Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində aparılan siyasət öz müsbət tövhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülmüşdür. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Bir sözlə, iqtisadi sahədə bu altı ayda görülmüş işlər, əlbəttə, aparılan köklü islahatların nəticəsidir. Bu da əbəs yerə deyil ki, ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azad edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqram əsasında aparılmaqdadır.
Qeyd olunan iqtisadi gücün nümayişi ilə bərabər dövlətin xarici siyasət kursunun tam sürətlə irəliləməsi də öz töhvhələrini verməkdədir. Beləki Qoşulmama Hərəkatında sədrliyimizin 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış və bizə olan inam bu illər ərzində daha da artmışdır. Bundan əlavə il ərzində Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmışdır. Üzərində işlənilən yeni sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunmuşdur. Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd olan enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanması buna bir subutdur. Digər tərəfdən Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılmış, yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidentinin həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı ölkə başçısına iki dəfə məktub göndərməsi əlaqələrin inkişafının bir göstəricisidir. Digər beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq aparılıb. Əlbəttə, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında təmaslar genişlənmişdir. Bu il ölkə başçımızın Türkiyə Prezidenti ilə üç görüş keçirməsi, aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etməsi, eyni zamanda, cənab prezidentin iyun ayında Özbəkistana və Türkmənistana səfərləri, Özbəkistan və Türkmənistanın dövlət başçıları ilə, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşləri bu əlaqələrin nə qədər dərin olmasını göstərir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz dövlətimiz üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı şəkildə ifadə olunur, həm də önəmli layihələr üzərində müzakirələr aparılır. Müzakirələr çərçivəsində nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlığın daha da genişlənməsi önə sürülür.
Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, cəmi altı ay ərzində böyük işlər görülüb. Ümumiyyətlə son illərin tarixçəsinə nəzər saldıqda ölkəmizin hər istiqamət üzrə irəliləməyi aşkar şəkildə görünməkdədir. Dövlətimizin mövqeyi hər zaman müstəqil mövqe olub, hər zaman öz mövqeyimizi açıq nümayiş etdirmişik və buna görə dünyada böyük hörmət qazanmışıq. Bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Bu gün, sadəcə olaraq, altı ayın nəticələri onu göstərir ki, biz buna nail ola bilmişik və qarşıda duran işlərin uğurlu icrası ilə həm iqtisadi həm siyasi gücə sahib beynəlxalq nüfuza malik dövlət olaraq inkişaf etməyə davam edəcik.
Vilayət Mirzəyev,
SOCAR “Qaz İxrac” İdarəsinin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi,
YAP Xətai rayon təşkilatı üzrə R.Əliyev küçəsi 19 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini