14 iyul 2022 22:34
1138

Qazilərimizin normal həyatlarına qayıtmasına dəstək olaq!

BU, TƏKCƏ HÖKUMƏTİN İŞİ DEYİL, HƏM DƏ TOPLUMLA BAĞLI MƏSƏLƏDİR

“Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə!”

Prezident İlham Əliyev

Son günlər baş verən intiharlar cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. İlk növbədə intihar edənlərin sayının artan dinamika üzrə çoxalması və ən əsası bu vasitə ilə həyatına son qoyanların müxtəlif xəstəliklərdən və avtomobil qəzalarında həlak olanlarla ilk sıralamalarda yer alması ciddi və haqlı narahatlıq doğurmaqdadır.

İntihar edənlər arasında Qarabağ qazilərimizin və müharibə veteranlarının olması isə ən ağır və ağrılı yerimizdir. Son belə bir hadisə iyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili, 35 yaşlı Cəfərov Elvin Zakir oğlunun Sabirabad Rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihar etməsi oldu. Rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilsə də, müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilsə də, çox təəssüf ki, onun həyatını xilas edə bilmədik. Döyüş yoldaşlarının sözlərinə görə, Elvin müharibə dəhşətlərini canı, qanı ilə yaşayanlardan olub, ağır döyüşlərin birində yaralanmış, kəllə-beyin travması almış, sol böyrəyi sıradan çıxmış, görmə-eşitmə orqanları ciddi zədələnmişdir. Yanındakı dostlarının ölümünə şahidlik etməyi isə təbii ki, onun aldığı ən ağır mənəvi, psixoloji zədələr olmuşdu. Bu qədər ağrı-acını asanlıqla və tezliklə unudub, normal insanlar kimi cəmiyyətə adaptasiya olunması mümkün olan şey deyildi. Ancaq görünür, toplum olaraq Elvinə hərtərəfli dəstək ola bilmədiyimiz üçün onun müharibədən aldığı psixoloji sarsıntılar onu özünə qarşı ən amansız intihar növünə əl atmağa vadar etdi.

Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bizə heç vaxt bu şəkildə qazanmadığımız qalibiyyət dolu Zəfəri yaşadan, dövlətimizi qibtə ediləcək ölkələr sırasına qaldıran, düşmən qarşısında əyilmiş qamətimizi dikəldən “canlı şəhid”lərimizdən olan düşmənlərimizin qorxulu yuxusuna çevrilən Elvin Cəfərov kimi Qarabağ qazimizin intiharı hansı səbəblərdən olursa-olsun qəbuledilməz, sözlə ifadə olunması və ya iş işdən keçəndən sonra təsəlliverici xoş sözlərlə kimə, kimlərəsə bəraət qazandıracaq hal deyildir. Birmənalı olaraq Elvinin intihar etməsində aidiyyəti nazirindən, icra başçısından tutmuş onun son sözlərini sosial şəbəkələrdə sonradan edəcəyi “şok paylaşıma” görə “layk” qazanmasından ötrü soyuqqanlıqla videolentə alan sıravi vətəndaşına, eyni zamanda bu kimi hadisələrdən özünün çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd edən “müxaliflər”, jurnalistlər, youtuber, bloqgerlərə qədər hamı və o cümlədən bütövlükdə cəmiyyətin hər bir fərdi günahkardır. Ona görə ki, şəhid və qazi qardaşlarımızın qanı-canı bahasına azad olmuş, bütövləşmiş bu torpaqlarda  sərbəst, təhlükəsiz, qürurlu xalqın qələbə sevincini doya-doya yaşayaraq gəziriksə, o insanlara borcluyuq. Onlar Vətən, torpaq, millət məsələsi gündəmə gələn kimi bütün şəxsi istəklərini arxa planda qoyub könüllü şəkildə döyüşə atılmadılar ki, müharibənin od-alovundan keçməklə ya canlarını, ya da sağlamlıqlarını itirərək geri qayıdandan sonra özlərinə və ailə üzvlərinə olan maddi və mənəvi diqqətsizlikdən və ya şəxsiyyətlərinə edilən həqarətdən yarımcanlarına qəsd etsinlər.

Heç kim, heç kəs inkar edə bilməz ki, bu gün ortada Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidailə üzvlərinə və qazilərimizə yüksək diqqət və qayğısı vardır. Mərhələli şəkildə nə qədər şəhid ailəsi mənzillə, avtomobillə təmin olunub, neçə qazimiz müalicə üçün xarici ölkələrə göndərilib, birdəfəlik yardımlar verilib, bütün bunlar bu ölkənin ancaq və ancaq birinci şəxsinin diqqət və qayğısının bariz nümunəsidir. O, elə bir yüksək səviyyəli beynəlxalq, respublika əhəmiyyətli tədbir olmasın ki, orada Böyük Zəfəri bizlərə yaşadan şəhidlərimizdən, qazilərimizdən söz açmasın. Dövlət başçısı işğaldan azad olunan törpaqlara hər bir səfərində şəhid və qazilərimizi böyük ehtiram və minnətdarlıqla yada salır, özünün yüksək səviyyəli liderliyi və səriştəliyi ilə əldə olunan Qələbəni yalnız şəhid və qazilərimizin adı ilə bağlayır. Sözü və əməli davranışları ilə əyani nümunə yaratmaqla, bütün məmurlara da tövsiyə edir ki, şəhid və qazilərimiz bir an belə unudulmamalı, diqqətdən kənarda saxlanılmamalıdır. Deməli, aidiyyəti qurumların vəzifə sahiblərinə sadəcə ölkə rəhbərinin tapşırıq və tövsiyələrini operativ yerinə yetirmək qalır. Daha Prezident hər bir şəhid ailəsi və ya Qarabağ qazisinin düşündürən adi mənzil-məişət problemi ilə məşğul olası deyil. Təkcə məmurlar, millət vəkilləri, yerli idarəetmə orqanlarının təmsilçiləri deyil, olduğu sahələrdə hər bir səlahiyyət, söz sahibləri şəhid ailə üzvlərinin, qazilərə həssaslıqla yanaşıb, onları lazım gələrsə saatlarla dinləyə bilməli, şəxsiyyətlərinə sığışdırıb dilə gətirə bilmədikləri problemləri öyrənib, həllinə yardımçı olmalıdır. Hətta bəzi hallarda qanunlarımızın əleyhinə olsa belə, onların mənafeyi naminə xeyrxah addımları atmaqdan çəkinməməlidir. Necə ki, bu günlərdə icraçı direktoru olduğum Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna həyat yoldaşının doktoranturaya bərpa olunması ilə xahişi müraciət edən, razılığını almadığım üçün adını çəkə bilmədiyim bir Qarabağ qazimizin məsələsinin həllinə nail olduq. Çünki xanım təhsil müddətində ailə vəziyyəti ilə bağlı instituta gələ bilmədiyi və ali təhsil müəssisəsində çalışdığı üçün ərizə ilə müraciət edib öz xahişi ilə doktoranturadan kənarlaşdırılmış və üzərindən uzun bir müddət keçmişdir. Mövcud qanunvericiliyə görə, həmin şəxsi doktoranturaya təkrar bərpa etmək mümkün deyildi. Bunu bəzi səlahiyyət sahiblərimiz əsas götürüb, prosesi süni olaraq da uzadırdı. Lakin əsas məsələ onda idi ki, xanımın yoldaşı da qazimiz Elvin Cəfərov kimi bütün həlledici döyüşlərdə iştirak etmiş, ağır yaralanmış və böyük psixoloji sarsıntılar almışdı. Həmin qazini qəbul edərkən ən azı 2 saat fasiləsiz dinlədim. Döyüş xatirələrinə qulaq asdıqca, bir anda keçirdiyi mənəvi sarsıntıları yaşamış oldum. Sonda özü etiraf etdi ki, sizinlə bu mövzularda söhbət etmək məni daxilən xeyli yüngülləşdirdi. Əlbəttə, onun yaşadıqlarını, aldığı müharibə sarsıntılarını və ən əsası Vətən yolunda göstərdiyi xidmətləri görməzdən gəlib “qanun icazə vermir” deməklə, dolayısı ilə qazimizin də boynumuzda olan haqqını itirmək olmazdı. Məhz AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun da bu kimi insanlıq amillərinin əsas götürülməsini tövsiyə etməsi ilə yuxarıda haqqında danışdığımız məsələni müsbət həll edə bildik. Bunu danışmaqda institut rəhbərliyini qəhrəman kimi qələmə vermək məqsədindən uzağam. Müşahidələr aparsaq belə müsbət hallara az da olsa rast gəlmək olur. Amma bu məsələdə pərakəndilik yox, kütləvilik olmalıdır. Başqa sözlə, bunu gündəlik həyat tərzimizə çevirməyi bacarmalıyıq. Bu gün bəzi dükanlarda, avtobus maşrutlarında “şəhid ailə üzvləri üçün mal və xidmətlər pulsuzdur!” elan lövhələrində qazilər, müharibə veteranlarının da yer alması heç kəsi kasıb etməyəcək. Özəl lisey, ali təhsil müəssisələrində qazilərin övladlarının da ödənişli təhsil haqlarından azad olunması, bütün səhiyyə xidmətlərinin onlar üçün pulsuz olmasından gözəl nə ola bilər? Bütün psixoloji yardım mərkəzləri, xəstəxanalar, dispanserlər ödənişsiz formada qapı-pəncərələrini qazilərimizin üzünə açmalı idi. Bu, artıq dövlət, dövlətçiliklə bağlı olan iş deyil, mənəviyyat məsələsidir. Dövlət, hökumət bu məsələdə üzərinə düşəni maksimum səviyyədə edib, edir bundan sonra da edəcək. Baxmayaraq ki, dövlətimizin işğaldan azad olunan Liviya böyüklükdə torpaqlarımızda şəhər, rayon, qəsəbə, kəndləri sıfırdan yenidən qurur, dünyada analoqu olmayan layihələr həyata keçirir. Özü də kənardan bir manat almadan, hamısı daxili imkanlar hesabına edilir. Hər şeyi dövlətdən gözləməməliyik. Xalq və millət olaraq bu məsələlərdə də bir olmağımız gərəkdir. Axı, bu birliyin ən gözəl nümunəsini 44 günlük müharibə ərzində yarada bilmişdik. Təqaüdçü aylıq təqaüdünü, kəndçi bağ-bağçasında minbir əziyyətlə yetişdirdiyi meyvəni, qəssab kəsdiyi heyvanın ətini, ana-bacılarımız sırıdığı yorğan-döşəyi, qız-gəlinlərimiz toxuduğu yun corabı, isti şarfı və daha nələri cəbhəyə, əsgərə göndərməklə xalq-ordu birliyinin ən gözəl mənzərəsini yaratmadıqmı? Sonra o görüntüləri videolentə alıb sosial şəbəkələrdə paylaşmaqla, bütün diqqətləri özümüzə çəkmədikmi? İndi həmin birliyin ikiqatına ehtiyacımız var. Cəmiyyət olaraq şəhid və qazilərə yanaşmanı kökündən dəyişməliyik, dəyişdirməliyik. Onlar bizim xilaskarımızdırsa, niyə də onlara qarşı həsasslıq nümayiş etdirməyək?

Ən əsası şəhid və qazilərimizə böyük qardaşlarımız türklər kimi yüksək münasibət sərgiləməyi bacarmalıyıq. Elə türk komutanın dillərə dastan olan deyimindəki kimi QAZİ qəza ilə Vətən, millət, torpaq, bayraq, sancaq üçün savaşan özündən sonra bəlkə də adını da belə bilmədiyi gənc nəsillər uğrunda əlini, qolunu, qulağını, gözünü verən kişidir. Və biriləri həmin qaziyə söz qalsın bir yana, əl belə qaldırır. Bizim üçün savaşanlara biz sahib çıxmasaq, əlini tərpədə bilməyənlərə əl olmasaq, yürüyə bilməyənə ayaq olmasaq, danışa bilməyənə dil-dodaq, görə bilməyənə göz olmazsaq onlara kim sahib çıxacaq? İnanın ki, bunun əksi dövlət qarşısında cinayət, Uca Yaradan qarşısında günahdır. Qalan qazilərimizi Allah qorusun! 

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru, dosent