23 may 2022 01:55
601

Voleybolçularımız slovakiyalı həmyaşıdlarına məğlub olub

Bu gün 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının II təsnifat mərhələsində sonuncu oyununu keçirib. E qrupunda yer alan yığmamız Kosovoda keçirilən seçmə mərhələnin son matçında Slovakiya yığması ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:16 hesabı ilə qalib gələn Slovakiya millisi sonrakı hissələri də aktivinə yazıb - 25:21, 25:13. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

 Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə start verən millimiz, son çıxışında məğlub olub.  Beləliklə, 3 görüşdən sonra 3 xal toplayan komandamız qrupu 3-cü pillədə bitirib.

Yığmamızın yer aldığı E qrupunun birincisi bu gün ev sahibinə 3:0 (25:17, 25:19, 25:15) hesabı ilə qalib gələn Niderland yığması olub. Niderland millisi 9 xalla birinci, Slovakiya 6 xalla ikinci, Azərbaycan 3 xalla üçüncü və oyunları xalsız başa vuran Kosovo millisi isə turnir cədvəlində sonuncu olub.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada  keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2021-in II təsnifat mərhələsi

E qrupu

20 may

Azərbaycan - Kosovo 3:0 (25:22, 25:20, 25:21)

21 may

Niderland - Azərbaycan 3:1 (21:25, 25:23, 25:18, 25:21)

22 may

Azərbaycan – Slovakiya 0:3 (16:25, 21:25, 13:25)