Prezident İlham Əliyev 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı bir çox aktual məsələlərin həlli baxımından mühüm rol oynayıb. Dövlət başçısı müşavirədə şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi toxunaraq bildirib ki, şəhid ailələri və müharibə əlilləri daim dövlətimizin diqqəti mərkəzindədir. Ümumiyyətlə respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə qayğı siyasəti Prezident İlham Əliyevin rəhbərliyinin bütün dönəmlərində ardıcıl xarakter daşıyıb. Sözsüz ki, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin ailələri və qazilərimiz hər cür yüksək hörmət və ehtirama layiqdirlər. Dövlətimiz şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir və bu işlər daha da intensiv xarakter almaqda davam edəcək.
Müharibədən sonrakı dövrdə dövlətimiz tərəfindən şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əhatə dairəsi kifayət qədər olan və müxtəlif istiqamətləri əhatə edən tədbirlər həyata keçirilir. Postmüharibə dövründə 100 min şəxsə 193 min xidmət göstərilib, 94 min şəxsə 105 min sosial ödəniş təyin olunub. O cümlədən ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Hazırda həmin kateqoriyadan olan insanlar özünüməşğulluq proqramının fəal iştirakçısına çevriliblər. Əlamətdar haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq məsələlərinin həllində dövlət qurumları ilə yanaşı, cəmiyyət də yüksək fəallıq göstərir.
Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan məşğulluq marafonlarının bütün respublikada böyük əks-səda doğurması bunu əyani şəkildə təsdiqləyir. 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. On bir min müharibə əlili və veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Eyni zamanda bu kateqoriyadan olan insanlara cari il ərzində 600 mənzil artıq təqdim edilib, əlavə olaraq 900 mənzil də veriləcək, həmçinin müharibə əlillərinə 100 avtomobil verilib. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12500 mənzil verilib. Qeyd edim ki, müharibələr dünyanın müxtəlif ölkələrindən baş verir, ancaq heç də bütün dövlətlər müharibədə həyatını itirənlərin və yaxud əlillik qazananların mənzillərlə təminatını öz öhdəsinə götürmür. Azərbaycan isə bütün dünya üzrə məlum kateqoriyadan olan vətəndaşları dövlət hesabına mənzillərlə yaxud fərdi evlərlə təmin edən azsaylı ölkələrdən biridir. Respublikamızda şəhid ailələrinə və qazilərə belə geniş əhatə dairəsinə malik olan dövlət qayğısının göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
Rəşadət XALIQOV,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb