"Qəbələ” dörd futbolçu - yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edilib ki, 2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandamıza qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə “qırmızı-qara” forma geyinən Kamal 15, qışda komandamıza qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.
“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.