Bu neft kəmərinin istismara verilməsindən 16 il ötür
İyulun 13-də Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tam istismara verilməsindən 16 il ötür. Bu müddətdə kəmər ilə 518 milyon ton neft nəql olunub ki, onun da 463 milyon tonu Azərbaycanın payına düşüb. Qeyd edək ki, hazırda Azərbaycandan BTC boru kəməri ilə «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun nefti və «Şahdəniz» yatağından kondensat nəql olunur. Bundan əlavə, bu boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan da neft nəql edilir.
Kəmərin təntənəli açılış mərasimi 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində keçirilmişdir. Bununla da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin sentyabrın 20-də nüfuzlu beynəlxalq neft şirkətləri ilə imzalanan möhtəşəm «Əsrin müqaviləsi» öz məntiqi nəticəsinə qovuşdu. Bu gün «Azəri-Çıraq-Günəşli» neft yataqlarından hasil olunan Azərbaycan nefti məhz bu kəmərlə dünya bazarlarına ixrac edilir. Prezident İlham Əliyev BTC-nin açılış mərasimindəki çıxışında deyib: «Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmışdır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı».
Bir daha qeyd etmək lazımdır ki, BTC «Əsrin müqaviləsi»nin mühüm tərkib hissələrindən biridir.Ulu Öndər bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq BTC əsas ixrac neft boru kəməri ideyasını irəli sürmüşdür. Təbii ki, bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq Ulu Öndərin qətiyyəti və gərgin əməyi sayəsində bu layihə uğurla başa çatmışdır. Belə ki, 1999-cu ilin noyabrın 18-də ATƏT-in İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı Bəyannamə imzalanmışdır. Bununla da BTC layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılmışdır. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparılmışdır.
Ulu Öndər 2002-ci il iyulun 30-da «Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında» Fərman imzalamışdır. Fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
2002-ci il sentyabrın 18-də isə Bakıda, Səngəçal terminalının ərazisində Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulmuşdur. 2003-cü ilin fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verilmişdir. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirilmişdir. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin icrası ilə şəxsən maraqlanmış, davamlı olaraq tikinti işləri ilə tanış olmuşdur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırılmışdır. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başlamışdır. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmışdır. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker buradan yola salınmışdır. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına BTC əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Bununla da Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanı dünya ilə birləşdirən möhtəşəm layihəyə çevrilmişdir.
Beləliklə, Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli üçün əlverişli imkan yaranmış, eyni zamanda, ölkəmizin tranzit potensialı bir neçə dəfə artmışdır. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu isə 443 kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon bareldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.
Bu gün Rusiya-Ukrayna müharibəsi ilə bağlı Avropada kəskin enerji böhranı yaranıb. Məhz belə bir şəraitdə Heydər Əliyev adına BTC-nin beynəlxalq əhəmiyyəti daha da artıb. İndi biz dünyanı öz neft və qazımızla təmin etməklə şərtlər diktə edən qüdrətli dövlətə çevrilmişik. Artıq dünya bizimlə hesablaşır. Eyni zamanda, bu da bir reallıqdır ki, regiondakı bütün qlobal enerji layihələrinə də sahiblik məhz Azərbaycan dövlətinə məxsusdur.
Elçin Zaman, «İki sahil»
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb