İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Qələbədən sonra əvvəlcə infrastrukturların bərpası olmaqla, kompleks quruculuq işlərinə start verildi. Yolların yenidən qurulması, dayanıqlı enerji təchizatının təmin olunması, o cümlədən Şuşa şəhərinin bərpası istiqamətində layihələrin icrasına başlanıldı.
Artıq azad edilmiş ərazilərdə bir sıra iri layihələrin icrası başa çatdırılıb. Beləliklə, Şuşaya Zəfər yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elektrik stansiyalarının, yarımstansiyaların tikilib istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən ay Kəlbəcər rayonuna səfəri də bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpası üçün necə əzəmətli layihələr reallaşdırır.
Bir məsələni də xüsusi qeyd etməliyik ki, Azərbaycan dövləti heç kimdən kömək istəmədən Qarabağ və Şərqi Zəngəzurun bərpasını öz maliyyə imkanları hesabına həyata keçirir. Məhz 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən həmin ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin ötən ay dövlət büdcəsinin gəlir və xərcləri artırılıb və büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki il ərzində işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb.
Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, ötən il Şuşada dahi Azərbaycan şairi və ictimai-xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli bərpa olunub. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, Şirin su hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Azərbaycanın tanınmış tarzəni, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edən, simlərin sayını 5-dən 11-ə çatdıran və ilk dəfə tarı sinədə ifa etməyə başlayan Sadıqcanın Şuşadakı evinin bərpasını da Heydər Əliyev Fondu həyata keçirəcək. Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı layihələrin bir qismi də məscidlərin bərpasıdır. Hazırda Şuşa məscidləri, o cümlədən Ağdam Cümə və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.
Mənsumə Babayeva, “İki sahil”
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb