19 iyul 2022 13:07
19174

Azərbaycan sözünə sadiq dövlət kimi böyük beynəlxalq nüfuza sahibdir

Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında,əlbəttə ki,Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək lazımdır. Bizim sədrliyimiz 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu,onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik.Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki,Hərəkatın çox böyük potensialı var,həmrəyliyi dərinləşdirmək,əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.Bu,bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda,Gənclər Platforması da yaradılır.Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır.

Sədrliyimiz bir daha göstərdi ki,Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol,göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi,xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu,əlbəttə ki,böyük dərəcədə artırmışdır.Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılmışdır.Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi Azərbaycana səfər etmişdir.Biz bu təşkilatla çox fəal əməkdaşlıq edirik.Əslində,biz bu təşkilatın çox fəal üzvüyük və bizim təşəbbüsümüzlə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir.Bu dəfə isə yeni seçilmiş Baş katib,eyni zamanda,azad edilmiş torpaqlara səfər edib - Füzuliyə,Şuşaya.Görüş zamanı Ermənistanın Azərbaycana qarşı,bizim mədəni irsimizə qarşı törətdiyi vandalizm haqqında danışılıb.Bu gün azad edilmiş torpaqlara səfər edən hər bir insan-istər Azərbaycan vətəndaşı olsun,istər xarici vətəndaş olsun,-erməni vəhşiliyinin təzahürlərini öz gözü ilə görür.Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik.Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində,həm üzv ölkələr arasında təmaslar genişlənir.Bu il prezidentin Türkiyə Prezidenti ilə üç görüşü olub.Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir və görüş keçirilmişdir.Eyni zamanda,iyun ayında prezidentin Özbəkistana və Türkmənistana səfərləri olub,Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə,Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşlər keçirilib.Gələn ay Qazaxıstan Prezidentinin Azərbaycana səfəri gözlənilir.Türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli,həm çox tərəfli formatda.Nəqliyyat, energetika,digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu il bu istiqamətdə addımlar atılıb – mənim Rusiya,İran,Gürcüstan prezidentləri ilə görüşler bir daha bunu göstərir.Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmışdır,yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir.Altı ay ərzində nə qədər böyük işlər görülüb.Ümumiyyətlə,son illərin tarixçəsinə nəzər salsaq görərik ki, Azərbaycan hər istiqamət üzrə irəliləyib.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da,əfsuslar olsun ki,hələlik real nəticələr yoxdur.Baxmayaraq ki,Vətən müharibəsindən 1 il 8 ay ötüb,ancaq əfsuslar olsun ki,Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.Müsbət məqamlardan,sadəcə olaraq,deyə bilər ki,delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir.Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir.Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı.Ermənistan tərəfi buna o qədər də meyilli deyildi.Ancaq birinci görüş keçirildi.Əlbəttə,bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı.Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur.ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır.delimitasiya uzun bir prosesdir ve biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik.Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib,Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib.Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki,konkret addımlar yoxdur.Azərbaycan və Ermənistan xarici işlər nazirləri bağlı formada görüşəcəklər.Nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki,görüşün nəticələri olacaq.Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb.Orada üzvlər də,o qrupda təmsil olunan üzvlər də müəyyən edilib.Ermənistan tərəfdən hələ ki,belə bir addım atılmayıb.Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir.Biz qalib ölkəyik,biz öz ərazi bütövlüyümüzü bərpa etmişik.Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə,onda bizə bunu açıq desin,biz də işimizi bilək.

İkinci mənfi məqam ondan ibarətdir ki,10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi,bu öhdəliyi öz üzərinə götürmüşdü Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki,Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir.Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik.Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur.Nəinki imkanımız yoxdur,biz görmürük ki,Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur.Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir.Deməli,hələ bu işə başlanılmayıb.Avtomobil yolunun marşrutu bizə verilməyib.cəmi 40 kilometr məsafədir. Aydın məsələdir ki,orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil.Deməli,bu marşrutun bizə verilməməsi,bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir,ancaq bunu etiraf etmir.Ona görə biz haqqımızı tələb edirik.Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik.Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır.

Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb.Halbuki, müharibəyə son qoyulanda,Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan,Rusiya,Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki,status məsələsinə toxunulmur.Ermənistan müəyyən müddət buna əməl edirdi.Ancaq son zamanlar artıq bu,adi hala çevrilib.Status haqqında danışmaq Ermənistan üçün  çox təhlükəli məsələdir.Biz də status haqqında danışa bilərik,Zəngəzur üçün status tələb edə bilərik.O Zəngəzur ki,1920-ci ilin noyabrında bizdən qoparıldı.Buna oxşar mənfi məqamlar çoxdur.Minsk qrupunu diriltmək cəhdləri.Minsk qrupu faktiki olaraq səhnədən gedib.Bu prosesin iştirakçısı olan ölkə deyirik ki,Minsk qrupuna ehtiyac yoxdur28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur.Minsk qrupu həmsədrləri arasında yumşaq desək,soyuq müharibə gedir.Faktiki olaraq özləri etiraf edirlər ki,Minsk qrupu qeyri-funksionaldır.Rusiya tərəfi deyir ki,Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub.Ermənistan bizim beş prinsipimizi qəbul edir,bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması,bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var .

Bu 6 ay ərzində hərbi sahədə də islahatlar aparılıb.Struktur islahatları aparılıb,hərbi təhsildə islahatlar aparılıb.Təlimlərlə bağlı ciddi addımlar atılıb.Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika,silah-sursatlar alınır və alınacaq.Ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk.Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib.Büdcəyə əlavələr edildi,dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı.Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu kifayətdir.Artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək.Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb.Nə qədər lazımdırsa, o qədər də artıracağıq.Çünki biz müharibə nədir,işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik.Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.

Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti,həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə ,dünyada nadir hallarda təkrarlanır.Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir.Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilib ve 90 faizi yenidən qurulub.Azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər,bazalar,hərbi təyinatlı yollar,infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik.Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində,müharibədən sonrakı dövr ərzində böyük işlər görüb. Müharibədə əlil olmuş demək olar ki,bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki,insan rahat yaşaya bilər,gəzə bilər,hətta futbol oynaya bilər,qaça bilər.Bu,çox bahalı texnikadır və o texnologiya elədir ki,vaxtaşırı dəyişdirilməlidir.Biz bunu edirik və edəcəyik.Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır.Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi.Bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq.Keçən il 3 min mənzil və fərdi ev verilmişdir,bu il 1500 mənzil və ev verilib.Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir.Minlərlə xidmət göstərilir,müharibə əlilləri üçün,veteranlar üçün,şəhid ailələri üçün məşğulluq marafonları keçirilir.Ümumiyyətlə,bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.

Qarabağı ve Zəngəzuru yenidən qururuq,yenidən qurmalıyıq.Bununla paralel olaraq,sosial məsələləri həll edirik və edəcəyik.Bizim sosial siyasətimiz hər zaman belə olub.Son müddət ərzində əməkhaqları nə qədər artıb.Bu il, orta əməkhaqqı 14 faiz artıb,pensiya 10 faizdən çox artıb.Bütün bu artımların mənbəyi var,bu da dövlət büdcəsidir.O büdcə ki,o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik.O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik.İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik,beynəlxalq müstəvidə müstəqillik əldə etmişik.Heç kim bizim iradəmizə təsir edə bilməz,heç kim bizə heç nəyi diktə edə bilməz,heç kimdən asılı deyilik və  heç vaxt heç kimdən asılı olmayacağıq.

Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik.Dünyada neftin qiyməti qalxıb,amma, eyni zamanda, dünyanın kapital bazarları çöküb,Neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır,səhmlərdədir.6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb.İqtisadi artım,biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı.Hər iki istiqamət üzrə yaxşı nəticələr var.İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.Əhalinin gəlirləri təxminən 20 faiz artıb.İnflyasiya 12 faizdən bir qədər çoxdur.Amma bu,dünyada ümumi tendensiyadır.Hətta inflyasiya bəlkə 0-0,5,1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır.Bu,ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq.

Resessiya haqqında mötəbər beynəlxalq qurumlar,maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar.Biz də buna hazır olmalıyıq.Azərbaycanda iqtisadi inkişaf,sosial məsələlərin həlli, ordu quruculuğu,Qarabağın bərpası,nəhəng infrastruktur layihələri,nəqliyyat, energetika layihələri,sabitlik,əmin-amanlıq.Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb - 70 faizdən çox.İxracımız 2 dəfədən çox artıb.Qeyri-neft ixracımız 25 faizdən çox artıb.Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır.Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər.Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi.Bu da dünya miqyasında ən gözəl nəticələrdən biri sayıla bilər.Xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir.Birinci növbədə,kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq.İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki,o nisbət də,borcun nisbəti də azalır.

 Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki,indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır.Bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik,sonra vəziyyət yaxşılaşanda açılırdıq.Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır.Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq.Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq.İqtisadi sahədə bu altı ayda görülmüş işlər,əlbəttə,aparılan islahatların nəticəsidir və bu nəticələr,bu rəqəmlər deməyə əsas verir ki,ilin sonuna qədər də nəzərdə tutulmuş bütün planlar reallaşacaq.

Bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq.Əlbəttə,uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin,ilk növbədə,xarici investorlar hesabına və nəhayət,buna nail ola bilmişik.Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur.İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə,əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur.Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.Müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq.Orada 32 su elektrik stansiyası var idi ki,ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar.Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik.Bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası başa çatıb.Bu da əlavə, bizə 50 meqavat verəcək.Gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi.Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk.Bu sahədə çox böyük perspektivlər var.Eyni zamanda bu,bizə imkan verəcək ki,təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək,xüsusilə nəzərə alsaq ki,bizim qazımıza tələbat indi kəskin artıb.Perspektivli yataqlardan çıxarılacaq qazı həm daxili tələbatı ödəmək üçün,eyni zamanda,ixrac üçün də nəzərdə tutmuşuq.Bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır.Yaxın gələcəkdə “Abşeron”,“Şəfəq”,“Asiman”,“Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir.Bu sadəcə olaraq, kəşfiyyat layihələri deyil,fəal işlər gedir.Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur.Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.Energetika nəqliyyatla bərabər  bizim üçün əsas sektorlardan biri olacaq.Nəqliyyat sahəsində də artım var.Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb.Xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir.Coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur imkan verir ki,biz çox önəmli tranzit ölkəsinə çevrilək.Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır,amma bu il biz daha kəskin artım görürük.Burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır.Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq.

Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik.Qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki,eyni gəmi növlərini istehsal etməyək.Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır.İndiki şəraitdə biz buna hazırıq.Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq,limanı genişləndirməliyik.Limanın genişləndirilməsi,yeni gəmilərin inşası,bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi.Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda,tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.

Qarabağda gedən işlərlə bağlı  Ağalı kəndi istifadəyə verilib,beş şəhərin Baş planı təsdiqlənib,yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.Həmçinin tarixi abidələrin bərpası.Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir.Azad edilmiş torpaqlarda,həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən,tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq.Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi,həm içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq.Eyni zamanda,suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək.Kəlbəcər,Laçın rayonlarında  Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.Bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək.İçməli suya və suvarmaya gəldikdə,biz xarici investisiyalardan da istifadə etməliyik.Qarabağ və Şərqi Zəngəzurun bərpası İnfrastruktur, yaşayış binaları,kəndlərin qurulması - bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Çünki biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik.Buna baxmayaraq,Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq.Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq.Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır.Burada da azad edilmiş torpaqlarda binaların inşasında,o cümlədən digər layihələrin icraatında özəl sektor və dövlət tərəfdaşlığı çox vacib ola bilər.

Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır.Bütün ilkin şərtlər var.Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.Nəhəng neft-qaz layihələri göstərib ki,biz bütün öhdəlikləri yerinə yetiririk.İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib.Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir.Ona görə bu,investor üçün əsas şərtlərdən biridir ki,onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu bizdə var,gözəl investisiya iqlimi var,hazırlıqlı kadr potensialı var.Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq.

Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır.Orada müvəqqəti iş yerləri,inşaatda işləyənlər üçün,eyni zamanda,daimi iş yerləri yaradılır.9 yarımstansiya yaradılıb,orada daimi iş yerləri var. Şuşa şəhərində indi otellər fəaliyyət göstərir.Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq,tarixi obyektlərin təmir edilməsi.Hər bir sahə üzrə daimi iş yerləri yaradılır və bütün cavabdeh qurumlar çalışmalıdırlar ki,o iş yerlərində o rayonlardan olan insanlar çalışsın - gənc nəsil,o rayonların nümayəndələri,onların uşaqları, onların nəvələri.Məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır.Energetika,xidmət sektoru, sosial sahə,həkimlər,müəllimlər.Ağdam şəhərində sürətlə məktəb tikilir. Bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda,onları iş yerləri ilə təmin edəcəyik.Şuşa şəhərində xəstəxana,məktəb,bir neçə mədəniyyət obyekti tikilir.Orada çalışacaq insanların əksəriyyəti şuşalılar olmalıdır.

Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var.Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır.Amma əksinə bu, Bakının havasını təmizləyir.Xəzri əsəndə biz hamımız sevinməliyik ki,şəhərə təmiz hava gəlir.Amma bu küləyin də çox böyük faydası ola bilər.Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib.Onlar indi həm Energetika Nazirliyi,həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir,təhlil aparılır.Əlbəttə biz bilirik potensial nədir,biz bilirik ki bu xarici investorlar üçün cəlbedicidir.Zəngəzur dəhlizi,Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu,İran-Azərbaycan elektrik bağlantısı.

Biz müharibə nədir,işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik.Hər an hazır olmalıyıq ki,öz hüququmuzu istənilən yolla təmin edək!.

Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü