KÖŞƏ

Mahir Rəsuloğlu

Atalar üçdən deyib?..

24 may 2022 01:56
1638

Belçika paytaxtından əhəmiyyətli irəliləyiş mesajı Azərbaycan ilə Ermənistan arasında danışıqlarda konkret nəticələrə ümid yaradır

Əminliklə söyləmək olar ki, mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında reallaşan son altı ayda sayca üçüncü görüş əvvəlkilərlə müqayisədə daha məhsuldar keçdi. Elə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin onun təşəbbüsü ilə baş tutan növbəti görüşün yekunları haqqındakı bəyanatı da 5 saatdan artıq davam etmiş gərgin müzakirələrdə əhəmiyyətli irəliləyişdən xəbər verir. Bəyanatda davamlı sülhə aparan yolda etimad mühitinin yaradılmasına mane olan və hər iki ölkəni narahat edən məsələlərin bütün incəliklərinə qədər müzakirə olunduğu və razılıq əldə ediliyi öz əksini tapıb. Bu isə növbəti mərhələdə konkret addımların atılmasına real şəraitin yarandığını göstərir. Bəs başa çatmış müharibənin və münaqişənin qalib tərəfi olan Azərbaycan danışıqlar masasında növbəti qələbəsini qazana bildimi? Ermənistanda əldə edilmiş razılaşmlardan niyə bu qədər təşvişə düşüblər?

Əvvəlcə xatırladaq ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bundan əvvəl 2021-ci il dekabrın 14-də və aprelin 6-da baş tutmuş üçtərəfli görüşlərdə də müəyyən razılıqlar əldə edilmişdi. Bu baxımdan Ş.Mişelin son görüşün nəticələri haqqındakı bəyanatını proseslərin davamı və məntiqi nəticəsi hesab etmək olar. Ən mühümü isə iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən təqdim olunmuş beynəlxalq hüquqa əsaslanan 5 prinsip də məhz bu formatda görüş zamanı erməni baş nazir tərəfindən qəbul edilmişdi.

Bəyanatda sərhəd məsələləri, kommunikasiyaların açılması, sülh müqaviləsi və sosial-iqtisadi inkişaf mövzularında nail olunmuş nəticələr yer alıb. Belə ki, əldə olunmuş razılığa əsasən, sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Həmin iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Bu müddəanın gerçəkləşməsi xüsusilə son zamanlar Ermənistanın silahlı qüvvələri tərəfindən dövlət sərhədimiz istiqamətində atəşkəsin tez-tez pozulması fonunda sabitliyi təmin etmək baxımından vacib addımdır. Komissiyaların sərhəddə görüşmələri isə praktiki addımların atılması imkanlarını daha da artırır.

Görüşdə əldə edilmiş növbəti razılaşma nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti ilə bağlıdır. Razılaşmaya Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər də daxildir ki, bu, gələcəkdə müəyyən redaktələrlə “Zəngəzur dəhlizi”nin reallaşması deməkdir. Müzakirələrdə xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə də razılıq əldə edilib və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

Ermənistanda istər Şimal qonşumuz olan Rusiyadan, istərsə də Qərbdən gələn çağırışların sülh müqaviləsi yönündə olduğunu artıq başa düşüblər və Nikol Paşinyan bu prosesdən qaçmağın mümkünsüz olduğunu, əksinin ölkəsinə gətirəcəyi fəlakətləri yaxşı dərk edir, bu istiqamətdə addımlar atmaqda maraqlı görünür. Odur ki, Brüssel görüşünü, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirələrin növbəti raundu kimi də qəbul etmək olar. Əldə edilmiş razılığa əsasən, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.

Görüşdə, həmçinin Aİ-nin tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafın təşviqinə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyi razılaşdırılıb. Ş.Mişel əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğulayıb və Aİ-nin bu prosesə öz dəstəyini gücləndirməyə hazır olduğunu bəyan edib.

Əldə edilmiş razılaşmalardan da göründüyü kimi, Azərbaycan Brüssel görüşündə onun maraqlarını təmin edən bütün hədəflərə nail olub və döyüş meydanında olduğu kimi, danışıqlar masasından da qalib ayrılıb. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ermənilərin, əsasən də Paşinyanın sülh siyasətinin əleyhinə çaxan “müqavimət”çi revanşistlərin son ümidləri puç oldu. Aİ Şurası Prezidentinin bu mövzuda yalnız “Qarabağ regionunda etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır” ifadəsi işlətməsi dolayısı ilə həmin ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etmələrinin başqa alternativinin olmadığı deməkdir. Təsadüfi deyil ki, artıq çox aydın görünən bu reallıq erməni mətbuatında “Şarl Mişelin ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğu barədə bəyanatı Azərbaycanın “Artsax xalqının” Azərbaycan vətəndaşları olması ilə bağlı bəyanatı ilə üst-üstə düşür” kimi təqdim və şərh edilib. Bu, həm də Azərbaycanın yaratmış olduğu reallıqların qəbul edilməsinin ermənilərin özləri tərəfindən etirafıdır. Revanşistləri təşvişə salan da məhz budur. Onların xülyaları müharibə istəməyən erməni xalqının binalardan nümayişçilərin başlarına atdıqları yumurtalar kimi dağılır...