06 iyul 2022 23:12
881

Azərbaycan-ABŞ: strateji müttəfiqlik güclənir

İki dövlət arasında əlaqələrin möhkəmlənməsi Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxı­mından mühüm əhəmiyyət kəsb edir

Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələrindən biri olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Həmçinin rəsmi Vaşinqton da Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

ABŞ Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımış, diplomatik münasibətlər 28 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Los-Anceles şəhərində Baş Konsul­luğu, Yeni Meksika ştatının mərkəzi Santa Fe şəhərində fəxri konsullu­ğu mövcuddur. 1994-cü ildə “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycan “Şevron”, “Eksson”, “Amoko” və “Mo­bil” kimi tanınmış neft şirkətləri ilə ha­silata dair bağlanmış 4 saziş ölkəmizə investisiya axınını gücləndirməklə yanaşı, iqtisadi əlaqələri daha da genişləndirmişdir. Ümumilikdə, indiyədək Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasın­da 86 sənəd imzalanmış və geniş­miqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.

İyirmi beş il əvvəl Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında Sərəncam imzala­mışdır. Xəzər dənizinin enerji ehtiyat­larının mənimsənilməsində, neft və qaz ehtiyatlarının emalı və nəqlində Amerika neft şirkətlərinin geniş işti­rakı, ölkələr arasında enerji siyasəti və kommersiya məsələləri üzrə rəsmi dialoqun yaradılması yüksək qiymətləndirilmiş, eyni zamanda, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olmuş­dur.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. Burada əsas amillərdən biri gənc, müstəqil Azərbaycanın yürütdüyü azad və balanslaşdırılmış xarici siyasət kursunun seçilməsi sayıla bilərdi. Eləcə də, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə “907-ci düzəliş”in dondurulması rəsmi Bakı ilə Vaşinqton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi.

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə,  şaxələnməsinə mühüm töhfə verən ən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin  xalqımızın milli bayramlarında,  o cümlədən Müstəqillik Günündə dövlət başçımız İlham Əliyevə  göndərdiyi təbrik məktubları qarşılıqlı əməkdaşlığın 30 illik uğurunun ifadəsidir. ABŞ Prezidenti Co Baydenin son 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu  bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək vurğulayırlar ki, davamlı tərəfdaşlıq və əməkdaşlığa hər zaman sadiqdirlər.

Prezident İlham Əliyev  amerikalı həmkarına ünvanladığı məktubda qeyd edib ki, 30 ildir  Azərbaycanla ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Azərbaycan ilk gündən müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyət məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirilən irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətin əsas amillərindəndir: "Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır".

Məktubda Ermənistanın işğalından azad edilən ərazilərin minalardan təmizlənməsinə yardım edən ABŞ-ın   Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində  ölkəmizə dəstək göstərəcəyinə ümid ifadə edilir. «Əminəm ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir» sözləri qarşıdakı illərdə də davam etdiriləcək əməkdaşlıq üçün əlavə perspektivlər olacaq.

ABŞ Prezidenti Cozef Baydenin 28 May- Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktub da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının təcəssümüdür. Məktubda Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynaması, Azərbaycanın terrorizmə qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələrin təqdir edilməsi, ABŞ-ın Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olması, hazırkı dövrdə cərəyan edən proseslərin mürəkkəb xarakterini nəzərə almaqla Amerikanın Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etməsi öz əksini tapıb. Bu isə o deməkdir ki, beynəlxalq səviyyədə haqqın- ədalətin qələbəsi kimi qiymətləndirilən İkinci Qarabağ müharibəsindəki Zəfərimiz ABŞ tərəfindən də dəstəklənir. ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib addım hesab edir və bunu alqışlayır. Yəni, ABŞ Azərbaycanın hansı risklər və çətinliklər hesabına Ukraynaya dəstək verdiyinin fərqində olduğunu və ölkəmizin bu cəsarətli addımını, beynəlxalq hüquqa sadiqliyini yüksək qiymətləndirdiyini bildirir.  Məktubdan o da aydın olur ki, ABŞ Azərbaycanın regionda yaratdığı reallıqları, eyni zamanda, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu, ABŞ-ın ölkəmizlə münasibətlərə verdiyi yüksək önəmdən və Azərbaycanın Cənubi Qafqazdakı aparıcı mövqeyindən, qarşıdan gələn illər və onilliklərdə ABŞ-ın Azərbaycanla münasibətləri daha da genişləndirmək niyyətində olmasından xəbər verir.

"Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə evsahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir". ABŞ Prezidentinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alan bu fikirlər isə bir daha təsdiq edir ki, Ağ ev strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn əlaqələrin daha da gücləndirilməsində maraqlıdır.

Co Bayden vurğulayıb ki, Azərbaycan regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin davamlı addımlarını alqışladığını bildirən Co Bayden əməkdaşlığa yüksək dəyər verdiyini də qeyd edib. 

Göründüyü kimi, dünyanın super dövləti olan ABŞ Prezident İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir. Qalib Komandan kimi bölgədə sülhün bərqərar olunmasını, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan dövlət başçısı İlham Əliyevin təklifləri Avropa İttifaqı, BMT ilə yanaşı, ABŞ tərəfindən də təqdir edilir. ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılmasında, əlbəttə ki, ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı addımlar da mühüm rol oynayıb. Digər tərəfdən ölkəmizin Avropanın enerji təchizatı sahəsində əhəmiyyətli rolu  Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən faktorlardandır.

Deyilənlər əsasında bu qənaətə gələ bilərik ki, iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxı­mından çox böyük əhəmiyyət kəsb edir.

Yaqut Ağaşahqızı, “İki sahil”