18 iyul 2022 22:06
832

Ermənistan tamamilə sahibsiz qalıb

İşğalçı dövlət başı üzərində qatılaşan qara buludların çəkilməsini istəyirsə, öhdəliklərinə əməl etməlidir

Rusiya-Ukrayna savaşının ən ağır duruma saldığı ölkələrin arasında Ermənistan ön sıralarda yer alır. Bu savaş Ermənistanı dərin tərəddüdlər içərisində buraxıb. Rəsmi İrəvan istənilən halda, prinsipial seçim etməli olacaq. Ancaq hər hansı istiqamət üzrə seçim edə bilmir. Paşinyan hakimiyyəti ABŞ və Qərb ilə Rusiya arasında məcburi balans siyasəti yürütməyə məhkum duruma düşüb. Halbuki, rəsmi İrəvan üçün balans siyasətinin etibarlılıq müddəti bitir, limit sona çatır. Hər hansı tərəfin xeyrinə edilən prinsipial seçim isə mütləq əks istiqamətdən zərbə vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna savaşı Ermənistanın beynəlxalq himayədarlarının da mövqeyini dəyişməyə başlayıb. Hazırda Qərb siyasi dairələri, xüsusilə də, ABŞ üçün “erməni kartı” artıq cəlbedici deyil. Əksinə, indi “erməni faktoru” ABŞ-ın regional maraqlarına ciddi problemlər yarada bilər. Bundan başqa, Paşinyan hakimiyyətinin son vaxtlar Rusiyaya daha çox yaxınlaşmağa çalışması isə Ağ Evin diqqətindən qətiyyən yayınmayıb. Belə ki, ABŞ artıq Ermənistana ilk xəbərdarlıq mesajını verib. ABŞ Dövlət Departamentinin son hesabatında Ermənistan və ermənilər konkret ittihamlara məruz qoyulub. Hətta Ermənistan Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı ərazilərində tarixi abidələri dağıtmaqda, məscidləri təhqir etməkdə suçlanır. Ermənistanda hakimiyyət uğrunda mübarizənin küçə və meydanlara daşındığı bir şəraitdə bu situasiyanın rəsmi İrəvan üçün nə qədər təhlükəli olduğunu Paşinyan hakimiyyəti də anlamamış deyil. Paşinyan hakimiyyəti hazırda daha çox revanşist müxalifətin kütləvi etiraz aksiyalarının təsiri altında hərəkət etmək məcburiyyətində qalıb.

Ermənistan Alternativ Layihələr Qrupunun üzvü Vahe Hovhannisyan öz məqaləsində yazır: “Biz fərqinə varmırıq, amma ölkə tamamilə sahibsiz qalıb. Bütün proseslər cazibə qüvvəsinə buraxılıb”.

“Ermənistanda ictimai əhval-ruhiyyə idarəolunmazdır, bütöv bir dövlətin heç bir məqsədi, formullaşdırılmış vəzifələri yoxdur: “Xarici, daxili, iqtisadi siyasət yoxdur. Hökumət əleyhinə olan əhval-ruhiyyənin də sahibi yoxdur. Ərdoğanla telefon danışığı belə faydasızdır. İctimai, kütləvi sosial gündəmlər sahibsizdir. Heç kim onlara xidmət etmir. Nikol ancaq özünə məlum olan gündəmlə yaşayır”, - deyə Hovhannisyan qeyd edib.

Hazırda Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdə olduğundan və rəsmi İrəvan maliyyə qaynaqlarına möhtac qaldığından Qərb ölkələrindən müasir hərbi texnika almaq mümkün görünmür. Ermənistan, əslində müstəqillik illərində heç vaxt maliyyə vəsaiti sərf etməklə hərbi texnika və silah ala bilməyib. Ermənistan ordusunun hərbi ehtiyacları Rusiyanın hədiyyə etdiyi silahlar hesabına təmin olunurdu. Ermənistanın isə ödəniş edib, müasir hərbi texnika almaq üçün maliyyə vəsaiti mövcud deyil. Belə anlaşılır ki, rəsmi İrəvan nə qədər ümid etsə də, cəhdlər göstərsə də, Ermənistan ordusunu yenidən qurmaq şansları qətiyyən yoxdur. Ermənistanın darmadağın edilmiş ordusundakı dağınıq psixoloji durum, isterika davam etməkdədir, bu gün Ermənistanda çağırışçı problemi də yaşanır. Gənclər yeni müharibə ehtimalından qorxaraq ölkəni tərk edir, demoqrafik böhran dərinləşir, nəticədə iqtisadi tabloda da qara rənglər tüğyan edir. Ermənistan başı üzərində qatılaşan qara buludların çəkilməsini istəyirsə, öhdəliklərinə əməl etməlidir. Necə ki, Zəngəzur dəhlizinin açılması istiqamətində son zamanlar müsbət siqnallar verir və praktiki işlərə başladığını elan edir. Bu cür yanaşmanı İrəvan 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarında təsbit olunan bütün müddəalara münasibətdə də sərgiləmək məcburiyyətindədir. Əks təqdirdə, Azərbaycan özünün hərbi potensialını nümayiş etdirəcək. Hərbi ssenari üzrə baş tuta biləcək əməliyyatlar barədə də fikirlər yürütmək olar. Əvvəla, Qarabağda və Şərqi Zəngəzurda hər an döyüş tapşırıqları almağa hazır olan hərbi hissələr var. Həmçinin, Azərbaycanda peşəkar şəkildə dağ döyüşləri aparmaq üçün komando birlikləri mövcuddur, ordumuzun arsenalında ən müasir və dəqiq zərbələr endirən silahlar var, Azərbaycan Ordusunun ən elit qüvvələri mövcuddur ki, onlar istənilən an istənilən tapşırığın öhdəsindən asanlıqla gələ bilərlər. Bir sözlə, Azərbaycan ordusu istər Ermənistanın taktiki, istərsə də strateji dərinliklərini məhv edə bilər. Bu zaman isə Ermənistanın forpostluqdan da bərbad günə düşəcəyi şübhəsizdir.

Sevinc Azadi, “İki sahil”