Altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyev görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında geniş məlumat verməklə bərabər qarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Ölkə başçısı bildirdi ki, Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Bunun üçün də gəmiqayırma zavodu tam gücü ilə işləməli, lazımi qədər gəmi, tanker, bərə istehsal edilməlidir. Tanker - bərə və yük gəmilərinin istehsal olunması ölkəmizin iqtisadi imkanlarını, eyni zamanda, tranzit potensialını artıracaq, iş yerlərinin yaradılmasına səbəb olacaq. Nəticədə açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycan çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu və digər layihələrin həyata keçirilməsi üçün isə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mühüm amillərdən biri də yerli və xarici investisiyaların cəlb edilməsidir. Azərbaycanda investisiya mühiti çox əlverişlidir. Bütün bunlara baxmayaraq, Prezident cənab İlham Əliyev müşavirədə çıxış edərkən ölkəmizin investisiya iqliminin daha da yaxşılaşdırılmalı olduğunu qeyd etdi. Azərbaycanın investisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübəsi vardır. Belə ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində ölkəmizə milyardlarla dollar investisiya cəlb olunmuşdur. Həmçinin davamlı olaraq aparılan mübarizə tədbirləri nəticəsində şəffaflıq təmin edilmiş, kölgə iqtisadiyyatının qarşısının alınması işində yaxşı nəticələr əldə edilmişdir. Ölkə başçısı müşavirədə bu mövzuda danışarəkən xüsusilə vurğuladı ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Bunun üçün lazım olan ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir.
Son altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident cənab İlham Əliyevin bəhs etdiyi əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə bağlı məsələlər oldu. Ölkə başçısı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri uğurla icra edilir. Beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib, artıq yaşayış binalarının inşasına başlanılıb. Ağalı kəndi isə istifadəyə verilib. Həyata keçirilən bütün layihələr açıq tender prosedurlarından keçir və şəffaflıq tam təmin olunur. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcəkdir. Hətta içməli suyu ölkənin Aran bölgəsinə qədər gətirib çatdıracaq layihə də mövcuddur.
Ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdən danışarkən bu bölgələrin ərzaq təhlükəsizliyimizin təmin olunmasında yüksək potensiala malik olmasına da diqqət çəkdi. Məlum olduğu kimi dünyada baş verən ciddi geosiyasi proseslər bütün ölkələri ərzaq təhlükəsizliyi məsələləri ilə üz-üzə qoyub. Azərbaycan da dünya iqtisadiyyatının bir tərkib hissəsi olaraq bu məsələ ilə üz-üzədir. Bir halda ki, Azərbaycan taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün artıq dövlət tərəfindən müvafiq proqram hazırlanıb. Hazırlanmış proqrama uyğun olaraq həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirilmədən, tezliklə taxıl istehsalı artırılmalıdır. Odur ki, bu il heç vaxt istifadə olunmayan, təqribən 100 min hektarda taxıl - buğda, arpa, bir sözlə, dənli bitkilər əkiləcək və bu da ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirmiş olacaq.
Müşavirədə Prezident cənab İlham Əliyev böyük qayıdışla bağlı icra edilməli olan işlər haqqında da konkret tapşırıqlar verdi. Verilən tapşırığa əsasən keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçimlər aparılacaq, onların ixtisas və peşələri, həmçinin çalışdıqları sahələr dəqiqləşdiriləcək. Bu istiqamətdə aparılacaq seçimə əsasən keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına daha tez bir zaman ərzində qaytarılacaq və eyni zamanda, onlar iş yerləri ilə təmin ediləcəklər.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri