16 iyul 2022 01:39
821

Ermənistan ya batacaq, ya da…

Təkcə 2022-ci ilin birinci rübündə işğalçı  ölkənin dövlət borcu təqribən 131 milyon dollar artaraq 9 milyard 356,6 milyon dollar və ya 4 trilyon 569,3 milyard dram təşkil edib

Dünya iqtisadiyyatı xüsusilə son vaxtlar çox çətin problemlərlə üzləşir. Davam edən epidemiyalar (məsələn, Çində), Ukraynada hərbi eskalasiya ilə əlaqədar böhran bir sıra istiqamətlərdə dərinləşir. İlk növbədə qlobal təchizat zənciri pozulub, buna xammal tədarükündə mühüm rol oynayan Rusiyaya qarşı sanksiyaların tətbiqi də əlavə edilib ki, bu da ərzaq qıtlığına və ya qiymətlərin kəskin artmasına səbəb olub. Təbii ki, dünya iqtisadiyyatında müşahidə olunan tendensiyalar Ermənistan kimi zəif iqtisadiyyata malik ölkəyə təsir göstərməyə bilməzdi.

Ermənistan üçün ən böyük problemlər Rusiyaya qarşı misli görünməmiş sanksiyalardır. Erməni iqtisadçıların fikrincə, bu, Rusiya iqtisadiyyatında geriləmə və dinamikanın azalmasına gətirib çıxarır ki, nəticədə Rusiyadan asılı olan ölkələrin, xüsusilə də Ermənistanın iqtisadi artımında sürətli çöküş qaçılmazdır. Beynəlxalq enerji və ərzaq məhsulları bazarlarında baş verən hazırkı proseslər isə erməni bazarı üçün inflyasiya gözləntilərini daha da artırır. Belə bir şəraitdə Ermənistan Mərkəzi Bankının 12 aylıq inflyasiyanın 2022-ci ilin sonuna kimi 7 faiz civarında olacağı ilə bağlı proqnozları çox yumşaq səslənir. Artıq Ermənistanın dövlət borcu ÜDM-in 60 faizini keçib. Təkcə 2022-ci ilin birinci rübündə Ermənistanın dövlət borcu təqribən 131 milyon dollar artaraq 9 milyard 356,6 milyon dollar və ya 4 trilyon 569,3 milyard dram təşkil edib. Eyni zamanda, ölkəyə vəd edilmiş investisiya axını yoxdur, bəzi sahələrdə istehsal varsa da bu, əhəmiyyətsizdir. İqtisadi fəaliyyət mühiti isə biznesin inkişafı və azad rəqabətin təmin edilməsi üçün əlverişli deyil. Paşinyan hakimiyyəti sahibkarlara istənilən vaxt təzyiq göstərməyə, onların hüquqlarını pozmağa imkan verən qanunvericilik sahəsi yaradıb. Ona görə də təsadüfi deyil ki, bir çox ekspertlər, Ermənistanın iqtisadi perspektivləri ilə bağlı kifayət qədər bədbin proqnozlar verirlər.

Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin yanvar-may aylarında 7,7 faiz inflyasiya qeydə alınıb. 2022-ci ilin mayında inflyasiya 2021-ci ilin may ayı ilə müqayisədə 9 faiz təşkil edib. Sonuncu dəfə belə inflyasiya ötən əsrin 90-cı illərində qeydə alınmışdı. Ermənistanda ərzaq qiymətlərində ikirəqəmli inflyasiya qeydə alınmaqda davam edir, bu da xüsusilə sosial cəhətdən həssas qruplara - pensiyaçılara, yardım alanlara, çoxuşaqlı ailələrə və s. təsir edir. Təkcə may ayında çörəyin və dənli bitkilərin qiyməti 16 faiz artıb, buna baxmayaraq insanların pensiya və müavinətləri əvvəlki kimi qalıb. Eyni zamanda, 2021-ci ilin may ayı ilə müqayisədə 2022-ci ilin may ayında un - 13,5 faiz, düyü - 15,8 faiz, lobya - 5,1 faiz inflyasiya qeydə alınıb. Ermənistan Rəqabət Komissiyasının verdiyi məlumata görə, şəkər bazarı inhisarçılığı ilə seçilir, xüsusilə də şəkər məhsulları qrupunda 2022-ci ilin may ayında 2021-ci ilin may ayı ilə müqayisədə 8,6 faiz inflyasiya qeydə alınıb. İqtisadi sanksiyalar müharibəsi ərzaq bazarında böyük sarsıntılara səbəb olub, bundan sonra Ermənistana idxal olunan bir sıra ərzaq məhsullarının qiymətləri kəskin artıb. Maraqlıdır ki, xaricdən gətirilən malların qiyməti təxminən 20 faizə qədər bahalaşıb. Yəni iqtisadiyyata böyük ziyan vuran mərkəzi bank inflyasiyanı cilovlaya bilmir.

Təbii ki, Ermənistan bazarında inflyasiya təkcə xarici amillərlə izah oluna bilməz, çünki Ermənistanın kənd təsərrüfatı sektorunda 6 faizə qədər azalma inflyasiyanın sürətini dərinləşdirib, o cümlədən heyvandarlıq sektorunda 3.9 faiz azalma ətin qiymətinin kəskin artmasına səbəb olub. 2022-ci ilin may ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə quzu, mal əti və donuz ətinin qiymətləri 4,8, 12,2 və 10, çörəyin 14,1, süd məhsullarının qiymətləri 19,2 faiz bahalaşıb. Eyni zamanda, Ermənistanda bitkiçilik məhsullarının 24,4 faiz azalması və gübrələrin bahalaşması yüksək inflyasiyaya səbəb olub. O cümlədən, 2022-ci ilin may ayında 2021-ci ilin may ayı ilə müqayisədə meyvə-tərəvəz məhsulları qruplarında 51,3 faiz inflyasiya qeydə alınıb.

Sonda onu da qeyd edək ki, Ermənistan bazarında inflyasiya təkcə idxal olunan malların bahalaşması ilə deyil, həm də kənd təsərrüfatı sektorunun davamlı olaraq aşağı düşməsi ilə şərtlənir.

Sevinc Azadi, “İki sahil”