İyirmi illik fəaliyyəti dövründə azərbaycançılıq ideyasına sadiq qalan, milli məfkurənin təbliğində uğurlu addımlar atan Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesində zəngin təcrübə, tarixi nailiyyətlər qazanmışdır
İyirmi illik yubileyi qeyd olunan diaspor hərəkatı dünya azərbaycanlılarının birlik və həmrəylik təşkilatı kimi vəzifəsini əzmlə yerinə yetirir. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyev ölkəmizin üzləşdiyi ən çətin məqamlarda xalqın birliyinə arxalanaraq suverenliyimizi istəməyən daxili və xarici qüvvələrə qarşı mübarizədə müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın bir amal ətrafında birləşməsinin aktuallığını nəzərə alaraq ilk mərhələ kimi, kiçik coğrafiyanı əhatə etsə də müəyyən işlərin vacibliyini uzaqgörən siyasəti ilə dərk etdi. Bu hərəkatın tarixinə nəzər salınsa 50 milyonluq xalqımızın milli birlik və həmrəylik rəmzi olan təşkilatlanma təşəbbüsünün müəllifinin ulu öndər Heydər Əliyevin olduğu təsdiqlənər.
… Naxçıvan MR Ali Məclisinin 9 dekabr 1991-ci ildə keçirilən sessiyası təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası üçün əlamətdar hadisə kimi tarixə yazıldı. Muxtar respublika Ali Məclisinin Sədri Heydər Əliyevin iştirakı ilə keçirilən həmin sessiyada Naxçıvanla Cənubi Azərbaycan arasında SSRİ-İran dövlət sərhədindəki tikanlı məftil qurğularının söküldüyü 1989-cu ilin 31 dekabr tarixinin Dünya Azərbaycan türklərinin milli həmrəylik günü kimi dövlət səviyyəsində qeyd edilməsi barədə təklif irəli sürüldü. 1990-cı ilin noyabrın 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan –Türk Dərnəkləri qurultayı isə «Sərhəd hərəkatı»nın real nəticəsi, milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Həmin qurultayda qəbul olunan qərarda 31 dekabr gününün hər il geniş qeyd olunması zərurəti irəli sürüldü.
Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunan qərarın birinci bəndində qeyd edilmiş «31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin» sözləri ilə türk birliyinin, disapor hərəkatının təməli qoyuldu. «Bu gün biz qürur hissi ilə qeyd edə bilərik ki, bu bayramın əsası məhz Naxçıvanda qoyulmuşdur. Üç il bundan öncə Naxçıvanda sərhəd qurğularının aradan götürülməsi ilə Arazın hər iki tayında yaşayan azərbaycanlıların biri-birinə qovuşmasının, 70 illik həsrətin aradan qalıdırılmasının əsası qoyulmuşdur» («Şərq qapısı» qəzeti, 6 yanvar 1993-cü il) söyləyən muxtar respublika Ali Məclisin Sədri Heydər Əliyev «Sərhəd hərəkatı»nı müstəqilliyimizin əbədiliyi naminə atılan tarixi addım hesab edərək bildirmişdir: «Bu yol böyük yoldur Azərbaycan xalqı nəyin bahasına olursa –olsun bu yolla getməlidir. Bunun üçün də dünya azərbaycanlılarının həmrəyliyi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bizim bu həmrəyliyə böyük ehtiyacımız var.»
Düzdür, ötən əsrin sonuncu onilliyində, xalqda milli özünüdərkin gücləndiyi bir zamanda SSRİ-nin dövlət sərhədi boyunca çəkilmiş tikanlı məftillərin sökülməsi ilə başlanan aksiyalar kommunist rejimi tərəfindən ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirilsə də «Sərhəd hərəkatı» dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar tərəfindən xalqımızın milli təfəkkürünün oyanışı, özünüdərki kimi dəyərləndirildi.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir» söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi. Təşkilatlanma işlərinin sürətlənməsi üçün qarşıda duran vəzifələri diqqətə çatdıran Ulu Öndərin « Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar» ideyasına sadiqliyini «Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha da güclü olsun» sözləri ilə doğruldan Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan xalqı böyük xalqdır. «Biz 50 milyonuq. Bu dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var- Azərbaycan.»
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə təşkilatlanma prosesinin sürətlənməsi, müəyyənləşdirilmiş konsepsiyaya uyğun planlı şəkildə təkmilləşdirilmə ilk addımlar olsa da, uğurlar bu təşəbbüslərin etibarlı təməl olduğunu təsdiqlədi. Sonrakı illərdə keçirilən Dünya Azərbaycanlılarının qurultaylarının, Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin Forumlarının təşkilində də məqsəd türk dünyasını əhatə edən lobbiçilik fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə eyni ideologiya ətrafında sıx birləşmək idi. Bu birliyin lokomotivi isə Türkiyə –Azərbaycan qardaşlığı, türkdilli xalqların diaspor hərəkatının sarsılmazlığı idi.
Artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»nin mövcud olduğu 30 ildə, Vətən müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanla bir olduğunu rəsmi bəyanatları ilə bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, İslam Əməkdaşlıq Təşkilatının xalqımızla həmrəyliyi türk və islam dünyasının sarsılmazlıq nümunəsi olmaqla ortaq dil, ortaq əlifba ideyalarının reallaşması üçün göstərilən səyləri bir məqsəd naminə birləşdirdi. Türk Dövlətləri Parlament Assambleyasının yaradılmasında da təbii ki, əsas tərəf kimi Azərbaycan -Türkiyə dostluğuna böyük önəm verildi. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması bu fədakarlığa verilən yüksək qiymət idi. Ali Ordenin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilməsi isə Türkiyə-Azərbaycan qardaşlığının təzahürüdür.
Artıq yaranmasının 20 ili arxada qoyan Komitənin inkişafında və daha səmərəli fəaliyyət göstərməsində böyük xidmətləri olan Prezident İlham Əliyevin
müvafiq Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Eyni zamanda, bu gün Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məqsəd vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafına, qüvvələrin ümumi məqsəd naminə birləşdirilməsinə, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olmasına şərait yaratmaqdır. Bu plan həm COVID 19 pandemiyası, həm də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib. Təşkilatlanma prosesində gənclərin fəallığının artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılıb. Həmçinin 2020-ci ildə Nazirlər Kabineti tərəfindən «Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası» təsdiq olunub. Komitə ilə əlaqənin asanlaşdırılması məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum «Elektron hökumət» portalına inteqrasiya olunub.
Bu ilin aprel ayında Ermənistan üzərində tarixi Qələbəmizdən sonra mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayı xalqımızın birlik və həmrəyliyinin daha bir nümunəsi oldu. Qurultaydakı nitqi ilə Zəfərimizi 50 milyonluq Azərbaycan xalqının yenilməzlik rəmzi adlandıran Prezident İlham Əliyev bildirdi ki, bundan sonra azərbaycanlılar müzəffər xalq kimi əbədi yaşayacaqlar: «Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.»
Xarici ölkələrdə yaşayan soydaşlarımız İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə doğma Azərbaycana dəstək göstərmiş, erməni radikal qyvvələrinin xaricdə ölkələrdə yaşayan soydaşlarımıza qarşı təzyiqlərinin qarşısı milli birlik sayəsində alınmışdır. «Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün» sözləri ilə soydaşlarımıza tövsiyələrini də bildirən, xarici ölkələrdə yaşayan həmvətənlərimizi böyük qüvvə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdən kənarda Azərbaycanın maraqlarının müdafiə edilməsi dövlətimizi daha da gücləndirir. Ermənistan üzərində Qələbəmizin müjdəsini diaspor hərəkatının müəllifi Ulu Öndərə «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə bildirən Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən söyləydiyi «Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!» sözlərində də dünya azərbaycanlılarının birlik və həmrəyliyinin sarzılmazlığı ifadə olunur.
Türk birliyinin ən böyük Zəfəri isə Zəngəzur dəhlizinin bərpası olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb