur dəhlizinin Azərbaycandan keçən dəmir yolu hissəsinin tikintisini təmin edir. Çünki yuxarıda qeyd edildiyi kimi ölkəmiz daima öz sözünə və imzasına sadiqdir. Üstəlik Zəngəzur dəhlizinin icrası 10 noyabr Bəyanatı ilə yanaşı 11 yanvar tarixli Moskva və 26 noyabr tarixli Soçi Bəyanatlarında, 14 dekabr və 06 aprel tarixli Brüssel görüşlərində də təsbit olunmuşdur. Ermənistanın baş naziri Nikol Paşinyan bu qədər sənədə öz imzasını atmasına baxmayaraq hələ də real addımlar atmayaraq nə sözünün, nə də imzasının bir qara qəpik qədər dəyəri olmadığını etiraf etmiş olur. Yəqin ki, bu utanc Ermənistan tarixində də özünə kifayət qədər yer tapacaqdır. Müşavirədəki çıxışında Qarabağ üçün “status” və artıq rəsmən “ölü qurum” olan ATƏT-in Minsk qrupunun dirildilməsi cəhdlərindən də danışan Azərbaycan prezidenti bu mənfi meyillərin fəsadı ola biləcəyini bildirdi. Ən azından rəsmi İrəvan düşünməlidir ki, Azərbaycan qərbi Zəngəzur üçün status tələb etsə bu nə ilə nəticələnəcək. Axı bizim bunun üçün daha çox tarixi əsasımız var. Eyni zamanda, maraqlıdır ki, Ermənistan Azərbaycanın sülh üçün irəli sürdüyü 5 baza prinsipini qəbul etdikdən sonra Minsk qrupunun hansı işlə məşğul olacağını düşünür. Bütün bunlar cavabsız suallardır. Ancaq ən əsası Ermənistan üçün heç də yaxşı cavabların səslənməyəcəyi suallardır. Yaxşısı budur ki, Ermənistan yaxın tarixdən dərs çıxarsın və öz xalqı üçün ən düzgün qərarı versin. Əks təqdirdə olacaqlar Azərbaycanın yox, məhz Ermənistanın məsuliyyətində olacaqdır. Unutmaq olmaz ki, sülh müqaviləsi daha çox məğlub Ermənistana lazımdır, nəinki qalib Azərbaycana. Ölkə başçımızın 12.01.2022-ci il tarixli yerli televiziya kanallarına müsahibəsindən bir hissəsini xatırlatmaq istərdim: “Elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”. Bəli, heç şübhəsiz itirən Ermənistan olacaq. Ona görə də Ermənistan yaxşı düşünməli və düzgün qərarı qəbul etməlidir. Əks təqdirdə olanlar 44 günlük Vətən müharibəsindən heç nə ilə fərqlənməyəcək.

Xəyalə Cavanşirli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi