19 iyul 2022 12:15
806

Dövlətimizin rifahı naminə gənclər Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib

Müstəqil Azərbaycan Respublikası ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından heç vaxt kənarda qalmamışdır. Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Ümummilli lider Heydər Əliyevin alternativi olmayan düşünülmüş daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizdə daxili-xarici ictimai-siyasi sabitlik bərqərar oldu. Böyük öndər Heydər Əliyevin müdrik siyasətindən və zəngin təcrübəsindən bəhrələnməklə hədəfi Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq və ölkəni yalnız irəli aparmaq olan Prezident İlham Əliyev öz hədəfini reallaşdırmağa nail oldu.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil oldu. Təkcə cari ilin 6 ayına nəzər yetirsək görərik ki, ölkə rəhbərinin bütün istiqamətlər üzrə qarşıya qoyduğu vəzifələr icra edilir. Bu müddətdə ölkəmizin beynəlxalq nüfuzu artıb. Nəticələrə nəzər saldıqda Qoşulmama Hərəkatını xüsusi vurğulmalıyıq. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər uzadılıb. Bu, bizə olan etimadın, düzgün siyasətin nəticəsidir. Dünyanın ən böyük bəlasına çevrilən COVİD-19 dövründə onlarla ölkəyə göstərdiyimiz dəstək bizim nüfuzumuza böyük dərəcədə təsir etmişdir. Bundan başqa dünya dövlətləri ilə qarşılıqlı münasibətlərin gündən günə daha da artması xarici siyasətimizin əsas prioritetini təşkil edir. Belə ki, qonşu ölkələrlə qarşılıqlı investisiya sahəsində müsbət dinamika müşahidə edilir. Bundan başqa Türk dövlətləri ilə əlaqələrimizin inkişaf etdirilməsi siyasətimizin ən vacib nüanslarındandır. Qarşılıqlı şəkildə qurulan bu münasibətlərdə siyasi-iqtisadi məsələlər öz həllini tapmaqda davam edir. Dünyanın lider dövlətlərindən olan ABŞ ilə münasibətlərin tənzimlənməsi, əlaqələrin yaradılması nüfuzumuzu daha da artırır.

Xarici siyasətdəki inkişafla yanaşı daxili siyasətdə də bütün sahələrdə müsbət dəyişikliklər müşahidə edilir. 44 günlük Vətən müharibəsi dövründə canı qanı bahasına vuruşan qəhrəman qazilərimizə hər zaman qayğı göstərilir. Müharibədə əlil olmuş hərbiçilərimizin  demək olar ki, hamısı protezlərlə təmin ediliblər. Bundan əlavə şəhid ailələri və qazilərimiz mənzillərlə təmin ediliblər və bu məsələ hələ də davam etdirilir.

Əmək haqları və təqaüdlərin artması da daxili inkişafımızın ən bariz nümunəsidir. Qarabağımızın gözəlləşməsi hazırda qarşımızda duran əsas vəzifələrdəndir. Artıq bir sıra layihələrə imza atılıb, icrasına başlanılıb. Yolların çəkilməsi təmir-bərpa işlərinin aparılması “ağıllı kənd” layihəsi Zəngilan, Laçın və Füzulidə hava limanının tikilməsi buna əyani sübutdur.

Bütün sadalananların nəticəsi olaraq qeyd edim ki, qısa zaman ərzində dünya ilə uyğunlaşan, gündən-günə gözəlləşən daxili problemləri demək olar ki, olmayan xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla qarşılıqlı münasibət quran dövlətimizin rifahı üçün biz gənclər hər zaman çalışmalı daima inkişaf etməli, Prezidentimizin ətrafında yumruq kimi birləşməliyik.

Günel Əbdürrəhmanova,
YAP-ın gənc fəalı