Dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Strateji əhəmiyyəti ondan ibarətdir ki, buradakı bərpa-quruculuq işləri təhlükəsizlik baxımından böyük önəm kəsb edir. Ölkə başçısının Kəlbəcərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da iştirak etməsi o deməkdir ki, regionun təhlükəsizliyi daim dövlətimizin xüsusi diqqətində saxlanılır. Azərbaycan Ordusunun Komando hərbi hissələrinin sayı artırılır və bu addım birmənalı olaraq regionda hökm sürən geosiyasi şəraitin tələbi olaraq atılır. Azərbaycan Ordusu qazandığı uğurlarla kifayətlənmir. Ali Baş Komandanın rəhbərliyi ilə müasir ordu quruculuğu prosesi sürətlə davam etdirilir. Ordumuzun qüdrətinin artması isə sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi deməkdir. Sərhədyanı ərazilərimizdə yaradılan komando hərbi hissələrinin açılışını potensial təhlükələrə qarşı gözdağı kimi də qiymətləndirmək mümkündür. Bununla yanaşı, yeni yaradılan hərbi hissə Ermənistanla sərhəd ərazidə ordumuzun mövqelərini daha da möhkəmləndirir.
Laçında inşa ediləcək Beynəlxalq Hava Limanı, Kəlbəcərdə reallaşacaq vacib infrastruktur layihələri yenidənqurma proseslərinin geri dönməziliyini göstərən meyarlardır. Laçın və Kəlbəcər rayonları Azərbaycanın mühüm turizm zonasına çevriləcək. Laçında Beynəlxalq Hava Limanının açılması həmin regionda turizmin inkişafına xüsusi təkan verəcək. Bu, o deməkdir ki, regionda gedən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Azərbaycan bərpa və quruculuq işlərini davam etdirir. Dövlət başçısının da vurğuladığı kimi, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.
Ölkə başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri bu məkandan işğalçı Ermənistana ünvanlanan mesajlarla diqqətdə oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan tərəfi təxribata əl atsa da, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərini həll etməsə də, biz hərtərəfli öz problemlərimizi həll etməyə çalışırıq və müharibə fazasının başa çatdığını dünyaya bəyan edirik. Biz quruculuq işləri ilə məşğuluq.
Dövlət başçısı İlham Əliyevin sözügedən səfərindəki ən əsas məqsəd “Böyük Qayıdış” planına nəzarət etməsidir. Azərbaycanın məqsədi sülh və stabillikdir. Prezident bölgədə sabitliyi yaratmaq üçün zəruri addımlar atdığını və bundan sonra da atacağını göstərib. Bununla yanaşı o, dəmir yumruğun yerində olduğunu qeyd edib. Ölkəmizin kifayət qədər gücü var ki, istənilən təxribata layiqincə cavab versin.
Səfər zamanı ölkə başçısı Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. İşğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi də xüsusi əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısı bu şirkətlərin iki yolu olduğunu bildirdi: ya təzminat ödəməlidirlər, ya da beynəlxalq məhkəməyə veriləcəklər. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.
Bunlarla yanaşı, dövlət başçısı Azərbaycanın strateji hədəfləri, perspektivə baxışı və çoxşaxəli fəaliyyət istiqamətləri ilə əlaqədar dəqiq məsələlərə toxundu. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin Böyük Qayıdışı ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı. Dövlət başçısının səsləndiridiyi bütün fikirlər iradənin, əzmin və prinsipial mövqeyin ifadəsidir.
Röya Rasimqızı, “İki sahil”
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb