19 iyul 2022 14:05
706

Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb

Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək nəsillər üçün güclü təməl yaratmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dövləti yalnız regionda deyil, bütün dünyada lider dövlətlərdən birinə çevrilmişdir.

Azərbaycanın son illərdə əldə etdiyi uğurlar artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları və eləcə də ayrı-ayrı aparıcı dövlətlər tərəfindən təsdiq edilir. Xüsusən də ölkəmizin Qərb ölkələrinin enerji təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi töhfələr Avropa İttifaqı rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilmişdir. Həm Avropa ölkələri ilə həm də Avropanın böyük beynəlxalq təşkilatları ilə əməkdaşlıq çərçivəsində Prezident İlham Əliyev bir sıra uğurlara imza atmışdır. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri kimi Azərbaycan dövlətinin müstəqil və uğurlu xarici siyasət yürütməsini qeyd etmək olar. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, hər zaman dünyada ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdir.

120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğunu bir daha sübut edir. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən nüfuzlu və ən böyük beynəlxalq qurumudur. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə hər zaman dəstəkləyib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan dövləti Covid-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Dünya Birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Əvvəlki adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olan təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Təsadüfi deyildir ki, 2012-ci il Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş İkinci Zirvə görüşündə məhz Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır. Son dövrlərdə türkdilli ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır. Bu baxımdan Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması rəqəmsal ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli təşəbbüslərdir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də sıx əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır.

2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, mədəni-tarixi abidələrinin dağıdılmasına, milli-mənəvi dəyərlərimizin məhvinə, zəngin təbii ehtiyatlarımızın qanunsuz talanına və azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə səbəb olan Ermənistanın işğalçılıq siyasətinə ağır zərbə vurulması ilə nəticələndi. Azərbaycan tarixi qələbə qazandı və 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandı. Azərbaycan ilk gündən sülhə hazır olduğunu bəyan edib və bu istiqamətdə praktiki addımlar atıb. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi bunu təsdiqləyir. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün çox vacib məqamlardan biridir. Bu səbəbdən Avropa İttifaqı bütün müsbət səyləri dəstəkləyir. Mümkün sülh sazişinin imzalanması üçün Ermənistan ortaq iradə göstərməyə məcburdur. Azərbaycan və Ermənistan arasında ümumi razılığın əldə edilməsi hər iki xalqın maraqlarına xidmət edən reallıqdır.

Cavid Mehdizadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı