18 iyul 2022 08:10
427

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Azərbaycan ilə Avropa İttifaqı arasında «Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nun” imzalanması ölkəmizin bu mövqeyinə bir daha işıq salır

İyulun 15-də dövlət başçısı İlham Əliyevin  sədrliyi ilə  2022-ci ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə  diqqət göstərilən  əsas  məsələlərdən biri Azərbaycanın enerji sektorunda qazandığı  uğurlardır.   Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki,  bu gün  enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.

Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki,  bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla  iştirak edəcəyik.  Bu məqam da önə çəkilir ki, əgər əvvəlki dövrlərdə deyilən  məsələlər  öz həllini tapmasaydı,  Cənub Qaz Dəhlizindən söhbət belə  gedə bilməzdi.

Rəqabət qabiliyyəti baxımından   MDB məkanında  birinci olan Azərbaycanın  iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə  xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi  çoxdan təmin etmişik və bu gün başqa ölkələrin  enerji təhlükəsizliyinin təmin edilməsində  öz rolumuzu oynayırıq.  Bu rol müsbət roldur.  Bunu bizim tərəfdaşlar qiymətləndirirlər.  Azərbaycan  heç vaxt öz enerji resurslarından  başqa məqsədlər üçün  istifadə etməmişdir.  Bizim bu sahədəki fəlsəfəmiz  və yanaşmamız ondan ibarətdir ki,  enerji resursları əməkdaşlığı  dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki,  biz bu siyasəti apararaq  öz milli maraqlarımızı təmin  edirik.  Bu gün  həm bölgədə, həm də dünyada  bizim maraqlarımız təmin edilir.

    Avropa Komissiyasının rəsmilərinin  ölkəmizə səfərləri çərçivəsində keçirilən görüşlərdə də hər zaman   bu inam ifadə edilmişdir ki,  Azərbaycan Avropa İttifaqına  mümkün qədər yaxın olmaq arzusundadır və bu əlaqələrin  gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə  Azərbaycanla Avropa İttifaqı arasında imzalanan   «Cənub Qaz Dəhlizi haqqında» Birgə Bəyannaməni əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirən qurum  rəsmiləri  Azərbaycanın bu gün Avropa  İttifaqının ən böyük və etibarlı enerji  tərəfdaşlarından biri olduğunu bildirmişdilər.  Qeyd edək ki, 2011-ci ildə imzalanan  Birgə Bəyannamədə  ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda,  bu əminliyi ifadə etmişdir ki,  imzalanmış sənədlər uğurla  həyata keçiriləcək və  Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı  və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir.  Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. 

  Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynadığını yüksək qiymətləndirən  dünya dövlətlərinin, beynəlxalq təşkilatların təmsilçiləri bildrirlər ki,  ölkəmiz öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Bu gün Azərbaycan Avropanın neft ixracatında  mühüm rol oynayır. Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji enerji dəhlizidir.  Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı  Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan  Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümünə  göstərilir.  Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri  kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində  ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına  əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını  artıran  Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

   Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin  diqqətdə saxlanılacağını  vurğulamaqla qeyd edir ki, Avropa  Azərbaycan qazı üçün mühüm bazara  çevriləcək, eyni zamanda,  Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə  xidmət edən önəmli layihədir.

     Dünya enerji bazarında  mövqeləri möhkəmlənən, investisiya imkanları  artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində  bizim şirkətlərimiz, demək olar ki,  ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Mən də  onlara bunu tövsiyə edirdim və eyni zamanda,  Azərbaycanda  belə bir şərait yaratmışıq ki,  buraya  investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki,  lazımdır və biz də dövlət kimi  bunu edirik.

     Bu fikir də hər zaman önə çəkilir ki,   sabitlik  iqtisadi inkişafın əsas məsələsidir. Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə  «Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik - bütün bunlar çox önəmli amillərdir» söyləyərək bildirmişdir ki, bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz. Biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır: «Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi.»
        Qeyd olunanlar   bu reallığın təsdiqidir ki,  neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı  dünya miqyasında  çox önəmli  enerji hasilatçısı  kimi ciddi ölkəyə çevirib.   Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində  uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir.
 Müşavirədə «Əlbəttə ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq. Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb.  Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək.

     Azərbaycanın enerji sektorunda uğurlarının nə qədər geniş miqyas aldığını görürük. Yazının əvvəlində Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında  əlaqələrin yüksələn xətlə inkişafından bəhs etdik. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində ölkəmizlə qurum arasında ayrı-ayrı sahələrdə, o  cümlədən enerji sektorunda  əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar öz əksini tapıb. İyulun 18-də  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan  Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzaladılar. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında əməkdaşlığın perspektivlərindən danışdılar.  Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayan dövlət başçısı İlham Əliyev bildirdi ki, bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil: «Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var.»  Dövlət başçısı İlham Əliyev imzalanan  Memorandumu əməkdaşlığın gələcəyi üçün yol xəritəsi kimi dəyərləndirdi. Bu reallıq bir daha diqqətə çatdırıldı ki,  indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycanın bərpa olunan enerji sahəsində çox böyük potensialı olduğunu vurğulayaraq qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələr aparıldı. Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək.

Qısa təhlil Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycan  malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə yeni dostlar, tərəfdaşlar qazanır.

Yeganə Əliyeva, «İki sahil»