18 iyul 2022 18:49
820

Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi böyük nüfuza sahibdir

44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də davamlı olaraq bütün sahələrdə  uğurlu addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının da bəyan etdiyi kimi ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr layiqincə  icra edilir.

Dövlət başçısı müşavirədə bir çox vacib məqamlara toxunmuşdur. Müşavirədə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri barədə məqamlar da öz əksini tapıb. Azərbaycanda uzun illər ərzində həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasət dövlətin istər qlobal, istərsə də regional miqyasda mövqelərini əsaslı şəkildə gücləndirib. Əldə olunmuş  bu nüfuz və güc isə Prezident İlham Əliyevin rəhbərliyi altında birbaşa olaraq xalqımızın rifahına yönəldilib.

Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş, daim haqq mövqeyi ilə çıxış edən müstəqil bir ölkə kimi böyük nüfuza sahibdir. Ölkəmiz dünyanın güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir. Azərbaycanın etibarlı tərəfdaş imici həmçinin onun iqtisadi potensialı və durmadan inkişaf edən iqtisadiyyatı ilə dəstəklənir. Azərbaycan bu gün dünya iqtisadiyyatının bir parçası kimi önəmli həlqələrdən birini təşkil edir. Müşavirədə önə çıxan məqamların təhlili bir daha göstərir ki, Azərbaycanın xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam edir. Qoşulmama Hərəkatına sədrlik, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çatdığı yüksək səviyyə, İslam ölkələri və türkdilli ölkələrlə əməkdaşlıqda olduqca sıx qrafik,  Bakının çoxşaxəli xarici siyasət kursunun perspektivini ortaya qoyur.

Prezident İlham Əliyevin dediyi kimi “Əgər biz 10 noyabr  Bəyannaməsinin bütün müddəalarını icra ediriksə,  Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də bir il səkkiz ay keçib və bunu hər kəs nəzərə almalıdır. Digər  məqamlardan biri də odur ki, son vaxtlar  Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki,  müharibəyə son qoyulanda,  Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur.  Ermənistan müəyyən müddət buna əməl edirdi.  Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri  Qarabağın statusundan danışırlar. Status hara  gedib və statusa nə olub, mən müharibədən sonra demişəm,  təkrarlamaq istəmirəm”.

Ermənistan 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirməyə borcludur. Ermənistan dövlətinin nümayiş etdirdiyi yanaşma fonunda isə  Azərbaycan hadisələrin bütün mümkün inkişaf ssenarilərinə hazırlıqlı görünür. Ölkəmizdə aparılan ordu quruculuğu işləri,  hərbi sahədə islahatlar, ordumuzun müasir silahlarla təchiz olunması, hərbçilərin sosial məsələlərinin həlli dövlətimizin sözügedən məsələdə qərarlılığını ortaya qoyur.

İyulun 15-də keçirilən müşavirə  Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində inşası üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını bir daha  nümayiş etdirdi.

Samirə Zeynalova,
YAP Tərtər rayon təşkilatının əməkdaşı