Beynəlxalq iqtisadi araşdırma mərkəzləri bu barədə məlumatlar paylaşıblar
Bu gün Ermənistan sosial-iqtisadi və hərbi cəhətdən çox acınacaqlı durumdadır. Bundan başqa, Ermənistan borc içərisində çabalayır. Belə ki, bu ölkənin dövlət borcu ÜDM-in 60 faizinə bərabərdir. Artıq ağıllı ermənilər anlayırlar ki, Ermənistan öz varlığını bu şəkildə qoruya bilməyəcək. Çünki diaspordan alınan 5-10 milyonla dövlət kimi ayaqda qalmaq mümkün deyil. Ona görə də indi sülh ən çox məğlub Ermənistana lazımdır. Çünki siyasi və hərbi analitiklərin yekdil rəyinə görə, Azərbaycanla növbəti müharibə Ermənistanın özünün bir dövlət kimi yox olmasına gətirib çıxara bilər.
Beynəlxalq iqtisadi araşdırma mərkəzləri də Rusiya-Ukrayna savaşı ucbatından ərzaq böhranı ilə üzləşəcək zəif ölkələr arasında Ermənistanı ilk sıralarda göstərirlər. Hətta bu barədə rəsmi İrəvana xəbərdarlıq da ediblər. Bu baxımdan, mərkəzi ofisi Polşada yerləşən Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun hazırladığı son hesabat Ermənistan üçün əsl fəlakətdir. Hesabata görə, Rusiya-Ukrayna savaşı bütün dünya üçün ərzaq böhranı vəd edir. Hazırda ən fəlakətli durumda hesab olunan ölkələrin sırasında Benin, Şimali Koreya, Sudan, Nikaraqua və Konqo yer alır. Bu ölkələri isə Ermənistan, Misir, Livan və Ruanda izləyir. Məhz fəlakətdən yayınmağın yolu kimi nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə də Qara dəniz hövzəsi üzrə marşrutların açılması vacib hesab edilir.
Ona görə də Paşinyan hakimiyyəti bu qorxunc təhlükədən yayınmaq üçün Azərbaycan və Türkiyə ilə ən qısa zamanda münasibətləri normallaşdırmağa məcbur qala bilər.Hətta düşüncəsi olan ermənilər anlayırlar ki, ölkələrini blokada şəraitindən çıxmaq üçün əvəzolunmaz imkan qazanıblar. Bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Çünki sülh müqaviləsi reallaşsa Ermənistan bölgənin böyük iqtisadi gücünə malik Türkiyə və Azərbaycanla iqtisadi- ticari əməkdaşlığa nail ola bilər. Xüsusilə, Türkiyə Ermənistanla sərhədlərini açsa Ermənistan iqtisadi və geosiyasi blokadadan çıxmaq şansı qazanacaq.
Lakin bu gün Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olan revanşist qüvvələr də çoxdur. Onların başında Ermənistanın keçmiş prezidentləri, «Qarabağ klanı»nın rəhbərləri Robert Koçaryan və Serjik Sarkisyan dururlar. Paşinyan isə revanşistlərə qarşı müqavimət göstərərək onların daha geniş əl-qol açmasına hələlik imkan vermir. Çünki rəsmi İrəvan anlayır ki, Ermənistan bundan sonra «artsax» mövzusu ucbatından yalnız fəlakətlə qarşılaşacaq.
Hətta Ermənistan prezidenti Vaaqn Xaçaturyan da revanşistlərin «artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq» şüarlarını olduqca təhlükəli hesab edir. Onun fikrincə, bu şüarlar yaxın gələcəkdə baş tutacaq Azərbaycan-Ermənistan sülh danışıqları prosesini əngəlləyə bilər: «Biz realist olmalıyıq. Əgər belə şüarlar ilə danışıqlar aparmağa cəhd göstərilsə, manevr imkanlarından məhrum olarıq. Biz siyasəti və diplomatiyanı populizmdən ayırmağı bacarmalıyıq. Ancaq təəssüf ki, bunu bacarmadığımız üçün hər şeyi bir-birinə qarışdırırıq».
Ermənistan prezidenti hesab edir ki, erməni müxalifəti öz revanşist bəyanatları ilə rəsmi İrəvanı Azərbaycanla danışıqlar prosesində çətin vəziyyətə salır. Yəni, prezident Vaaqn Xaçaturyan revanşistlərin hazırda Ermənistanın gələcək taleyini böyük təhlükə altına saldıqlarına işarə edir.
Elçin Zaman, "İki sahil"
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb