12 iyul 2022 10:18
970

“Ərkivan” futbol komandasının qələbəsi

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı sayəsində baş tutan  ölkə çempionatı  öz maraqlı oyunları ilə azarkeşlərin  yaddaşına yazıldı. Həvəskar komandalar arasında keçirilən XXIII ölkə çempionatın  qalibi adını isə  Masallı rayonunun “Ərkivan” futbol klubu qazandı. Masallılar mövsüm ərzində bütün oyunların qalibi olublar. Bu da rayonun idman həyatında böyük bir nailiyyət sayıla bilər.

 Çempionatın final qarşılaşması “Ərkivan” (Masallı) futbol klubu ilə “Mübariz”(Bakı) komandası arasında keçirildi. Rəqiblər Bakı şəhərindəki “Dalğa-Arena” stadionunda yaşıl meydançaya çıxıblar.  Çoxlu  idman həvəskarın izlədiyi, gərgin mübarizə şəraitində keçən yarışın İlk yarım hissədə qapılara top vurulmadı. İkinci hissənin ilk dəqiqələrində bakılıların vurduğu qol oyunun gedicini dəyişdirdi.  Masallı idmançıları isə  bərabərlik qolunu  yarışın  başa çatmasına son dəqiqədə  rəqibin qapısından keçirə bildilər.  Beləcə də əsas hissə 1:1 hesabı ilə yekunlaşdı. Əlavə vaxtda üstünlüyü ələ alan “Ərkivan” FK son nəticədə möhtəşəm qələbəyə imza atdı – 1:3. Qalib komandada  qollara  gəldikdə futbolçulardan Əflatun Məmmədov iki, Asəf Həşimov isə bir dəfə rəqibi meydançanın mərkəzinə dəvət  ediblər.

 Çempionatda ən çox top vuran da  “Ərkivan”  futbol klubunun  üzvü Əflatun Məmmədov  olub.  O, çempionat ərzində öz hesabına 20 qol  yazıbdır.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü